• 28 İyun 2022
logo
Səhiyyə Nazirliyi: “Meymun çiçəyi” pandemiya halına gələcək məsələ deyil

Səhiyyə Nazirliyi: “Meymun çiçəyi” pandemiya halına gələcək məsələ deyil

“Azərbaycanda “Meymun çiçəyi” infeksiyası yoxdur, hələ ki, qeydə alınmayıb”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, bu təzə infeksiya deyil, sadəcə Afrikada rast gəlinib və orada özünü göstərib:
“İndi isə o yerlərə səyahətlər nəticəsində insanlar infeksiyanı özləri ilə Avropaya, ABŞ-a aparırlar. Bu cür faktlar qeydə alınıb. Bu infeksiya yayılma sürəti yüksək deyil, yalnız yaxın təmas tələb edir. Bunun COVİD-dən fərqi ondandır ki, virus sürətlə yayılmır. Hər halda yenə də nəzarət olunmalı məsələdir. Sonuncu pandemiyadan sonra bu cür hallara ciddi fikir verilir. “Meymun çiçəyi” infeksiyası pandemiya halına gələcək bir məsələ deyil. Yalnız yerli alovlanmalar ola bilər, epidemiya halına isə çevrilə bilməz. Yenə də tədbirlər görüləcək və qarşısı alınacaq”.
Təyyar Eyvazov deyib ki, xəstəliyin əlamətləri halsızlıq, zəiflik, qızdırma və bədən ağrılarıdır:
“Bundan başqa “Meymun çiçəyi infeksiyası zamanı bədəndə səpkilər yaranır. Səpkilər əsasən su çiçəyi xəstəliyindəki kimidir, lakin bir azdaha böyük formada olur. Birinci qaşınır, sonra partlayır, qartmaq bağlayır və qopandan sonra qabıq verir. Bu xəstəliyin ölüm təhlükəsi yoxdur. Lakin yenə də immun sistemi zəif olan, risk qrupunda olanda ölüm halı ola bilər. Xəstəliyə kişilərdə daha çox rast gəlinir”.