• 15 Sentyabr 2024
logo
Rusiya XİN Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə dair bəyanat yayıb

Rusiya XİN Azərbaycanla diplomatik münasibətlərin 30 illiyinə dair bəyanat yayıb

Aprelin 4-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu əlamətdar hadisə münasibətilə iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev, habelə hökumət, parlament və xarici işlər nazirliklərinin rəhbərləri arasında təbrik mesajları mübadiləsi aparılıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Rusiya-Azərbaycan münasibətlərinin əldə edilmiş səviyyəsi yüksək qiymətləndirilib ki, bu da ikitərəfli əməkdaşlığın bütün sahələrində irəliləməyə imkan verir. Bildirilib ki, son otuz ildə birgə səylər nəticəsində Rusiya və Azərbaycan xalqları arasında çoxəsrlik dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək mümkün olub.
Ali və yüksək səviyyədə intensiv siyasi dialoq davam etdirilir. İki ölkə arasında mövcud olan möhkəm müqavilə-hüquqi bazaya 150-dən çox dövlətlərarası və hökumətlərarası sazişlər daxildir. Bu, ticarət-iqtisadi, hərbi-texniki, parlamentlərarası, mədəni-humanitar və regional əlaqələrin mütərəqqi inkişafını təmin edir.
Rusiya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət pandemiya çağırışlarına qarşı dayanıqlılıq nümayiş etdirdi və 2021-ci ildə böyüməyə davam etdi. Ticarət, nəqliyyat infrastrukturu, yüksək texnologiyalı sənaye sahələri, iqtisadiyyatın və turizmin səmərəliliyinin artırılması, innovativ inkişaf və rəqəmsal texnologiyalar sahəsi üzrə üzrə altı yol xəritəsinin daxil olduğu 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı fəal şəkildə həyata keçirilir. O cümlədən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çox səmərəli işləyir. Hazırda investisiya əməkdaşlığına, Rusiya və Azərbaycan şirkətlərinin iki ölkənin bazarlarında qarşılıqlı iştirakının genişləndirilməsi üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.
Biz ümumi mədəni-humanitar məkan çərçivəsində əməkdaşlığı davam etdiririk. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və M.İ. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğrula fəaliyyət göstərir. MDBMİ ADA Universiteti (keçmiş Azərbaycan Diplomatik Akademiyası) ilə birlikdə magistratura proqramlarını həyata keçirir. Azərbaycanlı tələbələrin Rusiyada təhsil alması üçün kvota ildən-ilə artır. 2022-ci il martın 1-3-də Azərbaycanın Qusar rayonunda keçirilmiş Rusiya və Azərbaycanın Gənclər Təşəbbüslərinin I Forumu iki ölkənin gənclər və könüllü təşkilatları xətti ilə qarşılıqlı marağını təsdiqlədi.
Beynəlxalq məsələlərdə Moskva ilə Bakının mövqeləri yaxındır, ya da bir çox məsələlərdəüst-üstə düşür. Biz MDB çərçivəsində sıx əməkdaşlıq edirik, Avrasiya məkanında inteqrasiya prosesləri kontekstində qarşılıqlı fəaliyyət göstəririk. Beynəlxalq platformalarda, o cümlədən BMT və ATƏT-də ölkələrimiz ənənəvi olaraq bir-birini dəstəkləyir, irqçilik, ksenofobiya, neonasizmin, milli, dil və din zəminində ayrı-seçkiliyin istənilən təzahürlərindən qəti şəkildə imtina etdiklərini nümayiş etdirirlər. Rusiya və Azərbaycan da nasizmi qəhrəmanlaşdırmaq, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı həmrəydirlər.
Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir. 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli razılaşmalara sadiqlik bu regionda uzunmüddətli sülh, sabitlik və rifahı təmin etmək üçün nəzərdə tutulmuş qeyd-şərtsiz amil olaraq qalır.
Rusiya ilə Azərbaycanın diplomatik əlaqələrinin 30 illiyini yeni keyfiyyətdə qeyd etməsi çox simvolikdir. Bu il fevralın 22-də Moskvada prezidentlər Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməni imzaladılar. Bu sənədin müddəaları gələcəyə yönəlib. Yeni müttəfiqlik münasibətləri güclü mehriban qonşuluq, bərabərlik və bir-birinin maraqlarının nəzərə alınması ənənələri əsasında əvvəlki kimi mütərəqqi şəkildə inkişaf edəcək. Bu, Rusiya və Azərbaycan xalqlarının uzunmüddətli maraqlarına tam cavab verir”, deyə Rusiya XİN-in diplomatik münasibətlərin 30 illiyi ilə bağlı bəyanatında qeyd olunub.