• 29 Noyabr 2023
logo
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix

Müstəqil Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiyası ölkəmizin həyatında mühüm tarixi hadisə kimi yadda qalmışdır. Artıq 27 ildir ki, xalqımız bu günü Əsas dövlət bayramlarından biri kimi təntənə ilə qeyd edir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında ölkənin müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, elm və təhsilini, humanizm və insanpərvərlik prinsiplərini qoruyacaq bütün maddələr əksini tapmışdır. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Burada ölkənin demokratik yolla idarə edilməsinə dair bütün müddəalar daxil edilmişdir.

1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur.

SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minmişdir.

Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Bütün bunlar Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyasının qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitinin yaradılması ilə nəticələndi. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycanda ilk milli Konstitusiyasının yaradılması ümummilli liderimizin tarixi xidmətlərindən biridir. Ulu öndərimiz ömrü boyu qanunun aliliyinə hörmətlə yanaşırdı. “Qanun şahdır, şah qanun deyil” məşhur ifadəsi onun həyat amalına çevrildiyindən Azərbaycan xalqı qanunun şahlığını məhz Heydər Əliyevin hakimiyyəti dövründə görmüşdür. Müdrik insan əbəs yerə demirdi ki, xalq dövlət üçün deyil, dövlət xalq üçün çalışmalıdır.

Azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü işləri sayəsində ölkəmizdə yaranmış əlverişli ictimai-siyasi, hüquqi və iqtisadi mühit doğma Azərbaycanımızın nurlu gələcəyinə olan inamımızı bir daha artırır.

Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunacaq.

Əfqan Rzayev
Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi