• 1 Mart 2024
logo
“Qızlar arasında müstəqil Azərbaycana ilk qızıl medalı gətirdim”

“Qızlar arasında müstəqil Azərbaycana ilk qızıl medalı gətirdim”

Pərvanə İsmayılova: “Azərbaycan şahmatının inkişafı üçün həyata keçirmək istədiyim ideyalar var”

Azərbaycan şahmatının inkişafında xidmətləri olan şəxslərdən biri də Pərvanə İsmayılovadır. Pərvanə xanım müxtəlif beynılxalq yarışların qalibi olub və hazırda öz təcrübəsinin gənc şahmatçılarla bölüşür və onların yetişməsi üçün ciddi əmək sərf edir. Amma təəssüf ki, kifayə qədər xidmətləri olan Pərvanə xanım cəmiyyətə lazımı səviyyyədə təqdim olunmayıb. P.İsmayılova “Xalq Cəbhəsi”nə müsahibəsində bir sıra maraqlı məqamlara toxundu.
Xatırladaq ki, İsmayılova Pərvanə Xalid qızı 1982-ci il fevralın 6-da Qax rayonunda anadan olub. Ailəlidir, 2 övladı var. Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbində məşqçi kimi fəaliyyət göstərir.
İsmayılova Pərvanə Xalid qızının Şahmat üzrə əldə etdiyi nailiyyətlər:
*1991- ci il Ukrayna-Kerç: 12-14 yaş qızlar arasında SSSR çempionatı 1-ci yer;
*1992- ci il Almaniya, Duisburq: 10 yaş qızlar arasında Dünya çempionu;
*1992-ci il 10 yaş qızlar arasında Respublika çempionu;
*1993- cü il Fransa, Paris: 12 yaş qızlar arasında Avropa çempionatında 2-ci yer (Rapid);
*1993-cü il Macarıstan, Sombathey: 12 yaş qızlar arasında Avropa çempionatı, 2-ci yer;
*1993- Beynəlxalq Şahmat Federasiyasının FİDE ustası;
*1993 və 1994 – cü il Rusiya, Sankt-Peterburq: Qadınlar arasında beynəlxalq turnirin qalibi;
*1994-cü il 12 yaş qızlar arasında Respublika çempionu;
*1994- cü il Fransa, Paris: 12 yaş qızlar arasında Avropa çempionu (Rapid);
*1994- cü il Rmuniya, Bayle-Herkulane: Avropa çempionatı, 2-ci yer;
*1995- ci il Braziliya, Son-Larenso: 14 yaş qızlar arasında Dünya çempionatı, 3- cü yer;
*1996-cı il 14 yaş qızlar arasında Respublika çempionu;
*1996- cı il Slovakiya, Rimovska-Sobata: 14 yaş qızlar arasında Avropa çempionatı, 2- ci yer;
*1997- ci il Türkiyə, İzmir: 16 yaş oğlanlar arasında Türkiyə çempionatı, 1- ci yer;
*1997 və 1998-ci il Türkiyə, İstanbul (Büyükada) Kişilər arasında beynəlxalq şahmat festivalı, 1-ci yer.
*1997- ci il Türkiyə, İstanbul: Kişilər arasında İstanbul çempionatı. 1-ci yer.
*1998-ci il 16 yaş qızlar arasında Respublika çempionu;
*2000-ci il 18 yaş qızlar arasında Respublika çempionu;
*2001-ci il, 20 yaşlı qızlar arasında Respublika çempionatı, 2-ci il yer;
*2001-ci il, Qadınlar arasında Respublika çempionatı, 2- ci il yer.
*2001-ci il İran, Tehran, 3 cü dünya İslam Qadınları olimpiadası: 2-ci yer;
*2014-cü il Naxçıvan Muxtar Respublikası: Kişilər arasında beynəlxalq şahmat festivalında 2-ci yer.
Həmçinin müxtəlif illərdə bir çox turnirlərin qalibi.
-Hazırda Qaxda Şəki Zaqatala reqional Təhsil idarəsi Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərirəm. Xüsusən də rayonlarda Uşaq Gənclər İdman Şahmat məktəblərində işləyən müəllimlərin daha peşəkar səviyyədə olmaları məni sevindirər. Belə olduğu halda rayon uşaqlarının qısa zamanda daya yaxşı nəticələr əldə edəcəyi şübhəsizdir. Bu istiqamətdə müəyyən fikirlərim və təkliflərim var. Ümid edirəm ki, bu ideyaları həyata keçirmək şanslarım yaranacaq.
Rayonumuzun tanınmış peşəkar şahmatçılar yetişdirmə kimi müsbət ənənəsi olub. Hərçənd ki, bu gün bu ənənə unudulub amma bütün maraq və həvəsim sırf bunu təkrar canlandırmaqdır.
Rayonda uşaqların şahmata olan marağı məni daha da ruhlandırır və bu marağın kütləviləşməsi üçün əlimdən gələni əsirgəmirəm.
-Sizin tərcümeyi-halınız uğurlu karyeraya sahib olduğunuzu göstərir. Amma sanki bu uğurlu karyeranızı sonradan davam etdirməmisiniz, səbəb nədir?
- Peşəkar şahmatda böyük uğurlar qazandıqdan sonra artıq müəllim olaraq fəaliyyət göstərirəm. 15 ildir ki, şahmat müəllimi kimi çalışıram. Bu dönəmin 10 ilini Bakı şəhərində çalışmışam. Bakıda həqiqətən də Azərbaycan uşaq şahmatını yüksək səviyyədə inkişaf etdirən və çox güclü, peşəkar şahmatçılar yetişdirən məktəblərin birində -köhnə adı Nəsimi rayonu 1 nömrəli ixtisaslaşdırılmış şahmat məktəbi olan məktəbdə fəaliyyət göstərmişəm. Bu 10 il ərzində yetərincə güclü və dünya səviyyəsində tanınmış, Avropadan medallar gətirmiş uşaqların yetişdirilməsi üçün səylərimi əsirgəməmişəm.
Yeri gəlmişkən qeyd edim ki, şagirdim Nərgiz İsmayılova iyul ayında Beynəlxalq Şahmat Gününə həsr olunmuş qadınlar arasında zona yarışının qalibi oldu...
Çox verilən sualdır ki, nə üçün bu qədər böyük nailiyyətlər belə tez dayandı və nə üçün bunlar qiymətləndirilmədi? Mən əsas birinci suala cavab vermək istəyərdim ki, bunun bir neçə səbəbi var. Amma əsas səbəblərindən biri də odur ki, nailiyyətləri qazandığım çətin dövr idi. Ölkəmiz müharibə şəraitində idi, iqtisadi çətinliklər var idi və siyasi böhranlar yaşanırdı. Buna görə də yarışlara getmək həqiqətən çətin idi.Yəni, bir növ desək ki, çox adamı da o çətin dönəmdə şahmat yarışları maraqlandırmırdı. Bu çətinliklərə baxmayaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirdim. Almaniyada qızlar arasında dünya çempionu olaraq bayrağımızı qaldırmaq, himnimizi orada oxutmaq böyük bir uğur idi. Həm də mən sizə deyim ki, bu əslində bir ilk idi. Qızlar arasında müstəqil Azərbaycana ilk qızıl medalı gətirmiş oldum. Bu uğurlarımın davamlı olmamasının başlıca səbəbi maddi imkansızlıq oldu. Yəni sponsor tapa bilmirdik. Yəni, o dövrlərdə Azərbaycan Şahmat Federasiyasının dəstəyini, diqqətini görmürdüm. Federasiyanın xətti ilə getdiyim yarışlarda uğur qazanırdım, ölkəyə medallar gətirirdim. Amma bir müddət sonra atamla hər dəfə qapı-qapı döyüb sponsor axtarırdıq. Təbii ki, bir dəfə döydüyümüz qapıya ikinci dəfə getməyə utanırdıq. O çətin dövrdə sponsor tapmaq mümkün olmurdu. Amma təbii ki, Azərbaycanın idmanına hörmət edən, yüksək sevgi göstərən insanlar da olurdu. Sponsorluq edənlər də tapılırdı və deyə bilərəm ki, onların sayəsində bu uğurları qazanmışam.
-Bir müqayisə aparmaq istəyirəm. Futbolda bir məşqçinin görə bilmədiyi istedadı digər məşqçi görə bilir və belə misallar yüzlərlədir. Məsələn ilkin olaraq perpektivsiz futbolçular kimi qarşılanan Məsut Özil, Məhəmməd Salah, Kafu və başqaları onları düzgün istiqamətləndirən və fərqli yanaşan digər məşqçilər hesabına uğurlu karyeraya sahib olub və dünya ulduzuna çevriliblər. Şahmatda da bu tendensiya varmı?
-Bəli, şahmatda da eynidir. Elə uşaqlarımız var ki, şahmata başlayırlar amma müəyyən vaxtdan sonra perspektivli və bacarıqlı, qabiliyyətli olduqları halda şahmatdan uzaqlaşırlar, hətta bir növ soyuyurlar.Təbii ki, bunun səbəbləri mən düşünürəm ki, əsasən şahmat məktəbində və müəllimlərdə axtarılmalıdır. Çünki, uşaq gəlir, uşağı analiz edirik və şahmata başlayır. Əgər bu uşaq nailiyyət göstərirsə, sinifdə bunun aktivliyi, uğurları üzə çıxırsa deməli bu uşaqdan maksimum şəkildə istifadə edib məktəb olaraq nə isə yetişdirmək mümkündür. Lakin, bir çox müəllimlərimiz var ki, bu şansı qaçırırlar. Bu da həmin uşaqların şahmatdan soyumasına gətirib çıxarır. Bunun əsas səbəblərindən biri kollektiv yanaşmanın olmamasıdır...
-Kollektiv yanaşma ilə bağlı təklifəriniz nədən ibarətdir, bu istiqamətdə hansı addımlar atmaq olar?
-Təkliflərimdən biri odur ki, biz, məktəb olaraq bütün müəllimlər və məktəb rəhbərliyi olaraq kollektiv şəkildə işləməliyik. Nəzərə almalıyıq ki, bir uşağı müəllim deyil, məktəb yetişdirir. Bütün müəllimlər peşəkar yanaşma ortaya qoymalıdır. Hər kəs uşağa öz biliyini peşəkar səviyyədə verməli və kömək göstərməlidir.
- Azərbaycan və dünya şahmatçılarının müqayisəsini necə aparmaaq olar. Ümumiyyətlə şahmatçılar necə pul qazanmalıdır?
-Bəli,bu sual da tez-tez verilən suallardandır. Ümumiyyətlə günümüzdə Bakı şəhərində hara baxsanız bir şahmat klubu, şahmat məktəbi adı altında, yaxud müəyyən cəlbedici adlarla kurslar açılır.Təbii ki, bunların içində bu işə çox ciddi yanaşan və töhfə verən məktəblər, kurslar, klublar da var. Lakin,əksəriyyəti təəssüf ki, belə eyil.
Öz xallarını,oyunlarını maddiyat qarşısında sataraq şahmatı bir növ biznesə çevirib qazanc əldə edənlər də var. Bu yollarla da qrossmeyster və beynəlxalq ustalar yetişir. Amma mən düşünürəm ki, şahmatda beynəlxalq usta və ya qrossmeyster olmaq təbii ki, vacib bir amildir. Amma bu şahmatçının öz gücü hesabına olmalıdır. Hazırda elə şahmatçılar va ki, qrossmeysterdir. Mənə qəribə gəlir ki, o, nə zaman qrossmeyster oldu, hansı yarışda hansı nailiyyət əldə etdi. “Google” axtarış sistemində belə heç bir məlumat tapa bilmirsən. Yaxşı olardı ki, beynəlxalq səviyyəli şahmat titulları şahmatçının öz gücü hesabına qazanılsın.Yəni, bu da bir biznes növüdüru. Bnun da qarşısını ala bilməyiblər, biz də ala bilmədik...
-Azərbaycanın beynəlxalq səviyyədə tanınan usta şahmatçıları var. Onların yolunu davam edəcək gənclər, yaxud perpektivli uşaqlar varmı və ya yetişmələri üçün tam şərait yaradılıbmı?
-Qeyd etmək istərdim ki, bu gün Şəhriyar Məmmədyarov Azərbaycan şahmatının şahıdır, bizim qürurumuzdur.Yeri gəlmişkən qeyd edim ki, bir neçə gün öncə Şuşada çox möhtəşəm şahmat festivalı keçirildi. Orada da bizim şahmatımızın şahı birinci yeri tutaraq bir daha sübut etdi ki, Azərbaycan şahmatçılarının uğurları təsadüfi deyil. Azərbaycan artıq bir şahmat ölkəsidir. Şəhriyar Məmmədyarov bunu bütün dünyaya sübut etmiş oldu. Amma bizim yığmamızın üzvlərindən başqa da yetərincə güclü gənc şahmatçı qrossmeyesterlərimiz var.Bu gün o şahmatçıların yüksək səviyyəyə qalxa bilməməyinin səbəbləri düşünürəm ki, xarici ölkələrdə keçirilən yarışlarda yetərincə iştirak edə bilməmələri ilə bağlıdır. Amma uğurlarımız yetərincədir. Düşünürəm ki,qısa bir zamanda artıq yığmamızda gənc şahmatçılarımızın sayı artacaq.
-Yenə də futbolla müqayisəli təhlil aparmaq istəyirəm. Bir neçə ay öncə İspaniyanın Barselona Futbol Klubunun sabiq vitse-prezidenti bakıda idi. Ondan soruşdum ki, nə üçün Papua-Yeni-Qvineyadan tutbuş müxtəlif adını belə az duyduyğumuz ölkələrə qədər uşaq seçib Barselonanın akademiyası olan La masiyaya cəlb edirsiniz, Azərbaycandan isə yox. Mənə cavab verdi ki, çünki Azərbaycanda futbolun baza strukturu yoxdur. Yəni akademiayalar mövcud deyil. Akademiyalar ondan ötrüdür ki, uşaq orada futbolla yanaşı həm də təhsil alır. Ona görə ki, əgər gələcəkdə hər hansı bir səbəbdən futbolçu ola bilməsə təhsili yarımçıq qalmasın və başqa sahədə fəaliyyətini davam etdirsin...Bu şahmat üçün də keçərlidirmi? Yəni ixtisaslaşmış akademiyaların yaradılması mümkündürmü ki, uşaq şahmatla yanaşı təhslini də orada davam etdirsin...?
-Sizin dediyiniz fikirlə tam razıyam və hər zaman biu barədə düşünmüşəm. Hər zaman təklif olaraq səsləndirirəm ki, bizim ölkəmizdə daha yaxşı olardı ki, idman təmaüllü liseylər yaransın. Uşaqlar orada istədiyi idman növü ilə peşəkar səviyyədə məşğul olsun və həm də digər dərslərini davam etdirsin. Bu təkliflər haqqında düşünülməsi çox önəmlidir. İnşəallah gələcəkdə bu layihələrin həyata keçəcəyinə ümid edirəm. Bu çox vacib amildir.Ümidlə gözləyirəm ki,bunlar həyata keçsin...
Əli Zülfüqaroğlu