• 23 Sentyabr 2020
logo
“Güzəştlər olmasa, problemli kreditlər kəskin artacaq”

“Güzəştlər olmasa, problemli kreditlər kəskin artacaq”

"Koronavirus pandemiyası dövründə banklara kreditin qaytarılması ilə bağlı güzəştin edilməsi məsələsi müzakirə olunur. Ümumiyyətlə kreditlərlə bağlı dövlət bir neçə istiqamətdə dəstək paketi hazırlayıb. Yaxın günlərdə buna aydınlıq gətiriləcək". Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, müzakirələrin nəticəsində hansı qərarın qəbul olunması bilinəcək: "İstehlak kreditləri ilə bağlı Mərkəzi Bank sədri də dedi ki, məsələyə baxılır. İstehlak kreditləri alanlar işləyən insanlardır. İşləmirsinizsə, sizə heç kim kredit verə bilməz. Kredit götürən sahibkarlara isə dövlət dəstəyini göstərir. Sahibkarlara güzəştli kreditlər verilir, onların faizlərinin bir qismini dövlət öz üzərinə götürüb. Müqavilə əsasında işləyənlərin əməkhaqqı fonduna dövlət dəstək olur. Bu tədbirlər imkan verəcək ki, onlar öz kreditlərini ödəsinlər. Görülən tədbirlər nəticəsində kreditlər yumşaldılacaq, əlavə kreditlər veriləcək. Verilən kreditlərin bir hissəsini də dövlət üzərinə götürəcək".
Qeyd edək ki, istehlak kreditləri avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir. Ölkədə istehlak kreditləri üstünlük təşkil edir. Bəs, bu istiqamətdə güzəştin hansı formada verilməsi daha yaxşı olar?
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında istehlak kreditləri ilə bağlı güzəşt məsələsindən danışıb, təkliflər irəli sürüb.
Ekspert bildirib ki, bir sıra ölkələrdə banklar elə öz hesabına kredit tətili elan edirlər: "Yəni vətəndaşlara deyirlər ki, bir neçə ay ərzində kredit ödənişi etməyin, sonra ödəniş edərsiniz. Beləcə, banklar öz hesablarına vətəndaşlara güzəşt edirlər. Əksər ölkələrdə isə dövlət bu xərcləri öz üzərinə götürüb, banklar öz hesabına bunu etmir. Yəni dövlət banklara təminat verib ki, kredit tətili elan edin və itkiləriniz qarşılanacaq".
Onun sözlərinə görə, dövlət vətəndaşların banklara aylıq ödəməli olduğu faizləri öz üzərinə götürməlidir, kredit üzrə əsas borcu yox: "Çünki bu aylarda bankların itirdiyi əsas borc deyil, ancaq faizdir. Məsələn, vətəndaş ayda 200 manat banka kredit ödənişi edir, bunun 150 manatı əsas borcdur, 50 manatı isə faizdir. İndi 3 ay kredit tətili elan edilsə, vətəndaş 3 ay ödəniş etməsə, bankın itirəcəyi faizlər üzrə 150 manat olacaq. Yəni 3 ay ərzində əsas borc (450 manat) qalır, bank yalnız 150 manat itirir. Vətəndaş əsas borcu sonra verəcək və bankın burada itkisi yoxdur, amma faiz bank üçün itkidir. Bank hər aya görə gərək faiz alsın, çünki bank da öz növbəsində götürdüyü kreditlərə, əmanətlərə görə faiz ödəməlidir. Ona görə də dövlət həmin vətəndaşın cəmi 150 manatını, yəni faizini banka ödəməlidir".
Ekspert bildirib ki, Azərbaycanda dövlət ən azından vətəndaşların kreditləri üzrə faiz ödənişlərini bir neçə ay üzərinə götürsə, yaxşı olar: "Əsas borcu da vətəndaş sonradan tədricən ödəyəcək. Məsələn, vətəndaş bu ilin əvvəlində 1 illik kredit götürüb və 2020-ci ilin dekabr ayında kreditini bağlamalıdır. İndi əgər 3 ay kredit tətili elan edilsə, deməli vətəndaşın kreditinin ödənilməsi vaxtı 3 ay uzadılacaq, yəni gələn ilin martın sonunda kreditin ödənilməsinin vaxtı bitəcək. Bu 3 aylıq kredit faizini də dövlət ödəyəcək. Amma 3 ay kredit tətili bitəndən sonra vətəndaş əsas borcu və faizləri ödəməyə davam edəcək".
"Bizdə istehlak kreditlərinin maksimal məbləği müəyyən edilməyib, amma bunu müəyyən etmək olar və bu məbləği əsas götürmək mümkündür. Əgər kreditlər ilə bağlı güzəştlər olmasa, problemli kreditlər kəskin artacaq", – deyə o əlavə edib.
Onu da bildirək ki, deputat Aydın Mirzəzadə Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında çıxış edərək xüsusi karantin rejimi dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulmasını təklif edib. Millət vəkilinin təklifinə cavab verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu məsələnin müzakirə olunduğunu bildirib.