Bakıda “İctimai şuralar: beynəlxalq və milli təcrübə” mövzusunda keçirilən beynəlxalq konfransda dövlət qurumlarında İctimai şuraların təşkili, onların fəaliyyətinə şərait yaradılması ilə bağlı milli təcrübə nümunələrindən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura ilə bağlı təqdimat olub.
Nazirlikdən verilən məlumata görə, konfrans ABŞ İnkişaf Agentliyinin (USAİD) dəstəyi və Şəffaflıq Naminə Vətəndaş Cəmiyyətinin layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə birgə, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunub. Məqsəd ölkəmizdə “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi ilə əlaqədar İctimai şuraların cari vəziyyətini və problemlərini müzakirə etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, ictimai iştirakçılıq sahəsində naliyyətləri və bu sahədə yeni çağırışları diqqətə çatdırmaq olub.
Tədbirin açılışında USAİD-in texniki ofisinin direktoru xanım Eileen Lavles, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov, Qeyri-kommersiya hüququ üzrə beynəlxalq mərkəzin (ABŞ) Avrasiya ölkələri üzrə vitse-prezidenti xanım Natalia Bourjaily, Açıq Hökumət Platformasının koordinatoru Əlməmməd Nuriyev çıxış ediblər.
Daha sonra ictimai iştirakçılıq sahəsində milli təcrübə nümunələrindən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura barədə təqdimat olub. İctimai Şuranın sədri Umud Mirzəyev şuranın fəaliyyəti barədə məlumat verib. Nazirlik rəsmiləri vətəndaş rifahı naminə atılan inqilabi addımları, əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya sahələrində aparılan islahatları diqqətə çatdırıblar. İslahatlar prosesində, həmçinin sosial müdafiə və aktiv əmək bazarı proqramlarının təşkili və həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, xidmətlərdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması yönündə aparılan işlərdə nazirliyin ictimai iştirakçılığa, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsinə xüsusi önəm verdiyi vurğulanıb.
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması və geniş miqyas alması üçün aparılan işlər, nazirliyin bu sahədə təcrübəsi maraqla qarşılanıb və müsbət dəyərləndirilib.
Tədbirdə ayrı-ayrı ölkələrin müvafiq sahələrdə təcrübələri də təqdim edilib, işçi qrupları formatında müzakirələr aparılıb.