• 30 İyun 2022
logo
Ukrayna və xalqının ölkəmizə hörməti daha da artıb

Ukrayna və xalqının ölkəmizə hörməti daha da artıb

Ceyhun Məmmədov: “Bu gün 50-dən çox soydaşımız ən qaynar nöqtələrdə Ukrayna uğurunda səngərlərdədir”

Rusiya Ukraynaya hərbi təcavüzündən iki ay ötür. Kreml istəyinə nail ola bilməsə də, Ukraynanın bir çox şəhəri dağıdılıb, ölkədə həyat sönüb, mülki əhali arasında ölüm, qaçqınların sayı artıb. Lakin ukraynalılar ümidlərini itirməyiblər, əli silah tutan hər bir vətənpərvər Rusiya işğalına qarşı səfərbər olunub. Vətənpərvər, mübariz ukraynalılar qələbə ümidi ilə vuruşurlar və bir çox hallarda buna nail olurlar. Xalq inanır ki, həmrəylik və birlik düşmənə ən sarsıdıcı və ağır zərbədir. Ukraynada yaşayan, bu ölkəni özlərinə ikinci vətən sayan azərbaycanlılar da Rusiyanın işğalına qarşı həmrəylik nümayiş etdiriblər. Aralarında canlarından keçəni də var, yaralanan da, qəhrəman olan da, Ukrayna ordusuna mənəvi dəstək göstərən də.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovla söhbətimiz də elə bu mövzu üzərində qurduq.
- Rusiyanın Ukraynaya hərbi təcavüzündən iki ay ötür. Düzdür, Ukrayna ordusunun uğurları da var, amma vəziyyət gərgin olaraq qalır...
- Bu gün Rusiyanın Ukraynaya hərbi təcavüzündən iki ay deyil, 8 il 76 gün keçir. Bu müharibənin hər bir günü günahsız insanların faciəsi və eyni zamanda Ukrayna xalqının şücaət salnaməsidir. Ukrayna qəhrəmanları sübut etdilər ki, Putin Rusiyası uğursuzluğa düçar olmayacaq və məğlub edilməyəcək qədər böyük və güclü deyil. Ukrayna qəhrəmanları sübut etdilər ki, “sovet qardaşlığı” deyilən bir anlayış olmayıb, yoxdur və olmayacaq! Ukrayna qəhrəmanları sübut etdilər ki, nüvə silahına sahib olan dünyanın “ikinci” ordusu belə xalqın qarşısında dayana bilməz. Ukrayna uğrunda canından keçən və canından keçməyə hazır olan milyonlar sübut etdi ki, onlar vətənlərini və azadlıqlarını qoruyub gücləndirə biləcəklər. Onlar ukraynalıların igidliyini və imperialist rusların isə alçaqlığını bütün dünyaya bir daha sübut etdilər. Bu gün “Biz ukraynalıyıq” sözü dünyanın ən tanınmış və hörmət olunan bir brendinə çevrilib. Ukrayna xalqı azad dünyanın avtoritarizmə qarşı mübarizəsinin lideri olduğunun fərqindədir və bu missiyanı uğurla başa çatdıracağna artıq kimsənin şübhəsi yoxdur.
- Ukraynada yaşayan digər xalqların nümayəndələrinin Rusiyanın təcavüzünə münasibəti necədir, bu haqda nələr eşidirsiz?
- Ukraynada yaşayan və sağlam düşüncəyə sahib olan hər kəs milliyətindən və dini mənsubiyyətindən asılı olmayaraq ukraynalıların yanındadır. Özümüzdən götürək, burada yaşayan azərbaycanlıların ən böyük birliyindən biri olan Ukrayna Azərbaycanlıları Radası müharibənin aktivləşdiyi ilk gün bəyanatla çıxış edərək Ukrayna dövlərini və xalqını dəstəklədi. Müharibənin sonrakı gedişində də bunu əməli olaraq göstərdik və göstərməyə də davam edirik. Hansı təşkilatda təmsil olunmağından asılı olmayaraq bütün azərbaycanlılarımız həm orduya, həm də ehtiyacı olanlara humanitar yardımlarını davam etdirir. Savaşın ilk günlərində, ərzaq qıtlığının olduğu zamanlarda UAR ofisində Kiyev Azərbaycanlıları Konqresinin sədri, UAR İdarə Heyətinin üzvü Oleq Krapivin tərəfindən Kiyev əhalisinə ərzaq yardımları göstərilməyə başladıq. Bu proses demək olar ki, bütün regionlara da yayıldı - Odessa, Poltava, Lvov, Çerkası və digər regionlarda diasporumuz tərəfində Ukrayna xalqına və ordusuna dəstək verilir. Bu proses dayanmayıb hətta daha da sistemləşib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, UAR İdarə Heyətinin üzvü Hikmət Cavadov da Bakıdan Kiyevə tibbi ləvazimatlardan ibarət humanitar yardım göstərib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri Oqtay Əfəndiyevin gördüyü işlərin miqyası da çox böyükdür. Ukrayna ordusuna üç milyon qriven yardım etməsinin yanında onun rəhbərliyi ilə mütəmadi olaraq əhaliyə ərzaq yardımı göstərilir.
Bu arada heç bir duaspor təşkilatında təmsil olunmayan iki soydaşımızın xidmətini də xüsusi olaraq qeyd etməliyəm - Anar Rəfiyev və Mətləb Mustafayev. Bu iki qəhərəman Azərbaycan övladı da həm soydaşlatımızın təxliyəsində, həm də ukraynalılara yardımda çox önəmli işlər görüblər və görməyə də davam edirlər.
UAR baş katibi olaraq mən də bu proseslərin içindəyəm, müxtəlif yardım qrumlarına dəstək verirəm. Hətta bu yaxınlarda Ukraynanın Prezidenti ofisi tərəfindən mənə Fəxti Fərman verildi. İşlərimizi qiymətləndirdiyinə görə Ukrayna Prezidentinin Müdafiəçilərinin Hüquqları üzrə Müşaviri Alena Verbitskaya sizin vasitənizlə də bir daha təşəkkür edirəm!
Bundan əlavə Ukraynada fəaliyyət göstərən bünün müsəlman diasporaları ilə birlikdə Ukraynanın Etnosiyasət və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri Olena Boqdanın rəhbərliyi ilə 2 forum keçirdik. Bu formlarda dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul olundu.
- Ukraynada yaşayan bir çox azərbaycanlı da bu müharibədə Ukraynanın haqq işinə qatıldı, ölkəni müdafiəsinə qalxdı...
- Bu gün 50-dən çox soydaşımız ən qaynar nöqtələrdə Ukrayna uğurunda səngərlərdədir. Bunlardan iki nəfər - Raqif Əliyev və Məcid Əbdülqafarov Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən “İgidliyə görə” ordeni ilə təltif ediliblər. Bizdə olan məlumatlara görə 10 soydaşımız Ukrayna uğurunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
- Ümumiyyətlə, bu müharibədə Azərbaycan hökumətinin Ukraynaya humanitar yardımı ölkə rəhbərliyi, xalqı tərəfindən necə qarşılanır.
- Müharibə başlayandan Azərbaycan Ukrayna xalqına humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarət yardımlar edib. Bu, Ukraynada çox yüksək qiymətləndirilir. Ukrayna prezidenti bir neçə dəfə özü bu yardımların nə qədər effektli olması barədə danışıb və prezidentimizə və xalqımıza təşəkkür edib. Bununla da Ukrayna xalqı Azərbaycanın humanist, sülhsevər bir ölkə olduğunun bir daha şahidi oldu. Ukraynalılar arasında ölkəmizə, xalqımız sevgi, hörmət artıb.
- UAR bu zaman kəsiyində soydaşlarımızın vətənə köçürülməsi prosesində nə kimi fəaliyyət göstərib..
- Savaşın ilk günlərindən etibarən “qaynat xətt” yaradıldı. Gündə 500-700 arası zənglər gəlirdi. Bütün regionlarda olan təşkilatlarımızla birlikdə soydaşlarımızın təxliyəsini həyata keçirməyə başladıq. UAR-ın təşkilatçılığı ilə 20000-ə yaxın soydaşımız təxliyə olundu. Bu məsələdə başda Oleq Krapivin olmaqla bütün diaspor təşkikatlarımız mütəşəkkil fəaliyyət göstərdilər.
- Ukraynadakı ermənilərin Rusiyanın hərbi təcavüzünə baxışı necədir, onlar hansı tərəfi dəstəkləyir.
- Burada yaşayanlar əsasən Ukraynanı dəstəkləyir. Axı özləri də müharibədən ziyan görürürlər. Amma bu məsələdə Erməistanın mövqeyi hər zamankı kimi yenə zalımın yanındadır.
- Ümumiyyətlə, müharibədə hansı tərəfin məğlub ola biləcəyi ilə bağlı fikirləriniz...
- Bu Ukraynanın azadlıq mübarizəsi ilə yanaşı qeyd etdiyim kimi azad dünya ilə avtoritarizmin mübarizəsidir. Təbii ki, bu mübarizənin haqqın - Ukraynanın qələbəsi ilə başa çatacağına heç kimdə şübhə yoxdur. Bütün sivil dünya Ukrayna üçün, azad dünyanın qorunması üçün birləşib. Amerikanın Ukraynaya ayırdığı 33 mld lend-liz buna əyani sübutdur. Bir də onu deyim ki, Azərbaycan işğalın, müharibənin nə olduğunu görüb. Biz də 30 ilə yaxın məlum hegemon dövlətlərin dəstəyi ilə ermənilərin işğalına məruz qalmışdıq. Bu 30 ildə dünya erməni işğalına göz yumdu, ancaq kağız üzərində bəyanatlar verildi. Hətta deyərdim ki, işğalçıya dəstək göstərildi. Azərbaycana heç bir yardım göstərilmədi. Nəhayət, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və müdrik siyasəti, Ordumuzun gücü nəticəsində Azərbaycan işğal altında qalan torpaqlarımızı azad etdi. Xalq-Hakimiyyət-ordu birliyi, həmrəyliyi bizim işğalçı üzərində qələbəmizlə nəticələndi. Düzdür, bu gün dünya Ukraynaya kömək edir. Bir çox ölkə Kiyevi silahla təmin edir. Amma iş bununla bitmir. Xalqda mübarizlik, qələbəyə inam, ruh yüksəkliyi yoxdursa, müharibədə qalib gəlmək mümkün olmayacaq. İnanıram ki, Azərbaycanda olduğu kimi Ukraynada da xalq-hakimiyyət-ordu həmrəyliyi, xalqın mübarizliyi nəticəsində Rusiya məğlub olacaq.
Allah Ukraynamızı qorusun!
Cavid