• 24 Aprel 2024
logo
“Azərbaycan-Ermənistan sərhəddi deyiləndə hara nəzərdə tutulur?

“Azərbaycan-Ermənistan sərhəddi deyiləndə hara nəzərdə tutulur?

Sahib Alıyev: “Bu missyanın Ermənistana dəstək məqsədilə göndərildiyi üzə çıxır”

Avropa İttifaqı sərhəd ərazilərdə “sabitliyə tövhə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Qurum bildirib ki, bu missiya vasitəsi ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində “əlverişli mühit”in və “etimad”ın yaradılmasına çalışacaq.
Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək.
Təbii ki, burada sözügedən qurumun açıqladığı kimi normallaşmadan söhbət getmir. Hər kəsə bəllidir ki, bu plan Fransanın Cənubi Qafqaza girmək və ədalətsiz siyasətini davam etdirmək məqsədi daşıyır.

Avropa İttifaqı daxilində böhran

Politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə bildirib ki, Avropa İttifaqının Ermənistana göndərdiyi missiya ilə Ermənistan ərazilərinin növbəti dəfə peşkəş edilməsidir. Ermənistan hakimiyyətinin böhranla üz üzrə olduğunu önə çəkən politoloqun sözlərinə görə, həm xarici, həm də daxili siyasət bərbad vəziyyətdədir: "Bütün istiqamətlərdə qeyri müəyyənlik hökm sürür. Ümumiyyətlə 2 illik mülki missiyanın hansı işlər görəcəyi də tam bəlli deyil. Əgər əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlıdırsa, o zaman Şarl Mişelin moderatorluğu ilə Brüsseldə uğurlu format təsis edilmişdi. Azərbaycan Prezidenti bu formatın yararlı olduğunu dəfələrlə bildirib. Eyni zamanda hadisələrin sonrakı məcrası da göstərdi ki, Avropa İttifaqı daxilində ciddi böhran mövcuddur. Fransa və Ermənistan sabotajla məşğuldur. Avropa İttifaqının Ermənistana göndərdiyi 2 illik misssiya Rusiya ilə Ermənistan arasında münasibətləri daha da pisləşdirəcək”.

Ermənistana dəstək məqsədi

Millət vəkili Sahib Alıyev diqqətə çatdırıb ki, Avropa İttifaqı Şurası Ermənistana iki illik mülki missiya (EUMA) göndərməklə bağlı qərar da bildirlir ki, missiya göndəriləcəyi ölkə ilə Azərbaycan sərhəddindəki vəziyyəti izləyəcək. Onun fikrincə. Avropa İttifaqı Şurasındakılar rəsmi Bakının iznini almadan sərhədlərimiz boyunca yerləşdirməyi planlaşdırdırdıqları missiyanın əsas vəzifəsinin Azərbaycanla Ermənistan arasında əlaqələri normallşadırmaq, ehtimad mühitini artırmaq olduğunu bildirir ki, bu, bir tərəfdən cəfəngiyyat, digər tərəfdən isə riyakarlıqdır: “Sual olunur, Azərbaycan-Ermənistan sərhəddi deyiləndə hara nəzərdə tutulur, bu haqda hər iki dövlət arasında hər hansı bir ilkin razılaşma varmı? Əlbəttə yoxdur. Yoxdursa, bu missyanın Ermənistana dəstək məqsədilə göndərildiyi üzə çıxır. Onda aydındır ki, Avropa Birliyi Şurasındakıların "sərhəd" adlandırdıqları yerlərdə haylar hər hansı bir təxribata əl atıb cavab reaksiyasıyla üzləşdikləri halda məhz Azərbaycan gərginlik yaratmaqda suçlandırılacaq.
Ona görə də Avropa Birliyinin bu addımı nəinki bizimlə haylar arasında Brüsseldəkilərin təqdim etməyə çalışdıqları kimi güvəni artıracaq, əksinə missiya göndərən quruma olub-qalan güvənimizi də sıfıra endirəcək.
Halbuki dövlət başçısı cənab İlham Əliyev öz açıqlamalarında bir neçə dəfə ATƏT-in Minsk qrupundan fərqli olaraq Avropa Birliyinə güvənildiyini və o səbəbdən də Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçiliyinə razilıq verdiyimizi dilə gətirmişdi.
Təəssüf ki, həmin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransanın Avropa Birliyini Qafqazda yeritdiyi nataraz və birtərəfli siyasətə şərik etməsi nəticəsində sözü gedən qurum da, onun ayrı-ayrı institutları da Azərbaycanda gözdən düşməkdədirlər.
Söhbət həm də o Fransadan gedir ki, onun başında duran Makron rəsmi İrəvanın ekstremistliyinə görə Ermənistana buraxmadıqları qatı hay millətçisi daşnak Murad Papazyanla yaxınlarda görüşməyi planlaşdırır.
Avropa Birliyi missiyasına hələ rəhbər təyin edilməyib. Bəlkə, missiyaya rəhbərlik ikinci Qarabağ savaşı bitər-bitməz soydaşlarını yenisini başlatmağa-revanşizmə səsləyən, elə həmən Papazyana tapşırılsın?
Beləliklə, həm o, Ermənistana buraxılar, həm də Avropa Birliyinin guya planlaşdırdığı kimi iki ölkə arasında əlaqələrin normallaşdırılmasına, güvən mühitinin yaranmasına böyk "töhfə" verərdi”.

Praqa razılaşmasına zidd addım

Politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, Fransa Ermənistanda müşahidə missiyası adı altında Cənubi Qafqaza girmək və burada öz ədalətsiz və beynəlxalq hüquqa zidd olan, işğalçıya dəstək mahiyyəti daşıyan siyasi maraqlarını davam etdirməyə çalışır: “Brüsselin növbəti dəfə Ermənistana müşahidə missiyası göndərməsi Praqada əldə olunan dördtərəfli razılaşmalara ziddir. Avropa İttifaqının bu məsələ ilə bağlı irrasional qərarı ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh prosesinə zərbə vuracaq. Doğrusunu desək, Brüsselin Ermənistanın Azərbaycanla sərhəd ərazilərində öz müşahidə missiyasını yerləşdirməsi bu ölkədə möhkəmlənmək, xüsusilə Rusiyanın regionda təsir imkanlarını zəiflətməyə yönəlib. Avropa İttifaqı Gürcüstandakı kimi Ermənistanda da öz siyasi, iqtisadi və starteji təsir imkanlarını genişləndirməyə çalışır. Avropa İttifaqının iki illik sülh missiyası bölgədə sülh yaratmaq yox, bilavasitə Ermənistanı qorumağa istiqamətlənib. Amma Gürcüstandan fərqli olaraq, Brüssel Ermənistanda öz istəklərinə və arzularına tam nail ola bilməyəcək. Ona görə ki, regionda qərəzli və məntiqsiz siyasət yürüdürlər. Əgər Avropa İttifaqı Cənubi Qafqaz regionunda öz siyasətini uğurla yönəltmək istəyirsə, mütləq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təkan verməlidir, o cümlədən Brüssel formatı çərçivəsində sülh təşəbbüslərini davam etdirməlidir. Bu istiqamətdə müsbət nailiyyətlər olduğu təqdirdə Ermənistana müşahidə missiyasının göndərilməsinə ehtiyac olmayacaq.

Ermənistanda siyasi böhran daha da dərinləşəcək

M.Əsədullazadə hesab edir ki, Avropa İttifaqının bu qərarında Fransanın rolu bəllidir: “Fransa bununla Ermənistanda öz geostrateji dayağını gücləndirməyi planlaşdırır. Fransanın Ermənistandakı siyasəti regionda siyasi böhranı daha da dərinləşdirəcək. Əslinə qalanda Fransanın dövlət rəhbərliyi Cənubi Qafqazda gedən siyasi-hərbi prosesləri düzgün qiymətləndirməyi bacarmırlar. Onların bölgədə atacağı addımlar uğurlu olmayacaq, həqiqəti desək, bütün bunlar Parisin əlehinə işləyəcək. Fransa Cənubi Qafqazda regional sülhün və təhlükəsizliyin bərqərar olunmasına istəyirsə, Azərbaycanla bir çox məsələləri müzakirə etməlidir, danışıqlar çərçivəsində hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərməlidir. Amma təəssüflər olsun ki, rəsmi Parisin hazırki addımları sülhün təmin olunmasına qarşı yönəlib”.

Əli