• 27 May 2022
logo
Siyasi ekspert: Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə böyük ümidlər yaradır

Siyasi ekspert: Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə böyük ümidlər yaradır

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşdə əldə olunan razılaşmalar Vətən müharibəsindən sonra Prezident İlham Əliyevlə Şarl Mişel arasında baş tutan çoxsaylı görüş və telefon danışıqlarının doğurduğu nəticədir. Ötən ilin iyulunda geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının Prezidenti ilə regionda davamlı sülhə və təhlükəsizliyə nail olunması istiqamətində aparılan danışıqlar, Azərbaycanın bölgənin gələcəyi ilə bağlı təşəbbüskar və obyektiv mövqeyi Aİ-nin prosesə qərəzsiz yanaşmasını təmin edən əsas amillərdən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, politoloq Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimadlı münasibətlərin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli mövqeyinin prinsipial şəkildə ifadə və müdafiə olunması, eləcə də davamlı məsləhətləşmələr ötən ilin dekabrında Brüsseldə keçirilən ilk üçtərəfli görüşün regiondakı mövcud reallıqların qəbul olunduğunu ifadə edən sonluqla nəticələnməsinə zəmin yaratdı. Bu amil özünü aprelin 6-da keçirilən üçtərəfli görüşlə bağlı Aİ Şurası Prezidentinin bəyanatında da nümayiş etdirir.

“Aprelin 6-da keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların ən önəmli tərəfi şübhəsiz ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başlanılması, hər iki ölkənin Xarici İşlər nazirliklərinə bununla bağlı müvafiq təlimatların verilməsi, Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının heç bir halda müzakirə predmeti olmayacağının, rəsmi Bakının 5 baza prinsipindən ibarət şərtlərinin qəbul edilməsinin göstəricisidir.

Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin ATƏT-in Minsk qrupuna və onun həmsədrlik institutuna istinad edilməməsi, münaqişənin başa çatdığı barədə Azərbaycanın prinsipial və imperativ şəkildə ifadə olunan mövqeyinin istisnasız qəbul olunmasıdır. Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirliklərinə sülh danışıqları ilə bağlı təlimat verilməsi isə prosesin sözdən əmələ keçdiyini nümayiş etdirir. Avropa İttifaqı Şurası Prezidentinin yekun bəyanatında iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı birgə komissiyanın yaradılması və ilk növbədə, delimitasiya prosesinə başlanılması barədə razılığın əldə olduğunun vurğulanması, sərhəd bölgəsində gərginliyin aradan qaldırılması, sülh prosesinə süni əngəllər yarada biləcək təxribatların qarşısının alınması, prosesin intensivləşməsi baxımından da mühüm əhəmiyyətə malikdir”, - deyə E.Mirzəbəyli bildirib.

Siyasi ekspertin sözlərinə görə, üçtərəfli görüşdə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbul olunduğunu nümayiş etdirən məqamlardan biri də kommunikasiyaların açılması, dəmir və avtomobil yollarının çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması ilə bağlı razılaşmada da özünü büruzə verir. Burada da digər istiqamətlərdəki razılaşmalarda olduğu kimi, ən önəmli məqam ikitərəfli təmasların intensivləşməsinə, həmçinin qarşılıqlı münasibətlərin formalaşmasına, prosesin sürətlənməsinə imkan verən birgə məşvərət-əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Avropa İttifaqının dəstəyi ilə Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan mexanizm və formatın yaradılması, prosesə kənar qüvvələrin, o cümlədən uğursuz Minsk qrupu vasitəçilik institutunun cəlb edilməsi ilə bağlı cəhd və manipulyasiyaların da üzərindən xətt çəkilməsi anlamına gəlir.

“Avropa İttifaqının işğaldan azad etdiyimiz ərazilərin minalardan təmizlənməsi, itkin düşən şəxslərin tapılması, eləcə də quruculuq və bərpa işlərində Azərbaycana öz dəstəyini bildirməsi, qənaətimə görə bir çox aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu yanaşma, eyni zamanda, Avropa İttifaqının beynəlxalq ictimaiyyətə “Azərbaycan öz torpaqlarını işğaldan azad edib” və “işğalçı ölkə Azərbaycan ərazilərinin dağıntılara məruz qoyub” mesajı kimi də qəbul oluna bilər”, - deyə E.Mirzəbəyli qeyd edib.

Deputat vurğulayıb ki, Brüsseldə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar öz praktikliyi və realist mahiyyəti baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan, Brüssel görüşü sülh prosesinin intensivləşəcəyinə, əldə olunan razılaşmaların sürətlə həyata keçirilməsi istiqamətində əməli addımların atılacağına böyük ümidlər yaradır.