• 6 Oktyabr 2022
logo
"Bir ölkədə 5 səhiyyə qurumu olanda xaos yaşanar"

"Bir ölkədə 5 səhiyyə qurumu olanda xaos yaşanar" - millət vəkili 

"Bir ölkədə 5 səhiyyə qurumu olanda xaos yaşanar və biz onu bu gün yaşayırıq" . Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Razi Nurullayev deyib. Onun sözlərinə görə, səhiyyə sisteminin effektiv işləməsi üçün islahatlar aparıldı, amma nəticəsi əvvəlkindən də pis oldu: "Bir səhiyyə nazirliyi var, bir TƏBİB var, Prezident Administrasiyasında şöbə var, Nazirlər kabinetində şöbə var, hər nazirliyin özünün tibb idarəsi və və xəstəxanası var. Heç biri də bir-birinin kitabını oxumur. Sığorta sistemini tətbiq etdik, amma əmin olun ki, o sistem həkimlər və xəstəxanalar tərəfindən boykot olunur. Səbəb isə həkimlərin daha az qazanması, təchizatın çox zəif olması, maaşların da aylıq yox, 4-5 aydan bir ödənilməsidir. Onlara belə sığorta sərf etmir. Xəstə deyəndə ki, sığorta üzrə müraciət edir, ona elə üz göstərirlər ki, xəstə özünü bədənindən 220 volt tok keçən kimi hiss edir. Belə sistem olar?
Axı hər bir evdə bir və ya iki xəstə var. Demək ki, hər bir ev dövlətdən narazı salınır. Səhiyyə sistemində olan xaosu aradan qaldırmaq üçün mütləq bütün tərəflərin iştirakı ilə ya cənab Prezidentin, ya da hörmətli Baş nazirin yanında bir iclas keçirilməlidir və konkret təkliflər verilməlidir. Bu sahədə qayda-qanun və dürüstlük, düzgün idarəçilik qurulmalı, paralellik aradan qaldırlmalıdır. Bir ölkədə bir səhiyyə qurumu olar, qalanları isə onun kordinasiyası və tabeçiliyində.
Bu sahədə olan xaos cəmiyyəti çox narahat edir. Bilirsiniz ki, nə qədər insanın canı inciyir, incidilir, qapıdan qapıya, xəstəxanadan xəstəxanaya, poliklinikadan poliklinikaya ötürülür? Lap futbol topu kimi. Bu cür pulsuz səhiyyə olmaqdansa, normal qiymətə pullu olsa daha yaxşı idi. Qonşu ölkələr necə olur ki, effektiv edə bildi, bizdə bu icbari sığorta 20 ildir ki, düzəlmir.
Məsuliyyət və canyandırma da yoxdur. Olsa idi, nə qədər müharibə iştirakçısı var idi, əsəbləri pozulmuşdu, buraxdılar evə, heç bir yerə, həkimə də təhkim etmədilər. Bir neçəsi intihar etdi. Bilirsiniz ki, nə qədər vətəndaş əlində resept gəzir? Sığorta zərfinə daxil olan xəstəliklərin də hərəsinə bir bəhanə edib zərfdən kənarda saxlayırlar.
Məsuliyyətlə deyirəm ki, Azərbaycanda ən xaotik sahələrdən biri də səhiyyə sistemidir. Küçədə sorğu aparaq, görək 10 nəfər soruşulandan neçəsi müsbət danışacaq?".
Əli