• 30 Aprel 2024
logo
İran geri çəkilməyəcək

İran geri çəkilməyəcək

Rəisi: Tehranın maraqlarına zidd olan istənilən hərəkətə dəhşətli cavab veriləcək

Aprelin 14-ü gecə saatlarından başlayaraq İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum etməsi İran-İsrail müharibəsinin başlanması kimi qəbul edildi. Xatırladaq ki, hücum İsrailin İranın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən konsulluq binasına hücumuna cavab olaraq həyata keçirilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hərbi obyektləri hədəfə aldığını və hücumun uğurlu olduğunu iddia edib.
KİV-in məlumatına görə, İsrail ordusu PUA-ların çoxunu Suriya və İordaniya ərazilərində vurub. İsrail səmasında hava hücumundan müdafiə sistemləri işləyib və ölkənin bir çox yerində hava hücumu sirenləri səslənib. Ölkə ərazisində mindən çox insanın bir araya gəlməsi və maarifləndirici fəaliyyətlər qadağan edilib.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Əbülfəz Əmuyi İsrailin gözlənilən cavab zərbəsinə münaisbət bildirərkən deyib ki, İran İsrailə hücum zamanı mövcud gücünün az qismindən istifadə edib.
“Hər bir ssenari üçün planımız var və indiyə qədər istifadə etmədiyimiz silahdan istifadə etməyə hazırıq”, - Əmuyi bildirib.
İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, İran İsrailə 200-dən çox raket və pilotsuz uçuş aparatı atıb. Onun sözlərinə görə, hədəflərin əksəriyyəti ələ keçirilib, dəyən ziyan cüzi olub, lakin “insident hələ bitməyib”. Ən azı bir nəfər yaralanıb. İsrailin təcili tibbi yardım xidmətinin mətbuat xidməti Magen David Adom isə sosial şəbəkədə məlumat verib ki, 31 nəfər tibbi yardım üçün müraciət edib.
“The New York Times”ın İsraildəki mənbələrinə görə, İran 185 pilotsuz təyyarə və 36 qanadlı raket buraxıb. Hücumların əksəriyyəti İranda, kiçik bir hissəsi isə İraq və Yəməndə həyata keçirilib. İran həmçinin 110 yer-yer raketi buraxıb.
Xatırladaq ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın mövqeyinə gəlincə, Tehran hücuma görə qisas alacağını bəyan edib.
İran Prezidenti İbrahim Rəisi Tehranın maraqlarına zidd olan istənilən hərəkətə dəhşətli cavab veriləcəyi ilə hədələyib.
O, bu barədə Qətər əmiri şeyx Təmim bin Həməd əs-Sani ilə telefon danışığı zamanı deyib.
“Təcavüzkarın cəzalandırılması əməliyyatı uğurla həyata keçirilib. Biz indi qətiyyətlə bəyan edirik ki, İranın maraqlarına qarşı ən kiçik addım belə, şübhəsiz ki, dəhşətli, genişmiqyaslı və ağrılı cavabla qarşılanacaq”, - o bildirib.
İran prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və beynəlxalq qurumlar İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunu pisləmək üçün öz minimum hüquqi öhdəliklərini yerinə yetirməyib. Ona görə də İran BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququna uyğun olaraq ölkəyə qarşı “bədxah əməllərin törədildiyi eyni mərkəzlərə” hücum edib.
Qətər əmiri isə İranın İsrailə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsini yüksək qiymətləndirib, bu addımın hamı üçün aydın mesaj ehtiva etdiyini bildirib.
“Əl-Cəzirə” telekanalı adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb ki, İsrail öz hərbi imkanlarını nümayiş etdirmək üçün İranın dərinliklərindəki hədəflərə zərbələr endirə bilər.
“Nativ” təhlükəsizlik xidmətinin rəhbəri, keçmiş israilli diplomat Yakov Kedmi Rusiya mətbuatına açıqlamasında bildirib ki, İranın hücumunun dəf edilməsində ABŞ, Fransa, Britaniya və İordaniya Hərbi Hava Qüvvələri və qismən də dəniz qüvvələri iştirak edib və bu ölkələr indi İsrailin heç bir cavab tədbiri görməməsi və gərginliyin yeni mərhələsinin baş verməməsi üçün istəklərini ifadə edirlər.
İsrail üçün belə beynəlxalq dəstək çox vacibdir və siyasi baxımdan ondan imtina etmək ağılsızlıq olardı. Üstəlik, (aprelin 13-ü) gecə baş verənlər göstərdi ki, İranın əslində bizə ciddi ziyan vurmaq imkanı yoxdur. Və bu, Hizbullahla bağlı əlavə və çox ciddi arqument ola bilər. Onlar danışıqlar prosesində güzəştə gedə bilər. BMT-nin 1707 saylı qətnaməsi ilə müəyyən edilmiş mövqelərdən geri çəkilməsinə şans yaranacaq. Eyni nöqteyi-nəzərdən, İranın hücumu, daha doğrusu, heç bir nəticənin olmaması HƏMAS-a da təsir göstərə bilər. İran raketlərinin və PUA-larının vurulmasına fəal kömək edən İordaniya kimi digər ərəb ölkələri ilə əlaqələrin möhkəmlənməsinə də şans yaranır.
İranın bizə verdiyi bəhanədən yararlanmaq və cavab zərbələri ilə öz nüvə proqramını, nüvə silahı istehsal olunan bütün müəssisələri məhv etmək lazımdır. Əslində, anlamalıyıq ki, hücumla bağlı qərarı dörd nəfər verir: Baş nazir, müdafiə naziri və digər iki nazir (hərbi kabinet). Bu dörd nəfərdən üçü keçmiş Baş Qərargah rəisidir. İndi öz aralarında nə razılaşırlar, hansı davranış taktikasını seçəcəklər, bilmirəm və heç kim bilmir. Yalnız zaman göstərəcək”.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib ki, İsrail İranın hücumuna cavab olaraq İranın nüvə proqramını məhv etməyi nəzərdən keçirməlidir.
“Bu hücum İsrail və ABŞ-ın qarşısının alınmasında böyük uğursuzluqdur. İsrailin İranın hərəkətlərinə reaksiyası daha güclü olmalıdır. İranın atdığı raketlərin heç birində nüvə başlığı yox idi, lakin növbəti hücum zamanı ballistik raketlərdə nüvə başlıqlarının olmayacağını bilmirsiniz. İsrailin düşünməli olduğu bir çox məqsədlər arasında İranın nüvə silahı proqramını məhv etmək imkanı var”, - Bolton bildirib.
Politoloq Vüqar Dadaşov “Xalq Cəbhəsi”nə deyib ki, iki iran generalı daxil olmaqla ümumilikdə 13 nəfərin ölümü ilə nəticələn Aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinə hücumdan sonra, İranın İsrailə hücum təşkil edəcəyi gözlənilirdi. Dəməşqdəki İran səfirliyinə hücumu İsrail etiraf etməsə də, İran həmin hücumun İsrail və ABŞ tərəfindən həyata keçirdiyini elan edib. Dəməşqdəki İran səfirliyinə hücumdan sonra, ABŞ xüsusi kəşfiyyat orqanları İranın İsrailə hücum edəcəyini açıqlayıb. İran isə, İranın İsrailə hücum etməməsi üçün öz şərtlərini belə səsləndirmişdi.
İkinci dünya müharibəsindən sonra, yeni dünya düzəninin qurulmasında, dünyanın bölüşdürülməsində İranın taleyi vacib həlledici mərhələlərdəndir. Əlbəttə ki, İran siyasi ritorikasında aqressiv, təhdid xarakterli publik bəyanat və çıxışlara üstünlük versə də, reallıqda İsrail nümunəsində Qərblə, ABŞ - la müharibədə heç də maraqlı deyil. Çünku, bu müharibənin İran üçün necə nəticələnəcəyinin fərqindədir: “Əlbəttə ki, İran İsraillə uzunmüddətli müharibəyə gedən deyil. İranın İsrailə hücumu hansı ki, hər iki tərəf hücumu təsdiqləyib, siyasi nüfuz məsələsinə bağlı məcburi cavabdır. İran Dəməşqdəki səfirliyinə hücuma cavab verib və bu məsələnin tezliklə arxa plana keçməsini istəyir. İranın hücumuna reaksiya verən ABŞ prezidenti Co Bayden İsrailə hər cür yardımın edəcəyini açıqlayıb. Baş nazir Sunak Böyük Britaniyanın da İsrailə öz hərbi dəstək verəcəyini bildirib. İran İsraillə müharibəyə cəlb edilməsinin bir plan olduğunu anladığından, hətta İsrailə hücumunu öz ərazisindən yox İraq ərazisindən həyata keçirdi. Bəzi məlumatlara görə, İran aprelin 14-də Dəməşq tərəfdən də hava hücumu həyata keçirib.
İranın İsralə hücumu bəzi ərəb ölkələrinin məsələn, İordaniyanın da İsraili dəstəkləyəcəyi kimi xəbərləri ortaya çıxarıb. Hansı ki, İran növbəti hədəfin İordaniya ola biləcəyi barədə xəbərdarlıq edib”.
Onun fikrincə, sözsüz ki, İsrailin Fələstin, daha dəqiqi Həmas və Hizbulla ilə müharibə apardığı bir dövrdə İsrail İranla uzunmüddətli müharibə aparmaq istəməz. Bu kontekstdən yanaşsaq, İsrailin Dəməşqdəki İran səfirliyinə hücum etdiyinə də şübhə yaranır. Düşünürəm ki, Dəməşqdəki İran səfirliyinə, İranla bir-başa və uzunmüddətli müharibənin aparılmasında ABŞ İsrail arasında fikir ayrılığı mövcuddur. Hərçənd ki, bu fikir ayrılığı hiss etdirilmir.
İran İsrail müharibəsinin başlanması və davam etdirilməsində ABŞ-la yanaşı, ərəb dünyası və əsasən Rusiya çox maraqlıdır. Belə ki, Rusiya Ukraynada apardığı müharibəni istəyinə uyğun yekunlaşmasını tezləşdirə bilər. Həm də Rusiyanın İranla Cənubi Qafqaz və xüsusən də Ermənistanla, Zəngəzur dəhlizi ilə bağlı fikir və mövqe ayrılığı var. İran Qərbin təzyiqindən sonra Rusiya silah köməyini əhəmiyyətli dərəcədə azaltması, Rusiya ilə İran arasında müəyyən soyuqluğa səbəb olub. İran - İsrail müharibəsinin Azərbaycan üçün manevr imkanlarına təsir edib, balanslı, neytral mövqeyinə çətinliklər yaratsa da, hətta müəyyən risklər vəd etsə də nəticə etibarı ilə Azərbaycanın milli maraqlarını təmin edir: “Yeri gəkmişkən, Rusiyanın Ukraynaya təcavüzünün ilk dövründə Rusiyanı, Putin hakimiyyətini döyüş neydanında məğlub etmək mümkün olduğu halda, Qərbin təsirli hərbi köməyinin geçikdirilməsi, Rusiyaya üzücü müharibə ssenarisinin tətbiqi Rusiyanı gücünü bərpa etməyı imkan verdi. Siyası uzaqgörənlik, liderlik həm də zamanında, operativ siyasi qərar vermək və onu icra etmək qabiliyyətidir. İran-İsrail arasında bir-başa və uzunmüddətli müharibənin mümkünlüyünə də inam çox azdır”.
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, İranın İsrailə qarşı hücumu daxili auditoriyaya hesablanmışdı.
İranın İsrailə qarşı PUA və ballistik raketlərlə hücumu heç bir nəticə vermədi. Kiçik bir nəticə olaraq Livandan "Hizbullah" Qolan təpələrində İsrailin hərbi mövqelərini vurması oldu. Bununla da Tehran İsrailə hücumun dayandırdığini elan etdi: “İran bu hücumu həyata keçirməklə daxildə "üzünün" qorunmasını təmin etdi. İsrailə qarşı bu hücum Tehran üçün daxili bir mesaj idi. Ona görə də İsrail bu hücuma qarşı İrana əks-hücuma keçmədi. Təbii ki, İsrailin cavab tədbirlərinə Vaşinqton icazə vermədi. Çünki bu regionda ABŞ iştirakı ilə yeni müharibəyə gətirib cixara bilərdi.
ABŞ -da keçiriləcək prezident seçki öncəsi İranla müharibə Baydenin reytinqinə mənfi təsir edə bilərdi. Çünki ABŞ vətəndaşları İranla müharibənin əleyhinədir. İraq və Əfqanıstan müharibəsində çıxarılan nəticə ABŞ vətəndaşlarının Yaxın Şərqdə növbəti müharibə əleyhinə çıxmasına əsas səbəblərdən biridir. ABŞ hər iki müharibədə öz geosiyasi mövqelərini zəiflədib və Əfqanıstanda uzun illər müharibə apardığı TALİBANA hakimiyyəti verib çıxıb. İran rejimidə müharibədə maraqlı deyil. Qərblə müharibə İran rejiminin zəifləməsinə və növbəti mərhələdə hakimiyyətinin sonunu gətirə bilər.
Hazırkı müharibə ABŞ və Tehran arasında qapalı danışıqlar nəticəsində İsrail İran hərbi qarşıdurması baş vermədi. Suriyada tərəflər arasında qapalı görüşlər geniş eskalasiyanın qarşısını aldı”.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə deyib ki, İranın İsrailə dron və raket zərbələri endirməsi bütün dünyada olduğu kimi bizim ölkəmizdə də diqqətlə izlənilirdi. Düzdür, biz bu qarşıdurmada tərəf deyilik və prosesə qarışmırıq. Lakin prosesin hansı nəticələrlə bitməsi Azərbaycan üçün önəmli olduğuna görə, İran-İsrail qarşıdurmasının növbəti qaynar fazasını diqqətlə izləməyimiz də təbiidir. Bunun bir səbəbi İsrail ilə tərəfdaşlıq münasibətlərimizin mövcudluğu ilə bağlıdırsa, digər səbəbləri isə Güney Azərbaycandakı soydaşlarımızın taleyi üçün narahatlıq keçirməyimiz və eləcə də aprelin əvvəlində İsrailin İranın Suriyadakı konsulluq binasını vurmasından sonra İran tərəfindən “İsrailin Azərbaycandakı səfirliyini hədəf alaq” səpkili sərsəm təkliflərin səsləndirilməsi ilə bağlıdır: “Bizi hədəfə almaq iddiasını gizlətməyən molla İranının İsrailin Suriyadakı konsulluq binasını vurmasını nə zaman və hansı istiqamətdən cavablandıracağı heç şübhəsiz ki, Azərbaycanı da ciddi şəkildə düşündürürdü. Və budur, rəsmi Tehran təxminən iki həftəlik gecikdirmədən sonra nəhayət ki, İsrailə cavab haqqından istifadə etdi və ötən gecə özünün Yaxın Şərqdəki proksi qüvvələri ilə birlikdə İsrail istiqamətində 300-dən çox dron, qanadlı və ballistik raketlər atdı. Hərçənd ki, İran Silahlı Qüvvələri Baş Qərargahının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri hücumun uğurlu olduğunu iddia edirlər, lakin əsl həqiqətdə isə İranın PUA və raket zərbələrinin təxminən 99%-i İsrail, ABŞ, Böyük Britaniya və İordaniyanın birgə səyləri ilə zərərsizləşdirilib.
Beləliklə, İranın İsrailə qarşı əməliyyatı fiasko ilə başa çatmış sayıla bilər. İranın bir gecəlik uğursuz əməliyyatı indi bütün dünyada istehza hədəfinə çevrilib. Molla rejimi bu əməliyyatla İranın sarsılmış imicini düzəldə biləcəyinə ümid bəsləyirdi, lakin son nəticədə İran daha da acınacaqlı vəziyyətə düşdü. Hər kəs əyani surətdə gördü ki, İran İsraillə və onun müttəfiqləri ilə savaşmaq gücündə deyil.
Bu əməliyyatdan sonra molla rejiminin davakar ritorikasını davam etdirməsi “blef” kimi qəbul ediləcək. İran-İsrail qarşıdurmasının bu mərhələsi Azərbaycana da özü üçün müəyyən nəticələr çıxarmağa imkan yaratdı. Rəsmi Bakı İran və İsrailə müraciət edərək iki ölkə arasında artan gərginlikdən dərin narahatlığını dilə gətirdi və tərəfləri təmkinli olmağa, Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırdı. Lakin bir məqamı da qeyd etməliyik ki, biz bu əməliyyatın gedişində İranın zəif və həssas tərəflərini daha yaxından görmək imkanını əldə etdik. Eyni zamanda indi İranın Zəngəzur dəhlizinin açılmasını əngəlləmək siyasətini neytrallaşdırmağımız üçün yeni imkanlar yaranır”.

Cavid