• 4 İyun 2023
logo
İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır

İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır

Son zamanlar Azərbaycan Respublikasının əldə etdiyi dünya miqyaslı uğurlar və həmçinin onun gündən-günə artan gücü dünya dövlətləri ilə əlaqələrin daha da möhkəmlənməsinə öz müsbət təsirini göstərir.

Prezident İlham Əliyevin Litvaya səfəri, keçirdiyi görüşlər və aparılan müzakirələr inkişaf etməkdə olan Azərbaycan-Litva əlaqələrini daha da dərinləşdirəcək.

Prezident İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda arasında yüksək səviyyəli münasibətlər bu əməkdaşlığı yeni müstəviyə çıxarır. Ölkələrimiz arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı möhkəmləndirir, gələcək üçün geniş imkanlar açır.

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.

Belə ki, Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının 2012-ci il ikinci iclası zamanı iki ölkə arasında münasibətlərin siyasi, mədəni və ictimai sahədə daha da gücləndirilməsi üçün müəyyən işlər qarşıda duran icra planına daxil edilmişdir. Bu icra planına əsasən bütün fəaliyyətlər uğurla yerinə yetirilmişdir. Lakin iki ölkə arasındakı əlaqələrin getdikcə daha sürətlə inkişaf etdirilməsi artıq zərurətə çevrilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvaya rəsmi səfəri iki ölkə arasında münasibətləri yeni müstəviyə qaldırararq əlaqələrinin gələcək inkişafına öz töhfəsini verəcək. Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə imzalanmış əməkdaşlıq sənədləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat da bu ölkə ilə perspektivli əməkdaşlıq istiqaməti haqda da danışıb: “Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir”.

“Litva şirkətləri Azərbaycanın nəqliyyat, tikinti və digər sahələrinə xeyli sərmayələr yatırıb. Azərbaycandan da Litvaya investisiyalar qoyulub. Azərbaycan Prezidentinin son səfəri bu sahədə daha böyük irəliləyişlərə səbəb olacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən önəmli ölkə kimi Litva ilə əlaqələrə də ciddi önəm verir. Enerji layihələrinin şaxələndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, mühüm sənədlər imzalandı. Həmçinin iki ölkənin iş adamlarının və biznes dairələrinin iştirakı ilə biznes forum da keçirildi.

Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır.

Qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.

Cənab Prezident çıxışında logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialının da olduğunu bildirib: “Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir”.

Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.

Nəzərə çatdıraq ki, 2009-cu ildə Bakıda Litva Ticarət Evinin açılışı olub. Bakıda Ticarət evinin fəaliyyətə başlaması Litva ilə Azərbaycan arasında ticari əlaqələrin daha da genişlənməsinə, ikitərəfli ixrac və idxal əməliyyatlarının artmasına müsbət təsir göstərmişdir. Bundan sonra ölkəmizə Ltavadan gətirilən məhsulların çeşidi daha da artmışdır. Məsələn, əvvəllər Litvadan yalnız süd və balıq məhsulları idxal olunurdusa, ondan sonra alıcılar qablaşdırılmış sular, ət və ət məhsullarını almaq imkanı qazanmışdırlar. Bundan əlavə, Litvadan gətirilən avadanlıqlardan iki yeni zavodun tikilməsində istifadə edilimişdir.

Bütün bunlar Litva-Azərbaycan münasibətlərinin və əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti