• 28 Mart 2024
logo
Novruz bayramı - ortaq mənəvi dəyər

Novruz bayramı - ortaq mənəvi dəyər

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandınr, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.

Bahar gəlir bizim azad ellərə,
Mahnı qonur dodaqlara, dillərə.
Parlaq günəş meydan açır güllərə,
Qaranquşun müjdəsidir Novruzum!

Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar tarixən müəyyən ortaq bayramları qeyd etmişlər. Novruz bu bayramlar arasında həm əhatəliliyinə, həm də özünəməxsus mərasimlərinə görə digərlərindən fərqlənir. Müasir dövrdə Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram Şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur. Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırmış və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlayıb.
Beləliklə, uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi belə qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış və onu bu gün də yaşatmaqda davam edirlər. Azərbaycanda milli adət-ənənəyə uyğun olaraq Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzi sayılır. Hər bir azərbaycanlı səməni göyərtməklə növbəti ilə bərəkət, bolluq, ruzi arzulayır. Hələ lap qədimdən insanlar Novruz bayramına 4 həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı oxumaqla Oda, Atəşə, Günəşə etiqadlarını ifadə etmişlər. Bu adət-ənənələr hazırda da davam etdirilir.
Qədim bayramlardan olan Novruz insana həyat verən dörd ünsürün – suyun, odun, torpağın və yelin (havanın) isinməsi, “dirilməsi” istəyi ilə bağlı yaranmışdır. Buna görə də çərşənbələrin adları məhz bu amillə əlaqələndirilmişdir. Əski inanclara görə, insana fayda verməyən “ölü” hesab olunur. Məhz bu mənada torpağın məhsul verməsini dayandırması, onun donması insanın ən zəruri həyat nemətlərindən məhrum olması kimi dərk edilirdi. Yığılan azuqə ehtiyatı tükəndikcə, insanda torpağı oyatmaq, əkmək arzusu artırdı. Torpaq isə birdən-birə “dirilmirdi”. Bunun üçün su, istilik və yel lazım idi. İnanclara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri “dirilmiş”, bununla əlaqədar şənlik və mərasimlər təşkil olunmuşdur. Elə bu arzu ilə bağlı xalq çox qədimdən həmin dörd ünsürlə bağlı özünün zəngin adət-ənənəsini, etiqad və ayinlərini yaratmışdır. Təzə ilin başlanmasına dörd həftə qalmış bu ayin və etiqadlar icra olunmağa başlayır. Hər bir xalq Novruz bayramı ilə bağlı etnik, yerli və milli xüsusiyyətlərinə uyğun olaraq özünəməxsus mərasim nəğmələri, rəqslər, xalq oyunları yaratmışdır. Azərbaycanda Novruz bayramı qabağı adətən evlərdə, həyətlərdə abadlıq, təmizlik işləri aparılır, ağaclar və güllər əkilir. Novruz bayramında cürbəcür şirniyyat növləri - qoğal, paxlava, şəkərbura hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanır, xonça bəzənir, tonqal qalanır, səməni qoyulur. İnsanlar Novruzqabağı əzizlərinin ruhunu anır, küsülülər barışır, qohum-qonşu bir-birinə qonaq gedir, pay göndərirlər. Cavanlar at çapır, dirədöymə oynayır, Tənbəl qardaş, Kosa-kosa kimi tamaşalar göstərirlər. Azərbaycanın elə bir regionu yoxdur ki, orada Novruz bayramı təntənə ilə qarşılanmasın. Martın 20-dən 21-nə keçən gecə gündüz ilə gecə bərabərləşir. Ana torpağa nəfəs gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar.

Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd ediblər.
Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb hal hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var.
• Papaq atmaq. Əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər.
• Qulaq falı da papaq atmaq qədər məşhur adətlərdən biridir hansı ki, bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
• Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
• Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ərə gedəcək.
• Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
• Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi bu oyunda
• Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər

Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin də, Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib Novruz haqqında.

Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilib. Hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.

Cavid