• 28 Mart 2024
logo
Azərbaycan buna hazır olmalıdır - Amerikalı analitik

Azərbaycan buna hazır olmalıdır - Amerikalı analitik

İrəvan nəqliyyat dəhlizlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.
Baymedia.az xəbər verir ki, bu sözləri amerikalı analitik, ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş Pol Qobl Globalinfo.az-a açıqlamasında deyib.
P.Qobl Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması barədə bildirib ki, hər hansı sülh müqaviləsi haqqında danışmaq hələ tezdir:
“İndi intensiv danışıqlar aparmağa ehtiyac var və çoxlu kiçik razılaşmalar olmalıdır. Onlar etimadın yaradılmasına xidmət edə və sonradan əsas müqaviləyə gətirib çıxara bilər. 30 illik münaqişənin tez və asanlıqla həll ediləcəyini gözləmək təhlükəli yanılmadır”.
İranın Azərbaycandakı səfirliyinə hücum və Qüdsdə sinaqoqda törədilən partlayışın arxasında İranın olması barədə danışarkən ekspert deyib ki, bu hücumların arxasında çox insanlar ola bilər:
“İran hakimiyyətinin burada konkret hansı rola malik olduğu qeyri-müəyyəndir. Çox güman ki, o, həmişəki kimi ideologiyasının hərəkətə gətirdiyi proseslərə nəzarət etmir”.
İran və İsrail arasındakı toqquşma nəticəsində Cənubi Qafqaz və Yaxın Şərq regionunda yaranan qeyri-stabil vəziyyət barədə isə o, böyük müharibə təhlükəsinin olduğunu deyib:
“Lakin çox güman ki, yaranmaqda olan blokların yenidən təşkili və dondurulması baş verəcək. Azərbaycan getdikcə daha çox İsrail və Qərblə, İran isə Rusiya ilə yaxınlaşacaq”.
P.Qobl yeni dünya nizamının yaranması haqda bildirib ki, hazırda yeni dünya nizamının konturları aydın deyil:
“Ancaq bir şey dəqiqdir ki, Azərbaycan yeni dünya düzənində keçmişdə olduğundan daha böyük rol oynayacaq və eyni zamanda daha çox diqqət mərkəzində olacaq. Hər ikisinə də hazır olmalıdır”.