• 5 İyul 2025
logo
Naxçıvanda informasiya məhsulunun Ekspert Şurası təsnifatlaşdırmadan yayılması qadağan edilib

Naxçıvanda informasiya məhsulunun Ekspert Şurası təsnifatlaşdırmadan yayılması qadağan edilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”nı təsdiq edib.

Qərar muxtar respublikada informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydalarını müəyyən edir.

Qanunvericiliyə uyğun olaraq informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Naxçıvan Muxtar Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya qanunvericiliyə uyğun olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən muxtar respublika ərazisində yaya bilməz.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının Əsasnaməsi”ni də təsdiq edilib. Əsasnamə Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının fəaliyyətini tənzimləyir. Qanunvericiliyə əsasən Ekspert Şurası informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert rəyindən razı olmayan hüquqi və ya fiziki şəxslərin şikayətlərinə baxır və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nı da təsdiqləyib.