• 28 İyun 2022
logo
YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb

YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradılıb - FOTO

Bu gün Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) möhtəşəmliyinin bariz təzahürü məhz onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Yarandığı gündən sözü ilə əməlinin birliyi, tutduğu yola sadiqliyi YAP-ın sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşməsində özünün aydın ifadəsini tapır. Hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən YAP cəmiyyətin avanqard qüvvəsi kimi bütün proseslərin mərkəzində dayanır, milyonların partiyası imicini daha da möhkəmləndirir. Bu inkişaf partiyanın hər bir rayon və şəhər təşkilatının fəaliyyətində də özünü qabarıq şəkildə büruzə verir.

Sıralarında 18 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının üzvlərinin, eyni zamanda, ərazi partiya təşkilatlarının sayının artması da bu baxımdan diqqətçəkəndir. Belə ki, mayın 26-da YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sırasına daha biri də əlavə olunub. 28 - May Müstəqillik Günü ərəfəsində Xocalı prospekti 15 ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb.

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan, tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultaydan sonra partiyanın həyatındakı yeniliklərdən geniş bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, özünün real həyatda təsdiqini tapıb: “Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası son 18 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP-ın təsis olunmasının 30 illiyi ərəfəsindəyik. 30 illik zəngin yol partiyanın həyatında biri-birindən əhəmiyyətli tarixi hadisələrlə müşayiət olunur. 30 ildə əldə olunan təcrübə, möhkəm təməl gələcəyə daha böyük əminliklə irəliləməyə əsas verir. Heydər Əliyev ideyalarının fəal təbliğatçısı olan YAP-ın hər bir üzvü yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın bu məqsədlərə yüksək səviyyədə nail olmasına öz töhfəsini verməyə səy göstərir. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir.”

Vüqar Rəhimzadə Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın möhtəşəm uğurlarından da geniş bəhs edib: “Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev sözün əsl mənasında Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi inkişaf səviyyəsinə qaldırdı. Bu gün Azərbaycan qalib ölkə kimi regionda və dünyada fəal mövqeyə malikdir. Yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatlarının müəllifi Azərbaycandır. Son 18 ildən artıq dövrün uğurlarının zirvəsində tarixi Zəfərimiz və işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri dayanır. Bu gün əsas hədəfimiz Böyük Qayıdışdır. Azərbaycanın daxilində baş verənlər- əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr, qəbul olunan Dövlət proqramları, imzalanan fərmanlar, sərəncamlar, siyasi sabitlik ölkəmizin dünya birliyindəki yerini daha da möhkəmləndirir. Bu uğurların bələdçisi olan Yeni Azərbaycan Partiyası hazırda qəbul etdiyi yeni Nizamnaməyə və təsdiqlədiyi Proqrama uyğun olaraq fəaliyyətini daha da təkmilləşdirir, yeniləşdirir.”

Daha sonra təşkilati məsələyə baxılıb. Elgiz Dadaşov yeni yaradılan ərazi partiya təşkilatının sədri, Əhməd Bayramov isə sədr müavini seçiliblər.