• 27 May 2022
logo
“Azərbaycan tarixi” dərsliklərinin monitorinq edilməsi təklif olunur

“Azərbaycan tarixi” dərsliklərinin monitorinq edilməsi təklif olunur

“Ali məktəb tələbələri üçün nəzərdə tutularaq yazılmış “Azərbaycan tarixi” dərsliklərində tariximizin ayrı-ayrı dövrlərinə, xüsusilə tariximizin qədim dövrü ilə bağlı hadisələrə fərqli yanaşmalar mövcuddur. Bu yanaşmalar xüsusilə Azərbaycan xalqının yaranması və formalaşması məsələlərinə dairdir və bu da öz növbəsində tələbə və geniş oxucu kütləsi üçün çaşqınlıq yaradır”.
Bunu AMEA-nın İctimai Elmlər Bölməsinin elmi seminarında Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Vaqif Abışov bildirib.
Onun sözlərinə görə, qədim zamanlardan azərbaycanlıların soykökünün bu ərazi ilə bağlı olması, Azərbaycan xalqının yaranması və formalaşmasında bilavasitə iştirak edən türk etnoslarının qədimdən burada yaşamaları barədə mövzular XX əsrin 60-cı illərindən başlayaraq tədqiqat obyektinə çevrilib və son illərdə daha da genişləndirilib: “Bu müddəanın əsas məzmununu qədim zamanlardan Azərbaycanda və qonşu ərazilərdə türk etnoslarının məskun olması fikri təşkil edir. İbtidai icma quruluşundan başlamış, ta günümüzədək olan dövrün tarixinin bir nəfərin “qələmindən” çıxması qeyri-mümkündür. Əlbəttə, bir nəfər tariximizin bütün dövrlərinin dərin bilicisi ola bilməz”.
Vaqif Abışov Təhsil Nazirliyində, AMEA-nın müvafiq institutlarında, eləcə də ali məktəblərdə çalışan mütəxəssislərdən ibarət komissiyanın yaradılmasını və ilkin olaraq universitetlərdə tədris olunan “Azərbaycan tarixi” dərsliklərinin monitorinqinin keçirilməsini təklif edib. Həmçinin ciddi təhlil olunduqdan və xüsusi ekspert qrupunun razılığından sonra “Azərbaycan tarixi” dərsliklərinin çapına icazə verilməsini məqsədəuyğun hesab edib.
“Azərbaycan tarixi” dərsliyinin yazılmasında özbaşınalıqların qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən ciddi ölçü götürülməsinin və müəyyən edilmiş qaydalara əməl olunmasının vacibliyini bildirən alim hər kəs tərəfindən “Azərbaycan tarixi” dərsliklərinin çapına icazə verilməməsinin önəminə toxunub.