• 23 Yanvar 2021
logo
Sahibə Qafarova: Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır

Sahibə Qafarova: Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır

Bütün dünyanı təşvişə salan koronovirusa yoluxma riskinin artması səbəbilə beynəlxalq kütləvi tədbirlər, dövlətlər arası səfərlər, hətta dövlət və hökumət başçılarının ölkə daxili və xarici səfərləri təxirə salınır.

Bunu deputat Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, belə bir həssas dönəmdə Prezident İlham Əliyevin Şəmkir, Goranboy və Qazax rayonlarına səfər etməsi, müxtəlif obyektlərin açılışında iştirakı və insanlarla görüşməsi bir daha göstərir ki, dövlət başçısı heç bir təhlükəyə, çətin vəziyyətə baxmayaraq daim xalqın yanındadır:

“Cənab Prezident bu addımı ilə dünyaya göstərdi ki, heç bir təhlükə, heç bir hadisə dövlət başçısı ilə xalq arasında təmaslara mane olmamalıdır. Ötən il Şamaxı, Ağsu və İsmayılıda zəlzələ olan zaman da cənab Prezident dərhal həmin rayonlara səfər etdi, xalqın arasında oldu, onların problemləri ilə maraqlandı və lazımi tapşırıqlar verdi. Heç bir təhlükəyə baxmayaraq Prezident İlham Əliyev həmişə xalqının yanında olub”.

Deputat bildirib ki, koronavirus təhlükəsi yaranan andan etibarən Prezident İlham Əliyev bu məsələni diqqətdə saxlayır, bu virusun Azərbaycanda yayılmasının qarşısının alınması üçün lazımi tapşırıqlar verir:

“Bildiyiniz kimi cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetinin yanında koronovirusla bağlı operativ qərargah yaradılıb, bu epidemiyanın ölkəmizdə yayılmasının qarşsının alınması istiqamətində lazımi addımlar atılır. Virusla mübarizə üçün bütün lazımi imkanlar mövcuddur. Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır”.