• 25 Aprel 2024
logo
Milli Məclisin plenar iclası keçirilib

Milli Məclisin plenar iclası keçirilib

Millət vəkilləri 16 məsələni müzakirə ediblər

Milli Məclisin Növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. “Xalq Cəbhəsi”nini məlumatına görə, millət vəkilləri
iclasın gündəliyinə daxil olan 16 məsələni müzakirə ediblər. Qeyd edək ki, 16 məsələnin 14-ü 3 üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında edilən dəyişikliyə görə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü seçilib.
Qeyd edək ki, parlamentin 5 üzvü Komissiyaya daxildir. Onlar Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyevdir.
Daha sonra Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.
Qərara əsasən, deputat Tamam Cəfərova Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər təyin edilib.
Həmçinin "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, ombudsmanın 2230 manat müəyyən edilən vəzifə maaşı artırılaraq 3060 manata çatdırılıb. Bundan əlavə, müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində əlavə ödəniləcək.
Bundan başqa “2022-ci il dövlət büdcəsi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.
İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər isə olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur.
“Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə, Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılıb. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manat müəyyən edilib. Qanun üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Vergi Məcəlləsinə dəyişiklik layihəsi də parlamentin keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, layihə təsdiq edildikdən sonra 2022-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.
Azərbaycanda özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib.
Layihəyə əsasən, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:
- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;
- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.
Qanun layihəsi özəl baytarlıq xidməti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin vergitutma məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsinə əsasən, özəl baytarlıq xidmətlərinin ƏDV-dən azad edilməsi, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi kimi sabit pul məbləğində vergiyə cəlb edilməsi təklif olunur. Bununla da fərdi baytarlıq xidmətinin vergiyə cəlbi sahəsində inzibatçılıq azaldılacaq və bu şəxslərə yalnız “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” tətbiq ediləcək.
Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu