• 1 Noyabr 2020
logo
Maskadan istifadə etməyən sürücülər cərimələnir? - AÇIQLAMA

Maskadan istifadə etməyən sürücülər cərimələnir? - AÇIQLAMA

Sükan arxasında olarkən tibbi maskadan istifadə etməyən sürücülərin nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərə qarşı cərimənin tətbiq edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib ki, maskadan istifadə etməyən sürücülərin yollarda quraşdırılan nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərin cərimələnməsi barədə yayılan məlumatlar şayiədir:

"Təbii ki, maskasız çölə çıxmaq karantin qaydalarının pozulmasıdır. Maska virusun yayılmaması üçün vacibdir. Buna görə də qoruyucu vasitələrdən istifadə etmək məqsədə müvafiqdir. Amma sürücülərin sükan arxasında maskadan istifadə etməməsinə görə məsuliyyət nəzərdə tutulmur. Belə hallarda polis əməkdaşlarının vəzifəsi ondan ibarətdir ki, sürücülərə yaxınlaşaraq onlara maskadan istifadə etməsini xatırlatsınlar".

A.Qasımlı deyib ki, avtomobillərə elektron protokol tərtib edilə bilməz:

"Tətbiq olunan məhdudiyyətlər vətəndaşlarla bağlıdır. Nazirlər Kabinetinin son qərarında avtomobillərin hərəkəti ilə bağlı heç nə yoxdur. Əgər icazə əsasında küçəyə çıxırsa və şəxsi avtomobilindən istifadə edirsə, bununla bağlı bir problem yoxdur. Cərimə avtomobilin idarəedilməsinə görə deyil, karantin qaydalarının pozulmasına görə olur".

A.Qasımlı nəzərə çatdırıb ki, ümumilikdə karantinlə şayiələrin yayılması da inzibati məsuliyyətə səbəb olur:

"Belə hala görə həm cərimə cəzası, həm də həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Buna görə də vətəndaşları şayiə yaymamağa çağırıram".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.