• 15 Oktyabr 2021
logo
Komitə: İstənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır

Komitə: İstənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karatin rejiminin tətbiqi nəticəsində ailələrdə şəxslər arasındakı münasibətlərdə yaranmış vəziyyəti öyrənmək məqsədilə təhlil aparıb.

Təhlilə əsasən, keçirilən sorğunun nəticələri bir daha göstərib ki, mühitdə, cəmiyyətdə baş verən hər bir hadisə bu və ya digər şəkildə ailəyə təsir edir.

Sorğu əhalinin 18 yaşından yuxarı hissəsi arasında telefon və online müsahibə formasında strukturlaşdırılmış sual- anket vasitəsilə keçirilib. Bütövlükdə, bu tədqiqatda 648 respondent iştirak edib. Sorğuda iştirak edən respondentlərin 41,8%-i kişi, 58,2%-i isə qadındır. Tədqiqatda təsadüfi seçmə əsasında sadə (nuklear) (69,2%) və mürəkkəb (30,8%) ailələr iştirak edib.

Respondentlərdən xahiş olunub ki, bütövlükdə ailələrindəki vəziyyəti qiymətləndirsinlər.

Beləliklə, sorğuda iştirak edənlərin 44,7%-i öz ailələrindəki münasibəti “yaxşı”, 32,3%-i isə “çox yaxşı” deyə fikirlərini qeyd edib. Cavablardan da göründüyü kimi, respondentlərin 77%-nin ailələrindəki münasibət yaxşıdır. Lakin qalan 23% ailələrdəki vəziyyət isə heç də qənaətbəxş deyil. Və əgər biz digər suallarla müqayisəli təhlil aparsaq yaranan mənzərə bir daha göstərir ki, ailə qurmamışdan öncə münasibətlərin düzgün dəyərləndirilməsi, ailəni qurmaqda əsas məqsədin müəyyən edilməsi çox mühümdür.

Repondentlərə belə bir sualla müraciət olunub ki, “Sizin mübahisənizə əsas səbəb nədir?”. Təqdim edilən cavab varinatlarından ən cox “bir-birimizi anlamırıq”(34,1%), “səbrsizlik” (15,5%) qeyd edilmişdir. Başqa bir sualda isə respondentlərdən hansı xüsusiyyətlərin onların ailəsinin möhkəmlərdirməsinə kömək etdiyi soruşulub. Əsas cavab “bir-birini anlamaq” (35,6%) və “qarşılıqlı hörmət” (20,4%) olub.

“Fikrinizcə, hansı xüsusiyyətlər ailənizi möhkəmləndirməyə kömək edir?” sualını respondentlərin 35,6%-i “bir-birini anlamaq”, 20,4%-i “qarşılıqlı hörmət”, 19,1%-i “ailə qarşısındakı məsuliyyət”, 15,3%-i “dostluq, mehribançılıq”, 9,6%-i isə “sevgi, məhəbbət” cavablandırıblar. Cavablardan da göründüyü kimi müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil, digər vacib məqamlardır ki, bunlar da özündə tərbiyə, mənəviyyat, davranış və əxlaqi dəyərləri birləşdirir. Boşanmalar hansı hallarda daha, çox baş verir? Biz görürük ki, xasiyyətlər, xarakterlər uyğun gəlməyəndə, tərəflərdən birinin zərərli vərdişlərə aludə olanda, erkən və qeyri-rəsmi nikahlarda, ailəyə ciddi münasibət göstərməyən, sosial və mənəvi məsuliyyət hissi aşağı qadın və kişilər olanda, sağlamlıq imkanları məhdud uşaq doğulan və uşaqsız ailələrdə boşanma halları daha çoxdur.

Karantin dövründə hazırkı durumu qiymətləndirmək məqsədilə respondentlərə təqdim edilən sorğunun təhlili bir daha göstərib ki, mühitdə, cəmiyyətdə baş verən hər bir hadisə bu və ya digər şəkildə ailəyə təsir edir. Bəşəriyyətin üzləşdiyi çətinliklər və gərginliklər ailə məsələlərini bir daha önə çıxarır və onun əhəmiyyətinin artırır. Çünki hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir.

Qeyd olunub ki, pandemiyalar da daxil olmaqla, istənilən böhran vəziyyətində gender əsaslı zorakılıq halları artır və bundan daha çox qadınlar və qızlar əziyyət çəkir. Adətən qeyd edirlər ki, qadınların əksəriyyəti yad insanlar tərəfindən zorakılığa məruz qalır. Onlar öz evlərində tamamilə müdafiə olunmuş şəxslərdir. Lakin reallıqda isə biz bunun əksinin şahidi oluruq. Belə ki, tədqiqatlar da sübut edir ki, qadınların əksəriyyəti məhz tanıdıqları insanlar tərəfindən zorakılığa məruz qalır.