• 28 Oktyabr 2020
logo
Kollegiya sədri: Məhkəmələr seçki hüquqlarının pozuntusu ilə bağlı işlərə baxarkən bütün dəlillərin hərtərəfli araşdırıldığını yoxlamalıdırlar

Kollegiya sədri: Məhkəmələr seçki hüquqlarının pozuntusu ilə bağlı işlərə baxarkən bütün dəlillərin hərtərəfli araşdırıldığını yoxlamalıdırlar

Məhkəmələr seçki hüquqlarının pozuntusu ilə bağlı işlərə baxarkən yuxarı seçki komissiyaları tərəfindən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının
təmin edilməsini ciddi yoxlamalıdırlar.
Trend-in məlumatına görə, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirədə Ali Məhkəmənin Kollegiya sədri Hikmət Mirzəyev deyib.
Onun sözlərinə görə, bütün seçki komissiyaları seçki hüquqlarının daha da səmərəli həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməlidirlər.
H.Mirzəyev əlavə edib ki, seçki prosesini həyata keçirən orqanların fəaliyyəti vətəndaşların hüquqlarının təmin edilməsinə yönəlməlidir: "Müvafiq olaraq, vətəndaşların güman etdikləri hüquq pozuntularına dair işlər üzrə məhkəmədə mübahisənin açılması mümkündür. Seçki Məcəlləsinin 112.1-ci maddəsində də təsbit edilib ki, seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət verilə bilər. Lakin qanunvericilikdə təsbit edilib ki, şikayət əvvəlcə yuxarı seçki komissiyalarına, daha sonra isə məhkəməyə verilə bilər. Bununla qanunvericilik aşağı seçki komissiyalarında yol verilmiş pozuntuların məhkəməyə
gəlmədən yuxarı seçki komissiyaları tərəfindən aradan qaldırılması imkanı
yaradır. Bu, o deməkdir ki, yuxarı seçki komissiyaları şikayətlərə formal yanaşmamalı, onun hərtərəfli araşdırmasını aparmaqla və bütün zəruri sübutları toplamaqla qanuni, əsaslandırılmış qərar qəbul etməlidirlər".
Kollegiya sədri qeyd edib ki, seçki hüquqlarının müdafiəsinə dair işlərə məhkəmə tərəfindən baxılması məsələlərini İnzibati Prosessual Məcəllə tənzimləyir. Buna görə də həmin işlərə inzibati məhkəmə icraatı qaydasında baxılır: "Əsas məsələlərdən biri vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin istər müvafiq yuxarı seçki komissiyalarında, istərsə də məhkəmələrdə araşdırılması ilə bağlıdır. Bununla bağlı diqqətinizi mühüm bir məqama cəlb etmək istəyirəm. Bu, şikayət vermiş şəxsin şikayətin baxılmasında iştirakının təmin edilməsi və onun irəli sürdüyü bütün dəlillərin araşdırılması məsələsidir".
H.Mirzəyev deyib ki, şəxsin özünün şikayətinə baxılmasında iştirak etmək hüququ ən təməl hüquqlardan biri olmaqla təmin edilməlidir: "Məhkəmələrə
verilən şikayətlərdə daha çox pozuntu kimi istinad olunan hallardan biri ondan
ibarətdir ki, şikayətə baxılarkən şikayəti vermiş şəxslərin iştirakı təmin edilmir. Ona görə də bu hüququn mühüm konstitusion hüquqlardan biri olduğu nəzərə alınmaqla ona əməl olunması yuxarı seçki komissiyaları tərəfindən təmin
olunmalıdır. Digər bir mühüm məsələ şikayət vermiş şəxsin dəlillərinin hərtərəfli
araşdırmasının aparılması və qəbul olunmuş qərarda şikayətin bütün dəlillərinə əsaslandırılmış cavabın verilməsidir. Bu, həm qanunvericilikdən, həm də hüquqi
dövlətin mahiyyətindən irəli gələn tələbdir. Həm yuxarı seçki komissiyaları tərəfindən, həm də məhkəmələrdə şikayətə baxılarkən şikayətin bütün dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məsələni ayrıca olaraq ona görə vurğulamaq istəyirəm ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən seçki hüququnun pozuntusu ilə bağlı ölkəmizə qarşı çıxarılmış qərarların bir çoxunda məhz şikayətçinin bütün dəlillərinin və bununla bağlı zəruri sübutların araşdırılmadığı qeyd edilir. Məhkəmənin ümumi mövqeyinə görə, dövlətin azad və ədalətli seçkilər keçirməkdən ibarət olan pozitiv öhdəliyi tələb edir ki, şikayətlə bağlı sadəcə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında araşdırma aparılmamalı, həmçinin şikayətçinin dəlillərinin həqiqətə uyğunluğunu yoxlamaq üçün dövlət orqanları da əlavə addımlar atmalıdırlar. Aydındır ki, dövlətin bu öhdəliyinə həm yuxarı seçki komissiyalarının timsalında inzibati orqanların, həm də məhkəmələrin fəaliyyətində əməl olunmalıdır".