• 3 Dekabr 2020
logo
Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının koronavirus pandemiyası dövründə media azadlığına həsr olunmuş 
onlayn konfransında iştirak edib

Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının koronavirus pandemiyası dövründə media azadlığına həsr olunmuş  onlayn konfransında iştirak edib

Avropa Mətbuat Şuraları Alyansı koronavirus pandemiyası dövründə medianın roluna həsr olunmuş onlayn konfrans keçirib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropanin 22 ölkəsindən olan nümayəndələrin iştirakı ilə düzənlənmiş tədbirə qatılıb.
Konfransda pandemiya şəraitində dövlət, vətəndaş və media münasibətlərinə diqqət yetirilib, infeksiya ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi, şəxsi həyatın toxunulmazlığı, hökumətlərin şəffaf informasiyaya çıxışın təmin edilməsindəki fəaliyyəti, media azadlığına təsirlər müzakirə olunub.
MŞ sədri Əflatun Amaşov Azərbaycandakı pandemik durumla bağlı məlumat verib, mövcud vəziyyətə dair ictimaiyyətin mütəmadi məlumatlandırılması istiqamətində ölkə başçısının və hökumətin gördüyü işlərdən söz açıb.
Ə.Amaşov medianın karantin dövründə sərbəst fəaliyyət göstərən peşələr sırasına daxil edildiyini bildirib. Virusa yoluxmuş şəxslərlə bağlı informasiyaların onların öz razılıqları əsasında yayıldığinı qeyd edib və həmin şəxslərə qarşı ayrı-seçkiliyin olmadığını diqqətə çatdırıb. “Azərbaycanda dövlət rəsmiləri, vətəndaş və kütləvi informasiya vasitələrinin nümayəndələri arasında nümunəvi əməkdaşlıq mövcuddur. Hökumət tərəfindən mütəmadi olaraq brifinqlər keçirilir, əhaliyə vəziyyətlə bağlı məlumatlar verilir, maarifləndirmə işləri həyata keçirilir", - deyən Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası ayrı-ayrı bloqerlerin, sərbəst çalışan jurnalistlərin fəaliyyətlərini maneəsiz yerinə yetirmələrinə də həssas yanaşır. Belə şəxslərin Şuraya müraciətləri əsasında siyahı tərtib edilib və sənəd Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha təqdim olunub. MŞ ümumən xüsusi karantin rejimində jurnalistlərin peşə vəzifələrini icrası ilə bağlı durumu diqqətdə saxlamaqdadır. Mövcud istiqamətdə müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq yaradılıb.
Ə.Amaşov toplantıda Almaniyadan olan nümayəndənin pandemiya dövründə Azərbaycanda media azadliğının vəziyyəti ilə bağlı sualına cavab olaraq bildirib ki, bu sahədə hər hansı problem yoxdur, ümumən hökumətin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən də medianın numayəndələrinin iştirakı ilə mütəmadi onlayn müzakirələr aparılır, qaydalar gözlənilməklə mətbuat konfransları keçirilir, mediada ve sosial şəbəkələrdə azad ve sərbəst şəkildə xəbərləşməyə heç bir maneə yoxdur.
Konfransda çıxış edən Avropanın müxtəlif Mətbuat Şuralarının rəhbərləri təmsil etdiklər ölkələrdə operativ məlumat çatışmazlığından söz açıblar. Onlar həmçinin virusa yoluxmuş şəxslər və prosesə cəlb edilmiş həkimlər haqqında məlumatların mediada yayımlanmasının haqsız qınaqa, ayrı-seçkiliyə şərait yaratdığını narahatliqla vurğulayıblar. Tədbirdə həmçinin pandemiya dövründə media azadlığinın əhəmiyyəti və bu sahədə əməkdaşlığın gücləndirilməsi məsələlərindən danışılıb.