• 1 Oktyabr 2022
logo
Ay Laçın…

Ay Laçın…

Torpaqlarımızın düşmən tapdağından xilas edilməsinin yaratdığı reallıq, vaxtilə ağır bir yükün altında əzilirmişik kimi, əzabla, ağrıyla, nisgillə, qəzəblə xatırlamaq və unutmamaq məcburiyyətində qaldığımız “işğal günləri”nə münasibətimizi də dəyişib. İndi əzab, ağrı, nisgil yoxdur, amma qəzəb var və olmalıdır da… Qənaətimə görə, torpağımızdan, daşımızdan saxta, uydurma “tarix”in, ultramillətçi, neofaşist ideyaların altında formalaşan xəstə təfəkkürdən qaynaqlanan natamamlıq kompleslərinin qisasını alan bir toplumun törətdiyi bəşəri cinayətlərə münasibətdə qəzəbimiz heç zaman soyumamalı, əbədilik olaraq qan yaddaşımıza həkk olunmalıdır.

Son 29 ildə ilk dəfədir ki, mayın 18-ni Laçının işğalı günü kimi yox, sadəcə Beynəlxalq Muzey Günü kimi qeyd edəcəyik. Ermənilərin muzeylərimizi, abidələrimizi necə darmadağın etdiklərini xatırlayacaq və xatırladacağıq.

Ali Baş Komandanın, müzəffər Ordumuzun şərəfli əsgər və zabitlərinin misilsiz rəşadəti, qəhrəmanlığı azad edilən digər yurd yerlərimiz kimi Laçının işğalı gününü də həyatımızdan silib. 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Zəfər Laçını şəhid verilmədən, qan tökülmədən 29 il öncə ayrıldığı AzərbayCANINA qovuşdirib. İndi Laçın müqəddəs üçrəngli bayrağın kölgəsində məsuddur və səbirsizliklə övladlarının yolunu gösləyir.

Laçının işğaldan azad edilməsi tarixi Zəfərimizin tərkib hissəsidir, şübhəsiz. İşğalı məğlubiyyətimizin tərkib hissəsi olduğu kimi…
İndi bu günün reallıqları çərçivəsindən 29 il öncə baş verən hadisələrə fərqli bir müstəvidən yanaşmağa çalışıram. Amma 29 il köçkün həyatı yaşayan qürurlu, mübariz, döyüşkən can və qan qardaşlarımın, bacılarımın, onlara necə yanaşılmasından asılı olmayaraq, çəkdikləri nisgili, yaşadıqları acını göz onündən keçirəndə, özümü məchul bir boşluqda dövrə vuran fəza cismi kimi hiss edirəm.

Heç şübhə etmirəm ki, digər rayonlarımız, xüsusilə də Şuşanın və Laçının müdafiəsi, hətta kənar qüvvə olmadan, rayonun öz sakinlərindən ibarət döyüşçülərin hesabına təşkil olunsaydı, təxribatların qarşısı vaxtında alınsaydı, hakimiyyət hərisliyindən gözləri qapanan siyasi dələduzların, boşboğazların, avantüristlərin, dövlət idarəçiliyindən, hərbdən anlayışı olmayanların fəaliyyət dairəsi məhdudlaşdırılsaydı… indi işğaldan azad edilən yurd yerlərimizin bərpası, yenidən qurulması haqqında deyil, daha uzaq, daha böyük hədəflərimiz barəsində düşünürdük.

Bəzən həmin günləri xatırladanda, bəzilərinin dodaq büzdüyünü, suçlu olanların isə saysız-hesabsız bəhanələrlə özlərinə haqq qazandırdıqlarının şahidi oluram. Təfərrüatına varmayacağam, amma bəzən nəinki 1 ilin, hətta 1 günün, 1 saatın, bəlkə 1 anın səhvi, yanlışlığı, məsuliyyətsizliyi yetərlidir ki, onun nəticələrini aradan qaldırmaq üçün illərini sərf edəsən. Qurmaq, yaratmaq, ərsəyə gətirmək çətindir, dağıtmaq, məhv etmək isə asan. Və mənə görə məsuliyyətsizlik ən dağıdıcı silahdır və heç bir halda “öz yükünü” daşımağı bacarmayanlara başqalarının taleyini etibar etmək olmaz!!!

…8 rəqəminin millət olaraq taleyimizdə qəribə bir mistik yükü, çəkisi var:
28 aprel – bolşevik işğalı və Cümhuriyyətin süqutu…
8 may Şuşanın, 18 may Laçının işğal edildiyi gün… və bütün bu “səkkiz”lərdən sonra mövcudluğuna 28 aprellə son qoyulan 28 MAY – Respublika Günü gəlir.

Şuşanın işğaldan azad edildiyi Zəfər Günü - 8 noyabr isə bu rəqəmin üzərindəki mistik neqativliyi, uğursuzluq zolağını silərək onu İstiqlalımızın rəmzi olan üçrəngli bayrağımızın üzərindəki səkkizguşəli ulduza qovuşdurub!
ÜÇ RƏNGLİ BAYRAĞIMIZ kimi indi bizi gələcəyə - uzaq milli hədəflərimizə doğru aparan 3 “SƏKKİZ” var – İYİRMİ SƏKKİZ MAY, SƏKKİZ NOYABR və SƏKKİZGUŞƏLİ ULDUZ!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist,

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru