• 19 Mart 2024
logo
Ermənilər "Azərbaycan" deyirlər

Ermənilər "Azərbaycan" deyirlər

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərin sayı artır

Son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır.
Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar.
Qambaryan müraciətində Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu söyləyib: “Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”.
Bloger İşxan Verdyan isə müraciətində bildirib: "Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalmayan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm...
Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”.
Aqunik Abovyan adlı erməni qadın da Prezident İlham Əliyevə müraciət edib.
İslam dinini qəbul etdiyini deyən qadın Prezidentdən Bakıya və Şuşaya gəlməsi üçün ona icazə verilməsini xahiş edib.
O, Şuşada namaz qılmaq arzusunda olduğunu söyləyib. Abovyan qeyd edib ki, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur:
"İcazə verin, Azərbaycana gəlim, gözəl şəhərinizi gəzim. İstəyirəm ki, yoldaşımın və dostlarımın vətənini görüm. Qarabağda, Şuşada olmaq, orada namaz qılmaq istəyirəm".
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov "Xalq Cəbhəsi"nə bildirib ki, ermənilərin müraciətlərinin əsasında Azərbaycan vətəndaşlığını almaqdır: "Onlar Azərbaycandan təhlükəsizlik zəmanəti istəyirlər. Bu prosesi doğuran bir sıra amilləri qeyd etmək istəyirəm. İlk növbədə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə erməni separatçılığına, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoydu.
Ermənistan tərəfi, erməni xalqı anladı ki, uzun illər ərzində Azərbaycana qarşı müxtəlif istəklər irəli sürmək tamamilə yolverilməzdir və regionda iqtisadi inkişafı stimullaşdırmaq və onu müəyyənləşdirmək üçün yeganə çıxış yolu qonşularla normal münasibətlərin qurulmasıdır. Bunun üçün Ermənistan Türkiyə və Azərbaycanla beynəlxalq hüquqdan irəli gələn norma və prinsiplər əsasında əməkdaşlıq etməlidir. Burada ərazi bütövlüyünə, qarşılıqlı olaraq müstəqilliyə, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığına hörmət ən başlıca prioritet hesab olunur"
Politoloqun fikrincə, Xankəndi və ətrafda yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini həyata keçirmək lazımdır: "10 noyabr 2020-ci ildən sonra bir sıra uğurlu əməliyyatlara imza atılıb. 2021-ci ilin mayında Qaragöl ətrafında sərhədlərin müəyyən edilməsi, 2021-ci il noyabrın 16-da qısamüddətli eskolasiya, eləcə də cari ildə Fərrux yüksəkliyinin ələ keçirilməsi, ardınca "Qisas" antiterror əməliyyatı nəticəsində Qırxqız, Sarıbaba və Bozdux yüksəkliklərin nəzarətimizə keçməsi Azərbaycanın gücünü, qüdrətini hərbi potensialını sərgiləməklə yanaşı, həm də diplomatik siyasi müstəvidə intensivliyini təmin etmiş oldu. Nəticədə Azərbaycan ərazisində etnik ermənilər artıq sığınacaq istəyir və birgəyaşayışın ilkin konturlarının işartıları görünür. Mənə elə gəlir ki, müəyyən müddət keçəndən sonra Qarabağdakı separatçıları elə erməni xalqı özü çıxaracaq. Bir zamanlar Qarabağın Ermənistana birləşdirilməsi prosesi həyata keçirilirdisə, bu gün biz əks prosesləri görürük, Qarabağın Azərbaycanın ayrılmaz tərkib bir hissəsi olması, Azərbaycan torpağı olması ideologiyası cənab Prezident İlham Əliyevə məxsusdur və bu ideologiyanın artıq məntiqli sonluğunu müşahidə edirik. Qabağdakı ermənilər artıq Azərbaycan tərkibində yaşamağa qərar veriblər, Azərbaycan vətəndaşlığını qəbul etmək yolunu seçiblər. Qarşıdakı dönəmdə revanşizm ideyaları ilə yaşayan və Qarabağın "müstəqilliyi" uğrunda çalışan şəxslərin bölgəni tərk etməsi, Azərbaycan qanunları altında hərəkət etməyə razılaşan etnik erməniləri görəcəyik. Bu da Azərbaycanın siyasi iradəsini, prinsipiallığını və qətiyyətini nümayiş etdirir. Bu xüsusda Laçın dəhlizinə alternativ yolun çəkilişi və üçtərəfli birgə bəyanatın 4-cü maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinin regionu tərk etməsi həyata keçiriləcək ki, bunun nəticəsində bölgənin təhlükəsizlik arxitekturası bir qədər də möhkəmlənəcək".
Politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Azərbaycanın ikinci Qarabağ müharibsəində qalib gəlməsi, regionda yeni reallıqlar yartaması, həmçinin bunun regionda sülhün və təhlükəsizliyinin təmininə gətirdiyini artıq ermənilər də qəbul edir: "Onlar görürü ki, dünya birliyi də Azərbaycanın haqq savaşını qəbul edərək dəstəklədi və beynəlxalq hüquq Azərbaycanın yanındadır. Azərbaycan Qarabağda yaşayan cinayətə bulaşmayan ermənilərə vətəndaşlıq verməyə hazıdır. Azərbaycan daima sülhdən çıxış edir və bunu ermənilər görür. Hətta görürülər ki, artıq Ermənistanın Qarabağla bağları kəsilib və bura Azərbaycanın tam nəzarətinə keçir. Ermənilər də xoş davranır. Yeni dəhliz yolu çəkdi. Həmçinin ermənilər görür ki, Azərbaycanı qəbul etməyəcəklər, Qarabağdan tam çıxacaqlar. Nicatı Azərbaycanda görürlər. Ona görə də ermənilər Azərbaycan Prezidentinə müraciət edirlər. Qarabağda yeni tikinti layihələrini görürlər və inkişaf onları buna sövq edir. Düşünürəm ki, artıq erməniləri qəbul etmək olmaz. Ümumiyyətlə, Azərbaycan daima elan edib ki, Qarabağda ermənilər Azərbaycan vətəndaşlarıdır bunu rəsmən deyir. Amma, xaricdə yaşayan ermənilərə vətəndaşlıq vermək olmaz. Onlar terrorçudur və biz acı nəticələri unutamayaq. Nəzərə alaq ki, biz torpaqları sülhlə deyil. müharibə ilə aldıq. Sülhlə alsaydıq, çağrılara müsbət cavab verə bilərdik. Bu, normal olardı. Hazırda isə. bizim onlara vətəndaşlıq verməyimiz mənəvi hüququmuz yoxdur".
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün fikrincə, bir sıra ermənilərin Azərbaycan prezidentinə müraciət etməsinin əsas səbəbi onların bölgədə dəyişən durumu düzgün qiymətləndirmələri, Azərbaycanın gücünü və potensialını qəbul etmələridir. 44 günlük müharibəyə qədər Ermənistan rəhbərliyi öz vətəndaşlarına, ermənilərə çoxsaylı yalanlar danışmaqla, öz gücündən mif düzəltməklə məşğul idilər. Ermənilər bu yalana inanmışdılar. II Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığı bu mifi darmadağın etdi və ermənilərin böyük bir qismi ayıldı:
"Müharibədən sonra Azərbaycan dövləti siyasi-diplomatik yolla Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıqda ermənilər sanki ikinci ağır zərbəni aldırlar. Yadınızdadırsa, o zaman ermənilər həmin əraziləri hətta tərk etmək istəmirdilər. Lakin xoşluqla və zorluqla da olsa onlar həmin üç rayondan çıxarıldılar.
Azərbaycan ordusunun və dövlətinin ermənilər üçün sürprizləri bununla bitmədi. Müxtəlif zamanlarda ordumuz önəmli yüksəklikləri, əraziləri qanunsuz erməni silahlı birləşmələrindən geri aldı. Ən nəhayət, hələlik sonuncu zərbə Laçın şəhərinin və Zabux kəndinin də ermənilərdən boşaldılması ilə bağlı prosesin başladılmasıdır.
Bütün bunlar Ermənistanın əvvəlki və indiki rəhbərliyinin uydurduğu erməni mifinin darmadağın edilməsilə nəticələndi. Məncə ermənilərin artıq Azərbaycan prezidentinə müraciətinin əsas səbəbi budur.
Azərbaycan ərazisində bundan sonra dinc, yanaşı yaşamaq istəyən ermənilərə, I Qarabağ müharibəsinə qədər yaşamış ermənilərə və onların ailə üzvlərinə Azərbaycan vətəndaşlığının verilməsini mümkün hesab edirəm. Azərbaycanlılara qarşı qətl, soyqırım, vandalizm aktlarında iştirak etməyən ermənilər vətəndaşlıq ala bilərlər. Digər ermənilər isə mütləq şəkildə etdikləri cinayət əməllərinə görə cavab verməlidirlər. Vətəndaşlıq alan ermənilər Azərbaycan qanunlarına əməl edərək yaşayacaqlarsa problem yoxdur. Əgər hansısa terror, təxribat, separatçı əməllər törətmək istəyəcəklərsə sərt şəkildə cəzalandırılmalıdırlar".
Politoloq Vüqar Dadaşov isə bildirib ki, Xankəndidə və ətraf əraziləririmizdə yaşayan bir qrup ermənin sosial şəbəkələr vasitəsi ilə Azərbaycan hakimiyyətinə onlara Azərbaycan vətəndaşlığının verilməsini barədə müraciəti geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı fikir söyləyən həmvətənlilərimizin mütləq çoxluğu bunun əleyhinə olduğunu bildirir: “Əvvəla qeyd edim ki, Qarabağ İqtisadi Zonasında yaşayan ermənilər təkcə sosial şəbəkələr vasitəsi ilə deyil, həmçinin rəsmi kanallarla, yerlərdə isə bir başa hərbiçillərimizə də müraciət etməklə onlara Azərbaycan vətəndaşlığının verilməsi ilə bağlı çoxlu müraciətlər edirlər. Milli Məclisdə Xankəndini təmsil edən hörmətli deputat Tural Gəncəli də erməni əsilli şəxslərin vətəndaşlıq almaq istəyi barədə açıqlamaları da vardır.
Xankəndidə və ətraf ərazilərimizdə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə öz şəxsimdə bir az fərqli yanaşmam var. Fikrimi düzgün izah etmək üçün qeyd edim ki, əvvəla Qarabağ müharibəsi veteranı və qazisi olaraq xalqımıza qarşı erməni vəhşiliyinin canlı şahidiyəm. Neçə-neçə döyüş yoldaşlarım şəhid, neçə-neçə silahdaşlarım yarımcan və əlil olub. Erməni xislətinin, nifrətinin, düşmənçiliyinin və onların havadarlarının xalqımıza qarşı amansızlığı, məkrli planları barədə müəllifi olduğum tarixi, elmi kitablarımda və məqalələrimdə geniş yazmışam və publik çıxışlar etmişəm. Şəxsimin onlara qarşı mənfi münasibətimin sərhəddi yoxdur və düşünürəm ki, mənim qədər onlara nifrət edən də olmaz.
Ancaq, Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilərə onlara Azərbaycan vətəndaşlığının verillməsi barədə müraciətlərinə baxılmasının tərəfdarıyam və bu məsələyə emosiyalarla deyil, məntiq və siyasi uzaqgörənliklə yanaşılmalıdır. Müraciət edən ermənilərə Azərbaycan vətəndaşlıq məsələsinin özünün rədd edilməsi həm ölkə qanunvericiliyinə və həm də Azərbaycan xalqının minilliklərə söykənən xarakterinə uyğun deyildir. Əvvəla Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlarına görə insanların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün milli, etnik və ümumiyyətlə sosial statusu heç bir məhdudiyyət yaratmır, əksinə hər bir münasibətdə hüquqi bərabərliyi təmin edir. Belə olmasaydı hal-hazırda Azərbaycanda 30 minə yaxın erməni əsilli Azərbaycan vətəndaşı yaşamazdı. Bu birinci məqam.
Digər tərəfdən də, nəzərə almalıyıq ki, otuz ilə yaxın müddətə Azərbaycan torpaqlarını işğal edilməsi təkcə Ermənistanla bağlı məsələ deyildi. İşğalçılıqda Ermənistana və ermənilərə bir başa dəstək verən qonşu dövlətlərlə yanaşı dünya nəhəngləri var idi, daha doğrusu indi də var hələ. Möhtəşəm qələbəmizlə yekunlaşan 44 günlük müharibə də Xankəndinin azad edilməsi məsələsini əngəlləyən həm də yalançı "etnik təmizləmə" və hətta "soyqırım" ittihamının irəli sürülməsi ehtimalının yüksək olması idi. Xankəndi və ətraf ərazilərdə Azərbaycan suverenliyinin bərpası üçün həmin ərazilərdə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası mütləqdir.
Təbii ki, ermənilərin Azərbaycan ərazisində bərabər hüquqlu Azərbaycan vətəndaşı kimi yaşaması üçün onların Azərbaycan xalqına qarşı soyqırım və müharibə cinayətlərində iştirakı, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyəti araşdırılmalı və sonra onlara Azərbaycan vətəndaşlığı ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Həmin ərazilərdə Azərbaycan Respublikasının suverenliyi bərpa edildikdın sonra ümumən isə Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənlərlə bağlı strateji milli layihələr mərhələli şəkildə həyata keçirilməlidir ki, "erməni separatizmi" deyilən bir virusun təzədən yayılma ehtimalı sıfıra ensin”.

Cavid