• 25 Aprel 2025
logo
Mütəxəssis: Vitamin qəbul edərkən mütləq həkimlə məsləhətləşmək lazımdır

Mütəxəssis: Vitamin qəbul edərkən mütləq həkimlə məsləhətləşmək lazımdır

Vitamin çatışmazlığı ilə yanaşı orqanizmdə vitaminin normadan artıq olması da zərərlidir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Həkimin sözlərinə görə, vitamin qəbul edərkən mütləq həkimlə məsləhətləşmək lazımdır: “Müşahidə edilən simptomlar səbəbindən vitamin çatışmazlığı diaqnozu qoyula bilməz. Həmin simptomlar başqa xəstəliklərin əlamətləri ola bilər. Hər hansı vitaminin çatışmadığını müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır. Günəş şüası görməyən, gün ərzində qapalı məkanlarda olan insanlarda daha çox D vitamini çatışmazlığı müşahidə olunur. D vitamini çatışmazlığı olan insanlarda tez-tez xəstələnmə halları və ya xəstələrdə ağırlaşmalar görünür. D vitamini dayaq hərəkət sisteminə təsir göstərən ən vacib amillərdəndir. Uşaqlarda bu vitaminin çatışmazlığı zamanı boyun uzanmasında ləngimələr müşahidə edilə bilər. Əgər uşaqlarda ağız yaraları olursa, boyunda uzanma getmirsə, dırnaqları qırılırsa, dəridə quruluq yaranırsa, bu zaman vitamin çatışmazlığından narahat olmaq olar”.
Həkim tez-tez qrip virusuna yoluxan adamların oktyabr, noyabr, dekabr aylarında vaksin olunmasının vacib olduğunu deyib: “İmmun sistemini gücləndirməyin ən yaxşı yolu düzgün qidalanmaq, yuxu rejiminə fikir vermək, aktiv həyat keçirməkdir. Multivitaminlərlə də orqanizmi gücləndirmək olar, lakin bu həkim nəzarəti olmadan edilməməlidir”.