• 11 May 2024
logo
Generalın müəmmalı qətli: əsl sifarişçi kimdir və İran tələyə düşəcəkmi?

Generalın müəmmalı qətli: əsl sifarişçi kimdir və İran tələyə düşəcəkmi?

Proseslər İraqa niyə daşındı?

İranlı general Qasım Süleymaninin öldürülməsi Yaxın Şərqlə bağlı bir çox maraqlı məqamları ön plana çıxardı. Bunlardan biri İranın Yaxın Şərqdə əslində nə qədər güclü olmasıdır. İran rəsmi olaraq İraqda, yaxud Suriyada olmasa belə, çox rahatlıqla vəziyyəti gərginləşdirə bilər. Təkcə İraqda İranın nəzarətində olan 700 min nəfərlik şiə qruplaşmasının varlığı buna əyani sübutdur.
Qasım Süleymaninin niyə öldürülməsi müzakirə olunarkən biz, səbəblərdən daha çox detallar üzərində analizlər aparırıq.
Məsələn, ekspertlər hesab edirlər ki, Süleymani İraqda Amerikanın planlarına müdaxilə və ABŞ səfirliyinə hücumu təşkil etdiyi üçün öldürüldü.
Səfirliyə hücum ABŞ-ın qırmızı xətti idi və buna görə də İrana xəbərdarlıq edildi və s...
Eyni zamanda Süleymaninin artan nüfuzundan narahat olan İranın daxilində olan qrupların da bunda maraqlı olmasını istisna edənlər az deyil.
Süleymaninin öldürülməsi ilə İranın Yaxın Şərqdə fəaliyyətinə zərbə vuruldumu? Onu əvəz edən və İranın planlarını axsatmadan icra edən hərbçilər yoxdurmu? Təbii ki, Amerika bunu hər kəsdən yaxşı bilir və təhlil edir.
Belə olan tədqirdə Süleymani niyə öldürüldü?
Bir sıra ekspertlər iddia edirlər ki, Donald Tramp Süleymaninin öldürülməsi əmrini verməyib. Əməliyyatdan sonra məlumat alıb və arzuolunmaz duruma düşməmək üçün əmri özünün verdiyini bildirib.
Amma o da ehtimal olunur ki, Tramp buna məcbur edilib.
İmpiçment məsələsinin gündəmdə tutulması Trampa qarşı daxili təzyiq vasitəsinin olduğu bəlli idi. Bunun Trampı İrana qarşı sərt davranmağa məcbur etmək üçün bir vasitə olduğu ehtimalı da nəzərdən qaçırılmamalıdır. İmpiçment məsələsinin yaxın zamanlarda gündəmdən çıxarılacağı halda bu ehtimal özünü doğruldacaq.

Ssenari müəllifi olan güc: məqsəd nədir?

Bütün bu olayların əsas müəllifinin “qiyamət” ssenarisinin müəllifləri və “vəd edilmiş torpaqlar” ideologiyasına xidmət edən qrupların olduğu daha çox inandırıcıdır.
Bu ssenari Suriyada baş tutmadı. Rusiya və İranın Əsədə dəstəyi ilə bu oyun pozuldu. Türkiyənin hərbi müdaxiləsi isə prosesin Suriyada davam etdirilməsi perspektivini sıfıra endirdi. Bunu əsas götürən Tramp “ordunu Suriyadan çəkirik” deyə açıqlama verdi. Pentaqonun Trampın bu açıqlaması təksib etməsi isə ABŞ daxilində olan qarşıdurmanın, fikir ayrılığının göstəricisidir. Bundan sonra proseslərin davam etməsi üçün daha uyğun Yaxın Şərq ölkəsi lazım idi.
İnanclarına görə, geri addım atmaları müzakirə mövzusu olmayan müəlliflərin prosesləri İraqda davam etdirəcəyi gözləniən idi və bu baş verdi.
Amma proseslərin qarşısıalınmaz məcraya yönəlməsi üçün daha dağıdıcı, qanlı və böyük dağıntılara səbəb olacaq toqquşmalara ehtiyac var ki, bunun üçün İranın prosesə daxil edilməsindən optimal variant yoxdur.
İraqda edilən həmlədə məqsəd ABŞ-İran qarşıdurmasını aktiv fazaya keçirərək qırğınları artırmaq və İraqın tamamilə çöküşünü sürətləndirməklə başladılan prosesi davam etdirməkdir.
Süleymaninin öldürülməsi ilə maraqlı mənzərə yaranıb. Onun qətlinin sifariş verən gücün arzusu İranın müharibəyə səbəb olacaq cavab zərbəsi endirməsidir. Yəni əgər İran ciddi fəsadlarla nəticələnən cavab zərbəsi endirəcəksə, o zaman Süleymaninin qətlini sifariş edənlərin istəyini reallaşdıracaq. Təbii ki, İran böyük və güclü dövlətdir və bunu hesablamamış deyil. Belə olduğu halda İran nüfuzunu qorumaq üçün müharibəyə səbəb olmayacaq cavab zərbələri ilə kifayətlənəcək.

Müharibə üçün risk yaratmayan “hücum”lar

Məsələn İran ABŞ-ın İraqda yerləşən hərbi bazalarına raket hücumu edib. Hücum zamanı Ayn əl Əsəd hava bazasında heç bir amerikalının olmadığını bildirən ABŞ rəsmiləri “Bunkerlərə gedilməsi üçün kifayət qədər vaxtımız oldu” deyib.
Hücumdan əvvəl ABŞ hərbi hissələrinə xəbər verildiyi, İranın bəzi hücumlarının hədəfə çatmadığı qeyd olunub. CNN-ə müsahibə verən ABŞ rəsmisi ordunun hücumdan əvvəl xəbərdar edilməsi üçün kifayət qədər vaxtının olduğunu deyib.
Bu faktor göstərir ki, İran ABŞ-a sərt cavab vermənin qurulan tələyə düşmək anlamına gəldiyini çox gözəl bilir. Bu səbəbdən də bir müddət bu tipli nəticəsiz “hücumlar”la manevrlər edilə bilər.
Belə addımları Hizbullah, Haşdi Şabi kimi qruplarla İraqdan kənarda da həyata keçirməklə, yaxud məsələ nəticəsiz olsa da hüquqi müstəviyə daşınmaqla İrana qarşı həmlələri neytrallaşdırmaq mümkündür.
Proseslər də onu göstərir ki, ən sərt üsullara əl atılsa da İranın münaqişəyə təhrik edilməsi hələ ki, öz nəticəsini verməyib.
İran lideri Əli Xamneyinin Tehranda etdiyi çıxışda mənzərəni aydınladacaq maraqlı detallar yer alıb: “Gecə bunlara bir tərs sillə vuruldu amma bu yetərli deyil. ABŞ-ın bu bölgədəki iştirakı sona çatmalıdır. Xalqın vəzifəsi düşməni düzgün tanımaqdır. ABŞ, sionistlər və dünya imperializmi İranın düşmənləridir. İraq Məclisinin ABŞ-ı qovmaq qərarını alqışlayırıq”. Xamneyi həmçinin bildirib: “Dünyanın gedişatına təsir edildi və böyük dəyişikliklər baş verəcək. Əslində hər şey gözümüzün qarşısında baş verib. Allahın köməyi ilə biz birlikdə bu böyük qüvvəni səfərbər etməliyik. Müqəddəs kitabımız Qurani-Kərimdə deyildiyi kimi, baş verənləri xatirələrimizdən əsla silməməliyik".
Göründüyü kimi İran yaranan situasiyadan daha ağıllı formada yararlanmaq və bu addımı Amerikanın əleyhinə yönəltmək istəyir. Nu baxımdan da hərbi toqquşmalar İranın ziyanına, ABŞ-ın isə xeyrinə işləyir.

Süleymaninin öldürülməsi hansı nəticələrə yol açdı?

1.Generalın öldürülməsi ilə Yaxın Şərqdə vəziyyət yenidən gərginləşdirildi və daha kritik durum yaradıldı.
Əsas hədəf bu idi. Növbəti mərhələ qarşıdurmanın daha təhlükəli məcrada davam etdirilməsidir ki, bunun üçün İran ABŞ hərbi bazalarına ciddi tikilərə səbəb olan ağır zərbələr endirməlidir. Bu İranın öz əli ilə Süleymaninin qətlini sifariş edənlərinin ssenarisini reallaşdırmaq anlamı daşıyır. Təbii ki, İran bunu hesablamamış deyil.
2.İranda sosial narazılıqlar arxa plana keçdi və hökumətdən narazı olan xalqı Amerikaya nifrət birləşdirdi.
Bu İranın maraqlarına xidmət edən faktordur. Amerikanın İranı daxili narazılıqlardan yararlanaraq qarışdırmaq ssenarisini əngəlləyir. Bundan istifadə edən Xamneyinin keçən ilin noyabrında benzin artımından sonra baş verən hadisələrin düşmənlərin planı olduğunu və bu cəhdlərə qarşı ayıq-sayıq olmalı olduqlarını söyləməsi təsadüfi deyil.
3.Seçki öncəsi Trampın reytinqi üçün risklər yarandı. ABŞ-da ağ ev qarşısında etirazlar göstərir ki, Amerika xalqı müharibə tərəfdarı deyil. Amma əsas məsələ ABŞ mediasının hansı mövqedə dayanacağıdır. Əgər ABŞ prezidenti qəhrəman kimi göstəriləcəksə (hazırda bu proses müşahidə olunur), o zaman proseslər həm də Trampın lehinə işləyəcək, bir şərtlə ki, İran itkilərlə nəticələnən cavab verməsin və bu, ABŞ ictimaiyyətinə “Süleymaninin öldürülməsi ilə İran neytrallaşdırldı” kimi təqdim edilsin.
Təbii ki, müharibə tərəfdarı olmayan Trampın hakimiyyətdə qalması Rusiya, Türkiyə kimi İranın da marağındadır. Amerika üçün ciddi itkilərlə nəticələnən hücumlar Trampın reytinqinə də mənfi təsir edə bilər ki, bu İran üçün arzuolunan deyil. Rusiya və Türkiyə kimi İran da Trampın növbəti seçkilərdə qələbə qazanmasını istəyir. Tramp dəfələrlə müharibə tərəfdarı olmadığını bildirib ki, bu da hər 3 ölkəyə, eyni zamanda Yaxın Şərq ölkələrinə sərf edir. Belə olan tədqirdə İran özünü qorumaqla yanaşı, müharibəyə qarşı çıxışlar edən Trampı qorumaq üçün onun reytinqinə təsir edəcək zərbələrdən qaçmaq zorundadır. İşin qəribə tərəfi də odur ki, Trampın reytinqinin yüksəlməsi və bu olaydan qəhərman olaraq çıxması İranın da marağındadır.
ABŞ-İran qarşıdurmasını istəməyən güclərdən biri də qlobal maliyyə sistemi, eyni zamanda FED-dir. Çünki İranla müharibə nəinki bölgə, eyni zamanda dünya üçün fəlakət ssenarisi və dünya iqtisadiyyatı üçün ağır nəticələr deməkdir. Göründüyü kimi Yaxın Şərqdəki mənzərəni Amerikanın daxilindəki qarşıdurma daha çox müəyyənləşdirir. Rusiya, Türkiyə kimi İran da ABŞ daxilində olan qarşıdurmadan yararlanmaq və onlarla əməkdaşlıqda maraqlı olan kanallardan istifadə edərək maraqlarını qorumaq zorundadır.
Bütün bu faktorlardan o nəticə çıxır ki, ABŞ-İran müharibəsi baş verməyəcək. Bununla da yevangelistlərin “qiyamət” ssenarisi və sionizmin “vəd edilmiş torpaqlar” ideologiyasının fiaskosunu şərtləndirən prosesin başlanma ehtimalı daha yüksək görünür...

Əli Zülfüqaroğlu