• 25 May 2022
logo
“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqlənib

“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Nazirlər Kabineti Aparatının rəhbəri reyestrin formalaşdırılması və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Qaydaya əsasən, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərin Reyestri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirir.
Reyestr Nazirlər Kabinetinin Aparatı tərəfindən aparılır.
Reyestrdə Nazirlər Kabinetinin müvafiq aktlarına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslər barədə məlumatlar əks olunur.
Reyestrə məlumatların daxil edilməsi onların birmənalı fərqləndirilməsinə, eyni şəxs barədə məlumatlarda təkrara yol verilməməsinə və həmin məlumatlardan səmərəli istifadə edilməsinə imkan yaradan şəxsi qeydiyyat nömrəsi əsasında aparılır və bu barədə müvafiq kağız və elektron daşıyıcıda qeydlər edilir.
Şəxsi qeydiyyat nömrəsi təkrar olunmur və dəyişilmir. Şəxsi qeydiyyat nömrəsi ilə medalın nömrəsi eyniyyət təşkil edir.
Reyestrə barəsində məlumat daxil edilən bütün şəxslərə dərhal şəxsi qeydiyyat nömrəsi verilir. Şəxsin müraciəti əsasında ona bu barədə çıxarış təqdim oluna bilər.
Reyestrə daxil edilmiş hər hansı məlumatda dəyişikliklər baş verdiyi halda, bu dəyişikliklərin məlumat bazasına daxil edilməsi üçün Nazirlər Kabineti Aparatının aidiyyəti struktur bölməsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir və Reyestrdə müvafiq qeydlər aparılır.
Reyestrə daxil edilməli olan məlumatlar aşağıdakılardır:
“Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxsin:
- soyadı;
- adı;
- atasının adı;
- fərdi identifikasiya nömrəsi (FİN-i);
- mənsub olduğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və ya digər orqanın (qurumun) adı;
- təltif edildiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktının rekvizitləri;
- medalın seriya və nömrəsi.
Reyestrin istifadəçiləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə etdikləri informasiya ehtiyatının məlumatlarının mühafizəsi sahəsində müvafiq tədbirləri yerinə yetirməyə borcludurlar.
Reyestrdə olan məlumatlar dövlət orqanlarına (qurumlarına) və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmiş şəxslərə Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən verilə bilər.
Reyestrdə qeyd olunan məlumatları əldə etmək üçün Nazirlər Kabinetinə yazılı surətdə müraciət edilir.
Barəsində sorğu verilmiş məlumat (və ya məlumatın verilməsindən imtina haqqında əsaslandırılmış cavab) 3 (üç) iş günü müddətində verilir.