• 10 Oktyabr 2024
logo
Fərid Şəfiyev: Türk Şurasının qarşısında olan əsas vəzifələr nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir

Fərid Şəfiyev: Türk Şurasının qarşısında olan əsas vəzifələr nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir

Növbəti 10 ildə Türk Şurasının qarşısında olan əsas vəzifələr daxili inteqrasiyanı dərinləşdirmək məqsədi ilə nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
2019-cu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qurulmasının 10-cu ildönümüdür və bu səbəbdən 15 oktyabr tarixində Bakıda Azərbaycanın ev sahibliyində Şuranın VII Zirvə görüşü keçiriləcək.
F.Şəfiyevin sözlərinə görə, Türk Şurası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindəndir:
"Bu zirvə görüşünün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin və ölkəmizin regionda və dünyada etibarlı və güclü bir tərəfdaş olduğunun sübutudur. 2018-ci ildə VI Türk Şurası sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Türkdilli ölkələrlə əməkdaşlığını genişlətdiyini və siyasi, iqtisadi, ticarət. energetika, nəqliyyat, humanitar sahələrdə müsbət nəticələr əldə etdiyini bildirib.
2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının əsas məqsədi Türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişlətmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirməkdir. Şura 2009-cu ildə qurulanda dünyada Türkdilli olaraq qəbul edilən 6 dövlət olsa da, onlardan sadəcə 4-ü Şuraya üzv oldu. Türkmənistan BMT tərəfindən qəbul edilən tərəfsizlik statusu səbəbi, Özbəkistan isə qapalı xarici siyasət kursu həyata keçirdiyi üçün Şuraya üzv olmamışdır. Lakin 10 il ərzində yaşanan bir çox dəyişiklik Türk Şurasına üzv olmaq üçün dövlətlərdə marağı artırdı. Avropa İttifaqının üzvü olan Macarıstan Türk Şurasının müşahidəçi üzvü oldu və Özbəkistanda Şevkət Mirziyoyevin prezident olması ilə birlikdə ölkənin açıq xarici siyasət həyata keçirməsi nəticədə Türk Şurasına üzv olması ilə nəticələndi.
Bu mənada 2019-ci il Türk Şurası üçün əlamətdar edən hadisə sadəcə Naxçıvan Müqaviləsinin 10-cu ildönümü olması deyil, eyni zamanda Özbəkistanın üzvlüyüdür. Özbəkistan Türkdilli ölkələr arasında 50 milyard dollarlıq ümum daxili məhsulu ilə dördüncü, 34 milyonluq əhalisi ilə 2-ci yerdədir. Özbəkistanın bu gücü Türk Şurasında bir çox fəaliyyət sahəsində aktiv iştirak etməsinə səbəb olacaqdır. Bu səbəbdən gələcəkdə Türk Şurasına həm maraq artıracaq, həm də bir çox layihənin həyata keçirilməsi sürətlənəcəkdir".
F.Şəfiyev qeyd edib ki, bu ilin sentyabr ayının 19-da eyni zamanda Şuranın müşahidəçi üzvü olan Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının ofisi açılması da vacib bir hadisə olaraq yadda qaldı:
"Şuranın baş katibi Bağdad Amrayev və üzv dövlətlərin xarici işlər nazirlərinin iştirakı ilə açılan ofis Avropa dövlətləri ilə əməkdaşlığın inkişafına xidmət edəcəkdir. Macarıstan Avropa İttifaqının üzvü olaraq Türk Şurası və üzv dövlətlərin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına xidmət edə bilər. Macarlar özlərini hun türklərinin nəvələri olaraq qəbul edirlər və Naxçıvan Sazişinin 22-ci maddəsi çərçivəsində tam hüquqlu üzvlüyü mümkün görünür.
Digər tərəfdən gələcəkdə Rusiya, İran, Gürcüstan kimi ərazisində türklərin yaşadığı dövlətlər və ya Koreya, Yaponiya, Pakistan, Əfqanıstan kimi Türkdilli dövlətlərlə daha yaxın əlaqələri olan dövlətlər Türk Şurasına üzv olmaq isdəyə bilər. Lakin onu da qeyd etmək lazımdır ki. Şuranın genişlənməsi məsələsində fərqli fikirlər mövcuddur. Bəzi ekspertlərə görə, Şura tam olaraq formalaşmadan yuxarıdakı dövlətlərin üzvlüyü qərar vermə prosesini geçikdirə bilər. Bu səbəbdən gələcəkdə Naxçıvan Sazişində Türkdilli olmayan dövlətlərin tam hüquqlu üzv yox, müşahidəçi, dialoq tərəfdaşı və ya sadəcə tərəfdaşı olaraq əməkdaşlığı gündəmə gələ bilər. Naxçıvan Sazişinin 16-cı maddəsinə görə. TDİƏŞ dövlətlərə, beynəlxalq təşkilatlar və beynəlxalq forumlara müşahidəçi status verə bilər".
Onun sözlərinə görə, istər üzv dövlətlərin, istərsə də Türk Şurasının başlıca gözləntisi Türkmənistanın Şuraya üzv olmasıdır:
"Türkmənistan üzv olmasa da Şuranın fərqli fəaliyyətlərinin aktiv iştirakçısıdır. Türkmənistan rəsmi şəxslərinin Şuranın zirvə görüşlərində iştirakı da müşahidə olunur və 15 oktyabrda Bakıda keçiriləcək VII Zirvə görüşündə də Türkmənistanın Baş nazir səviyyəsində təmsil olunması rəsmi Aşqabadın Türk Şurasına fəaliyyətinə dəstəyin nümunəsidir. Türkmənistanın bu il üzv olmasa da, üzvlük haqqında müsbət bir bəyan verməsi Türk Şurasının tamamlanmasına səbəb olacaqdır. Türkmənistanın üzvlüyü digər Türkdilli ölkələr kimi iqtisadi və siyasi olaraq Şuranın gücünü artırar, Türkmənistanın regional və qlobal müstəvidə rolunun möhkəmlənməsinə səbəb olar.
Özbəkistan və Macarıstanın Şuraya üzv olması ilə birlikdə Türk Şurasının iqtisadi gücü 1 trilyon 706 milyon, Şuraya üzv dövlətlərin əhalisinin ümumi sayı 161 milyon oldu. Lakin Türk Şurasına üzv dövlətlər arasında ticarətin daha da artırılmasına ehtiyac vardır. Əlbəttə nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi üçün Azərbaycanın da dəstəklədiyi orta dəhlizin rəqabətə dözümlü və sürətli olması üçün üzv dövlətlərin əlaqədar orqanları arasında müzakirələr davam edir. Bu müzakirələrin uğurla başa çatması Türk Şurasına üzv dövlətlər arasında həm ticarət əlaqələrinə, həm də turizm əlaqələrinə müsbət təsir göstərəcəkdir ki, bunlar inteqrasiyanı sürətləndirən vacib amillərdir. Bu mənada növbəti 10 ildə Türk Şurasının qarşısında olan əsas vəzifələr daxili inteqrasiyanı dərinləşdirmək məqsədi ilə nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir"