• 10 Oktyabr 2024
logo
Teymur Musayev Fahrettin Koca ilə görüşüb

Teymur Musayev Fahrettin Koca ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev Ankarada türkiyəli həmkarı Fahrettin Koca ilə görüşüb.

Teymur Musayev görüş zamanı bildirib ki, qurumlarımız arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycan müstəqilliyinin ilk illərinə təsadüf edir.Teymur Musayev deyib ki, TURKOVAC vaksininin 3-cü faza klinik sınaqlarının Azərbaycanda keçirilməsinə dair qarşılıqlı razılıq əldə olunub:

“İnanıram ki, klinik sınaqların müsbət nəticələri, effektiv olması vaksinin gələcəkdə geniş şəkildə istifadəsinə töhfə verəcək”.

Teymur Musayev əlavə edib ki, Azərbaycan səhiyyə sisteminin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet tapşırıqlardan biridir:

“Türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz və görüşlərimiz olub və dəstəyinizi hiss edirik. Hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçir və tədris olunan onlayn dərslərdə iştirak edir”.

Teymur Musayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşü zamanı Şura çərçivəsində Səhiyyədə Koordinasiya Komitəsi tərkibində Tibb Elmi Qrupunun yaradıldığını vurğulayıb.

Teymur Musayev bu gün Azərbaycan və Türkiyə Səhiyyə Nazirlikləri arasında imzalanacaq 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi barədə danışaraq deyib ki, bu, bütünlükdə ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacaq.

Teymur Musayev Fahrettin Koca ilə görüşüb