• 25 Sentyabr 2021
logo
“Üçtərəfli razılaşmaların icrası ilə bağlı Azərbaycan və Rusiya eyni mövqedədir”

“Üçtərəfli razılaşmaların icrası ilə bağlı Azərbaycan və Rusiya eyni mövqedədir”

Asif Nərimanlı: “Bu, Ermənistanın problemlər yaratmaq imkanlarını da minimuma endirir”

Bu həftənin əsas hadisəsi Prezident İlham Əliyevin Rusiyaya səfəri oldu. Qeyd edək ki, son zamanlar Ermənistanın təxribatları artır. İrəvanda sazişin tələblərinin yerinə yetirlməyəcəyi, Zəngəzur dəhlizinin açılmasından imtina ediləcəyi ilə bağlı müxtəlif səviyyələrdə açıqlamalar müşahidə edilir. Həmçinin Fransa prezidenti Makronun Ermənistana səfəri gözlənilir. Bu proseslər fonunda baş tutan səfərdə diqqət çəkən məqamlardan biri də Rusiya Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevlə səmimi dialoqu oldu. Ekspertlərlə söhbətmizdə Ermənistanın artan təxribatları və görüşün nəticələrini müzkirə etdik.
Politoloq Tural İsmayılovun sözlərinə görə, dövlət başçısı bəyan edib ki, Azərbaycan hər an müharibəyə hazır olmalıdır və Ermənistan sülh danışıqlarına razı olmasa, regionda yaranan yeni şərtləri qəbul etməsə, dəmir yumruğu yenə görəcək: “Cənab Prezident konkret şəkildə bildirdi ki, bəzi dairələrdən Ermənistanın sülh sazişini imzalamaq istəmədiyinə dair məlumatlar daxil olur. Ermənistanın sülh sazişini imzalamayacağı təqdirdə bizim başqa alternativimiz qalmır. Biz 30 il ərzində sülh yolu ilə həllə çalışdıq. Nəticə əldə etmədik. Heç kim haqqın yanında yer almadı. Zəngəzur dəhlizinin açılması, terrorçuların Qarabağdan çıxarılması ilə bağlı problemlər var, mülki qiyafətdə terrorçular Qarabağa keçir və təxribat aparır. Bütün bunlar antiterror əməliyyatlarına səbəb verir”.
Politoloq əlavə edib ki, Azərbaycanın regional gücə çevrilməsi sözsüz ki, bir çox dövlətlərin xoşuna gəlmir: “Fransanın, eləcə də Makronun Ermənistanı dəstəkləməsi yalnız diasporun xidməti deyil, regionda güclənən Azərbaycan faktoru, qlobal gücə çevrilmiş Türkiynin bizimlə siyasi və rəsmi tərəfdaşlığı çoxlarına narahatlıq verir. Azərbaycan Ermənistanı kimin dəstəkləməsindən asılı olmayaraq həmişə öz iradəsini ortaya qoyub. Zəngəzur dəhlizi məsələsindən boyun qaçırarsa, biz növbəti dəfə dəmir yumruğu göstərməli olacağıq”.

“Ermənistanın sülhdən başqa yolu qalmayıb”

Politoloq diqqətə çatdırdı ki, istənilən halda münaqişə bitib, Dağlıq Qarabağ ifadəsi yoxdur: “Artıq böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Ermənistanın sülhdən başqa yolu qalmayıb, onsuz da dalan, forpost dövlət idi, müharibədə də bütün resursları tükəndi. Ermənistan statistika komitəsinin ötən həftə verdiyi açıqlamaya görə, ölkədə ölənlərin sayı yeni doğulanların sayından dəfələrlə çoxdur. Əhali ölkədən getməyə üstünlük verir. Sülhdən başqa yolları yoxdur. Bayaqdan böyük Ermənistan nağılı ilə xalqın başını aldada bilirdisə, indi asılı dövlət oldğunu açıq etiraf edir. Bu rəzil vəziyyətlə yaçamaqla uzun müddət davam edə bilməzlər, kommunikasiyaların açılmasına ehtiyac var. Sülh sazişindən başqa alternativi yoxdur. Ölkədə qalan milyon yarımlıq əhalini qorumağın yolu sərhədləri açmaq, kommunikasiyaları bərpa etməkdir”.

“Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”

Onun fikrincə təxribatın arxasında Rusiyanın dayandığını deyənlər populistlərdir: “Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Üstəlik, sülhməramlılarla bağlı bizim narazılığımız varkən bunu etməyin özlərinə quyu qazmaq olduğunu demək olar. Atəşin açılması Rusiyaya sərf etmir, həm də elə bir situasiya yoxdur k, bu Rusiyaya sərf etməsin və terrorçulara atəş açmağı tapşırsın. Bu, səfirlərin Şuşa səfərinə terroçuların cılız cavabıdır. Real nəticə bir iki güllə ilə deyil, böyük savaşda əldə edilir. Hətta 3-cü dövlətdən dəstək alsalar belə, ermənilərin yaxın 10 ildə bellərini dikəldib, savaş edəcək gücləri yoxdur”.
T.İsmayılov əlavə etdi ki, təxribatlarda məqsəd Avropa Birliyini prosesə daha fəal cəlb etməkdir: “İndiki halda Rusiya sabitliyin qorunmasında maraqlıdır, qarşıdurmanın yaranması, regiona digər güclərin soxulması ona əlverişli sayılmaz. Təxribatlar Əliyevin Rusiyaya səfəri ilə əlaqədar deyil. Paşinyan Rusiyaya güvənmir, o Fransıanın təzyiqi ilə Avropa dövlətlərini cəlb etmək, ən azından ATƏT-in Minsk qrupu çərçivəsində 2-ci böyük iştirakçı olan ABŞ-ın daha fəal olmasını istəyir. Sərhəd təxribatları ümumilikdə buna hesablanıb. Məqsəd ABŞ və Fransanın bölgəyə gəlişinə yol açmaq, bunun zəruri olduğunu vurğulamaqdır”.
Onun sözlərinə görə, bütün bu hadisələr fonunda Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə görüşür və bu görüş səmimi görüntülərlə başlayır: “Görüşdə Qarabağla, Azərbaycan-Rusiya münasibətləri ilə bağlı ilkin mesajlar verildi.
Lakin Putinin Azərbaycanın "Sputnik" peyvəndini istehsal edəcəyi ilə bağlı anonsu da strateji mesajdır. Qlobal pandemiyaya qarşı mübarizədə ən uğurlu strategiyaları tətbiq edən Azərbaycan peyvənd istehsalçısı kimi də öz mövqeyini gücləndirəcək...”.

“Bakı-Moskva xəttində anlaşılmayan məsələ yoxdur”

Siyasi şərhçi Asif Nərimanlı isə diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin Moskvaya səfəri və Putinlə görüşü Bakı-Moskva xəttində anlaşılmayan məsələnin olmadığını, ikitərəfli münasibətlərin səviyyəsini, xüsusilə regionda üçtərəfli razılaşmalarla bağlı eyni mövqeyin mövudluğunu təsdiqlədi: “Səfərdə ilk diqqətçəkən məqam liderlər arasında münasibətlərin səmimiliyi, şəxsi dostluğun olması idi. Bu, görüşün kadrlarından aydın görünür: Putin və İlham Əliyev köhnə dost kimi bayramlaşır və səmimi söhbət aparırdı. Misal üçün, Putin-Paşinyan görüşündə eyni atmosfer hiss olunmurdu.
Məlumdur ki, Prezident İlham Əliyevin Moskva səfəri üçtərəfli razılaşmaların icrasının praktiki tərəflərinin müzakirə edilməsi məqsədi daşıyırdı. Ermənistanda seçkilərdən sonra Nikol Paşinyanı qəbul edən Vladimir Putin ardınca Azərbaycan lideri ilə görüşdü. Görüş öncəsi proseslər və görüş zamanı sərgilənən mövqe Moskvanın İrəvandan fərqli olaraq, Bakını bərabərhüquqlu tərəfdaş kimi gördüyü fikrini önə çıxarır.
Birincisi, Paşinyanla görüşdən sonra Putin baş nazirin müavini, kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuku Bakıya göndərdi. Bu, Moskvanın Bakını məlumatlandırmaq və müzakirə ediləcək məsələlərin gündəliyini razılaşdırmaq gedişi idi. Ermənistan rəhbərliyinə münasibətdə bunu görmək çətindir.
İkincisi, liderlər ictimaiyyətə açıq çıxışlarda daha çox ikitərəfli münasibətlərdən bəhs etdi, üçtərəfli razılaşmalarla bağlı məsələyə qısa olaraq toxundular: bu, üçtərəfli razılaşmalarla bağlı fikir ayrılığının olmaması, Moskva və Bakının eyni mövqedən çıxış etməsi, eləcə də ikitərəfli əlaqələrə xüsusi önəm verməsi deməkdir.
Üçüncüsü, Putinin İlham Əliyevə xoş münasibəti kadrlardan aydın şəkildə görünürdü”.

Gözlənilən addımların anonsu

Onun fikrincə, liderlərin çıxışı həm ikitərəfli münasibətlər, həm də üçtərəfli razılaşmalarla bağlı mühüm məqamları özündə ehtiva edir: “Prezident Vladimir Putin çıxışında ikitərəfli münasibətlərin səviyyəsi və gözlənilən addımların anonsu yer alırdı.
Koronavirus pandemiyası dövründə zəifləyən iqtisadi əlaqələr arzuolunan səviyyədə bərpa olunur; Hökumətlərarası komissiya müxtəlif istiqamətlərdə fəal şəkildə işləyir; Yaxın dövrdə Rusiyadan nüfuzlu nümayəndə heyəti Azərbayana gələcək: sənaye, infrastruktur, nəqliyyat və digər məsələlərlə bağlı mühüm işlər görüləcək; Koronavirusa qarşı vaksinin Azərbaycan ərazisində birgə istehsalı üzərində iş aparılır: Rusiya istehsalı olan “Sputnik V” vaksininin dünyada COVİD-19-a qarşı mübarizədə əsas dərmanlardan biri olduğunu nəzərə alsaq, bu, Azərbaycanın maraqları baxımından xüsusilə əhəmiyyətlidir:
- Azərbaycanın vaksin ehtiyacı daha münasib qiymətə və tam şəkildə təmin olunacaq;
- Vaksinin digər ölkələrə ixracı Azərbaycandan da həyata keçiriləcək;
- Azərbaycan hökuməti ölkəmizdə istehsal olunan vaksini üçüncü ölkələrə, xüsusilə kasıb olanlara göndərmək imkanı qazanacaq ki, bu da ölkəmizin nüfuzun artması baxımından əhəmiyyətlidir;
Prezident İlham Əliyevin çıxışı özündə mühüm məsələləri əhatə edirdi: Rusiya-Azərbaycan arasında əmtəə dövriyyəsi artmaqdadır; Şimal-Cənub nəqliyyat dəhlizi geniş həcmdə işləyir və daşımalarda artım qeydə alınıb; Dünyada çox ölkə “Sputnik V” vaksini istəsə də, Azərbaycan bunu alan ilk ölkələr sırasındadır və bu, iki ölkə liderinin dostluq münasibətlərindən qaynaqlanır; Azərbayan və Rusiya arasında təhsil sahəsində də fəal əməkdaşlıq inkişaf edir”.

Zəngəzur dəhlizi

A.Nərimanlı deyib ki, liderlər ikitərəfli münasibətlərlə yanaşı, 44 günlük müharibədən sonra regionda yaranmış reallıq və üçtərəfli razılaşmalarla bağlı da dəqiq mesajlar verdi: “Prezident Vladimir Putin Azərbaycan Prezidentinə regionda vəziyyətin nizamlanmasına verdiyi dəstəyə görə təşəkkür etdi. Qeyd etdi ki, kompromisli qərarlar tapılır. Bu, indiyə qədər prosesin öz axarında getdiyi və bundan sonra da belə davam etməsi üçün siyasi iradənin olduğundan xəbər verir.
Prezident İlham Əliyev Rusiya prezidentinə regionda vəziyyətin sabitləşməsinə verdiyi dəstəyə görə təşəkkür etdi və münaqişənin bitdiyi reallığını bir daha gündəmə gətirdi.

Azərbaycan lideri çıxışında iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi. Bu o deməkdir ki, Moskvada qapalı danışıqlarda da Qarabağ yox, münaqişədən sonrakı vəziyyət və razılaşmaların icrası müzakirə olunub. “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq” – deyə Azərbaycan lideri bildirdi.
Artıq münaqişə keçmişdə qalıb və Moskva ilə Bakı bu məsələdə eyni mövqedədirlər. İki ölkə lideri Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir. Bu razılaşmanın ən mühüm tərəflərindən biri və region ölkələrinin hamısı üçün sərfəli olan bütün kommunikasiyaların bərpa edilməsidir. Və bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılmasının yaxın dövrdə reallaşaağı deməkdir. Hazırda dəhliz üzərində iş gedir və məlumatlara görə, avtomobil yolu bu ilin dekabrda başa çatacaq, ardınca dəmiryolunun çəkilməsi başlanacaq. Azərbaycan liderinin əsas tələblərindən biri də bütün kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin icra edilməsidir.
Prezidentin Moskva səfəri göstərir ki, üçtərəfli razılaşmaların icrası ilə bağlı Azərbaycan və Rusiya eyni mövqedədir. Bu, Ermənistanın problemlər yaratmaq imkanlarını da minimuma endirir”.

Əli Zülfüqaroğlu