"Real" Partiyasının eks məclis başqanı Azər Qasımlı Yasamal rayonu 17 saylı seçki dairəsindən deputatlığa namizədlik verəcəyini deyib. Ardınca partiyanın sədri İlqar Məmmədov vəkil Cavad Cavadovun da eyni dairədən namizəd olacağını açıqlayıb.
Sözügedən məsələ ilə bağlı A.Qasımlı bildirib ki, iki gün əvvəl Erkin Qədirli ilə görüşüb: "O, məndən hansı dairədən namizəd olacağımı soruşdu. Mən də 17 saylı Yasamal dairəsini bildirdim. Elə ordaca Erkin REAL-dakılara bu barədə mesaj da göndərdi. Həmin gün günorta dairədən sənədlərimi götürüb namizədliyimi elan etdim. Bundan sonra Bəxtiyar Hacıyevlə yazışdıq və o, mənə həmin dairəni nəzərdən keçirdiyini dedi. Lakin mən onun seçkilərə qatılmayacağını düşünürdüm. Əgər Cavad bəy və Bəxtiyar bəy məndən əvvəl namizədliklərini irəli sürsəydilər, mən həmin dairəni seçməzdim. Çünki hər ikisinə böyük hörmətim var və mənim bu seçkilərdə rəqibim hakimiyyətin namizədidir. Bu məsələdə yersiz atmacaları və oyunbazlığı isə ümumi prosesə bağışlayıram".
"ReAL" Partiyasının icra katibi Natiq Cəfərli isə məsələyə belə aydınlıq gətirməyə çalışıb: "17-ci Yasamal dairəsində Real Cumhuriyyətçilər İttifaqının namizədinin Cavad Cavadov olması haqda qərarı biz dekabrın 6-da verdik. Vasif İsmayıl, Fərhad Mehdiyev və Cavad Cavadovla keçirdiyimiz görüşdə kimin hardan gedəcəyini müzakirə edirdik və bu qərara gəldik. Həm Vasif bəy, həm də Fərhad Hocam bunu təsdiqləyə bilər.
Siyahımızın tədricən açıqlanması haqda da qərar verdik. Dedik ki, ilk təqdimatda Vasif İsmayıl və Elçin Haqverdiyev olacaq, sonra hər gün yeni təqdimatlar olacaq.
Toplantıda İlqar Məmmədov ayrıca vurğuladı ki, 23-cü dairədən bizdən kimsə namizəd olub Azər Qasımlıya mane olmayacaq. O görüşdə Erkin Qədirli də iştirak edirdi, amma Erkin bir az tez getdi, görüşü var idi. Cavad Cavadov "17-ci dairə" deyəndə İlqar Məmmədov özü oradan namizədliyini irəli sürmək fikrində olsa da (o dairədə yaşayır), geri cəkilib onu dəstəklədi.
Razılaslşdığımız kimi, dekabrın 11-də ittifaqımızın ilk ictimai təqdimatı oldu. Dekabrın 12-də isə Cavad Cavadovu təqdim etdik. Yəni 1 həftə əvvəl gəldiyimiz razılığı gerçəkləşdirdik.
Xatırladım ki, REAL-ın qərarvermə prosesindən Azər Qasımlı özü-özünü kənarda qoyub, yəni onu partiyadan heç kim çıxartmayıb, özü gedib - qalardı, qərarları birgə verərdik və bu cür rabitəsizlik olmazdı. Xüsusilə də, dediyim kimi, ona mane olmaq niyyətimiz heç olmayıb, hətta əksinə - özümüz ona keçmiş münasibətlər xatirinə yardım göstərməyi düşünürdük. 23-cü dairədə ona imzatoplamada kömək edəcək üzvlərimiz də var, onlarla da danışmışdıq və İlqar bəy dairələri açıqlayanda 23-cü dairə siyahıda yox idi".
Qeyd edək ki, gələn ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.