• 20 May 2024
logo
“Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün bir fürsətdir”

“Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün bir fürsətdir”

Elman Cəfərli: “COP-29 Azərbaycanın sosial-iqtisadi uğurlarının tanıdılması yönündə böyük imkanlar açacaq”

“Son 50 ildə dünyamızı narahat edən əsas problemlərdən biri də qlobal iqlim dəyişikliyidir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qurumunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında isə qeyd olunur ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Hesab edilir ki, əgər planetimizdə temperatur bu tempdə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. O, əlavə edib ki, Azərbaycanda da son illər orta illik temperatur 0,4-1,30 dərəcəyədək artıb: “Ekspertlər qlobal istiləşməni əmələ gətirən faktorlar sırasında antropogen təsirləri ilk sıraya qoyurlar. XX əsrin 50-ci illərində baş vermiş elmi texniki tərəqqi yüksək inkişafa səbəb oldu, lakin texniki tərəqqi canlı aləmə mənfi təsirlər göstərdi. Kosmik tədqiqatlar yeniliklərə səbəb oldu. Lakin kosmik gəmilərin uçuşları ozon təbəqəsinin zədələnməsinə təsir edir. Elmi texniki tərəqqqi sənaye inqilablarının vüsət almasına səbəb oldu. Dünya əhalisi artdı. Sənaye sahələrin və kənd təsərrüfatı genişləndi. Çox təəssüf ki, sənayeleşmə və şəhərləşmə külli miqdarda istixana qazlarının atmosferə atılmasına səbəb oldu. İri meqapolislərin yaranması, daxiliyanma mühərrikləri ilə işləyən avtomobillərin sayının artması ekoloji mühitin çirklənməsini sürətləndirdi. Ötən əsrin 90-cı illərində qlobal beyin mərkəzləri artıq durumun ciddiliyinin fərqinə vardılar. Ənənəvi enerji növlərindən tədricən imtina olunması, bərpa olunan enerji növlərinin inkişafı prioritet kimi qarşıya məqsəd qoyuldu.
Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərində Azərbaycan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olaraq müəyyən edilib”.
Təşkilat sədrinin fikrincə, ölkəmiz Paris Sazişini 2016-cı ildə ratifikasiya edib və qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarını 35% azaltmağı hədəf kimi götürüb: “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%, 2030-cu ilədək isə 30%-ə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.
Azərbaycan ənənəvi enerji ixracatçısı olan ölkədir. Bununla belə ölkəmiz yaşıl enerjiyə keçidi prioritet elan edib. Azərbaycanln bərpaolunan enerji potensialının öyrənilməsi və yaşıl enerjiyə keçidlə bağlı irəli sürdüyü təşəbbüslır beynəlxalq aləmdə ciddi dəstək qazanıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin, Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar təqdir olunur. COP 29 kimi nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi də ölkəmizin bu istiqamətdə atdığı addımların nəticəsidir. Bərpa olunan enerjiyə keçid istiqamətində atılan addımlar bu sahənin daha da genişlənəcəyinə ümidlər yaradır. Aparılan məqsədyönlü işlər göstərir ki, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Azərbaycan hökuməti dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər və anlaşma memorandumları imzalayıb. Qeyd edək ki, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq. Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyası fəaliyyət göstərir. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.
İşğaldan azad olunmuş və bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Ölkəmiz Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşları ilə fəal iş aparır.
Yaşil enerjiyə keçidlə bağlı ölkəmizdə aparılan işlər böyük əhəmiyyət kəsb edir. Lakin görüləcək işlər çoxdur. Bərpa olunan Şərqi Zəngəzur və Qarabağda nəqliyyat infrasturukturunun yaşıl layihələrə əsaslanması çox yaxşıdır. Yaxşı olardı ki, bu təcrübə paytaxt Bakıda da tətbiq edilsin. Çünki böyük meqapolisə çevrilmiş tıxaclar şəhəri Bakı artıq nəfəs almaqda çətinlik çəkir. Son 30 ildə çoxillik ağaclar sənaye, iaşə müəssisələrinin, yaşayış məntəqələrinin genişləndirilməsi siyasətinə qurban verilib. Şəhərləşmə və sənayeləşmə bir zaman böyük bir ölkənin ucqar şəhəri kimi inkişaf etmiş Bakının tanınmaz hala salıb. Vəziyyətdən çıxış yolu kimi paytaxtın yükünün azaldılması təklif edilir. Bunun üçün ali məktəblərin bir qismi əyalət şəhərlərinə köçürülməli, Bakıda bir zamanlar mövcud olmuş yaşıl nəqliyyat növləri bərpa edilməlidir. Bakı ilə qəsəbələri birləşdirən dəmiryol şəbəkəsi yenidən qurulmalı, şəhərin mərkəzi rayonlarında belə tramvay xəttləri çəkilməlidir. Paytaxt Bakıda tıxacların aradan qaldırılması üçün irəli sürülən təkliflərdən biri də dəniz taksilərinin-qayıqların xəttə buraxılmasıdır. Bunun üçün şəhərin mərkəzi sahil bölgələrində və Zığ qəsəbəsində müvafiq infrastruktur yaradılmalıdır. Bakıda velosiped və skuterlərin hərəkətinə imkan yaradan zolaqlar yaradılır. Bu, yaxşıdır. Amma yaxşı olar ki, bu layihə paytaxtın mərkəzi rayonları ilə məhdudlaşmasın. Nizami, Xətai, Xəzər rayonlarında velosiped yolları salınmalıdır”.
E.Cəfərli əlavə edib ki, COP29-un əhəmiyyətinə gəlincə, bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün bir fürsətdir: “COP-29 Azərbaycanın sosial-iqtisadi uğurlarının tanıdılması yönündə böyük imkanlar açacaq. Ölkəmizdə pandemiyadan sonra faktiki çökmüş və böhran dövrünü yaşayan turizm sektorunun dirçəldilməsi üçün fürsət yaradacaq. Ən əsası COP-29 konfransı ictimai şüurda dəyişikliyə səbəb olacaq. Konfransla əlaqədar ölkəmizə minlərlə əcnəbi nümayəndənin gələcəyi gözlənilir. Bu cür tədbirlər özündən sonra insanların yaddaşında dərin izlər buraxır. Hesab edirəm ki, insanlarımızı şüurunda ətraf mühitə, yaşıl nəqliyyata yanaşmada inqilabi dəyişikliklər baş verəcək.
Sağlam ətraf mühit, təhlükəsiz su, hava prinsipləri ictimai şüurda ciddi dəyişikliyi labüd edir. İnsanlar dərk etməlidir ki, sağlam ekoloji mühitdə yaşamaq istəyiriksə, yaşadığımız şəhəri yaşıl məkana çevirməliyik. Bunun üçün karbonsuz nəqliyyata keçid sürətləndirilməlidir. Bu mərhələdə tanınmış nüfuzlu ictimai-siyasi xadimlərdən, populyar sənət adamlarından örnək addımlar gözləyirik. Yaşıl nəqliyyatı cəmiyyətdə, xüsusən gənclər arasında onlar populyarlaşdırmalıdır. Onlar şəxsi avtomobillərdən imtina etməli və bir örnək yaratmalıdır. Əks halda ictimai şüurda modernləşmə olmayacaq. İnsanları inandırmalıyıq ki, qlobal iqlim dəyişikliyinin fəsadlarını aradan qaldıra bilərik. Ən azı hədsiz istismara məruz qalmış təbiətə nəfəs almaq, özünü “format etmək” imkanı verə bilərik. Bunun üçün ənənəvi yanacaq növləri ilə işləyən nəqliyyat vasitələrinin sayı azaldılmalı, ictimai nəqliyyatda elektro mobillərə keçid sürətləndirilməlidir”.

Əli