• 8 Avqust 2022
logo
Cahit Bağçı: “Bu abidə qardaş ölkələrimizin bir-birinin yanında olduğunun nümunəsidir”

Cahit Bağçı: “Bu abidə qardaş ölkələrimizin bir-birinin yanında olduğunun nümunəsidir”

“Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləri üzərində qurulub. Bu münasibətlərin əsasında tarixi bağ dayanır. Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki, Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. Bu qardaşlıq münasibətləri bu gün də davam edir”.
Bu açıqlamanı APA-nın yerli bürosuna Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı verib. Onun sözlərinə görə, əsrlərə söykənən qardaşlıq bu gün də davam edir. Səfir 11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun Gəncənin Şah Abbas məscidi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olan 13 mehmetçiyi üçün elə bu ərazidə, şəhərin mərkəzində möhtəşəm abidənin ucaldılmasını hər iki dövlət üçün çox böyük tarixi hadisə olduğunu vurğulayıb.
“Gəncənin mərkəzində, mehmetçiklərin şəhid olduqları yerdə bu abidənin ucaldılmasında zəhməti keçən hər kəsə, Gəncə şəhər rəhbərliyinə, Türkiyənin Gəncədəki Konsulluğuna, iş adamlarına minnətdarlıq edirəm. Bu abidə bir millət iki dövlət olan qardaş ölkələrimizin həm xoş günündə, həm də dar günündə bir birinin yanında olduğunun nümunəsidir” deyə səfir Cahit Bağçı vurğulayıb.