“Kəpəz”in sabiq baş məşqçisi Etibar İbrahimov ölkə xaricində fəaliyyət göstərəcək.
Gənc mütəxəssis Almaniya klubu “Ayntraxt”la anlaşıb.
Bir müddətdir ABŞ-da yaşayan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının keçmiş məşqçisi Frankfurt təmsilçisinin Çindəki akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək. O, yaxın günlərdə almanlarla 1 illik müqavilə imzalayacaq. Tərəflərin sözləşməni daha 2 illik uzatmaq hüququ da olacaq.
İbrahimov viza ilə bağlı məsələni həll edən kimi Almaniyaya yollanaraq rəsmi sazişə qol çəkəcək və oradan da Çinə yollanaraq işinə başlayacaq. Onu Almaniya klubuna U-17 və U-19 yığmamızın sabiq baş məşqçisi almaniyalı Nikolay Adam məsləhət görüb. Adam hazırda “Ayntraxt”ın beynəlxalq əlaqələr üzrə idman direktorudur.
Qeyd edək ki, Nikolay Adam vaxtilə 2015-ci ildə Hindistanın U-15 yığmasına baş məşqçi təyin olunub və Etibar İbrahimov orada onun köməkçisi kimi çalışıb. İbrahimov 2018/19 mövsümündə “Kəpəz”in baş məşqçisi olub.