Təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiya regionunda ən tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülh çətindir” sərlövhəli geniş məqalə dərc edib.
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, aprelin 27-də dərc olunmuş məqalədə tarix boyunca Azərbaycan ilə münasibətində Ermənistanın etibarlı qonşuluq nümayiş etdirmədiyi, düşmənçilik məzmunlu “Böyük Ermənistan” ideologiyasının təsiri ilə XX əsrin əvvəllərindən 44 günlük Vətən müharibəsinə qədər çoxsaylı günahsız azərbaycanlıları qətlə yetirdiyi, dəfələrlə Azərbaycan torpaqlarının işğalı məqsədilə hücumlar etdiyi qeyd olunur. Lakin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu sənədi mahiyyət etibarilə müharibədən sonrakı dövr üçün Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam və davamlı əməkdaşlığı təşviq etmək gücünə malik de-fakto sülh sazişi hesab etdiyi vurğulanır. Həmçinin Azərbaycan Prezidentinə istinadla, 10 noyabr bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsinin başa çatdığı ifadə olunur.
Qanlı müharibənin başa çatmasından qısa müddət sonra Prezident İlham Əliyevin sülh və əməkdaşlıq yönündə birmənalı mövqe və böyük cəsarət nümayiş etdirdiyi, bu səpkidə Kəlbəcər rayonunda qeyri-qanuni məskunlaşmış ermənilərin bu rayon ərazisini tərk etməsi üçün 10 noyabr bəyanatında nəzərdə tutulandan əlavə 10 günün verilməsi; müharibə əsirlərinin və saxlanılan ermənilərin geri qaytarılması, 1400 nəfərdən çox erməni hərbçilərinin cəsədlərinin Ermənistana təhvil verilməsi; Gorus-Qafan yolunun işğaldan azad edilmiş və hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətində olan hissəsindən Ermənistan vətəndaşlarının istifadəsi üçün icazənin verilməsi; eləcə də Rusiya təbii qazının Ermənistana nəqli üçün Azərbaycan ərazisindən şəraitin yaradılması kimi konkret addımlar atdığı vurğulanır.
Lakin qonşu ölkələr arasında davamlı sülh və əməkdaşlıq münasibətlərinin birtərəfli qaydada təmin olunmasının mümkünsüzlüyü bildirilərək, Ermənistan rəhbərliyinin nəinki beynəlxalq humanitar hüquqdan və 10 noyabr bəyanatından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi, hətta öz əhalisini sülhə hazırlamaq üçün kiçik bir təşəbbüskarlıq belə göstərmədiyi nəzərə çatdırılır və ardınca qeyd olunur: “Bununla belə, Ermənistanın bu münasibəti müharibə sonrası ruhdan düşmüş və yaxud hər hansı siyasi rəhbərliyin travma sonrası davranış pozuntusu kimi qəbul edilməməlidir. Bu məsələ öncəliklə Ermənistanın siyasi mədəniyyətində Azərbaycana qarşı uzun illərdir kökləşmiş zərərli təhkiyə və iddialarla əlaqədardır. Lakin bu vəziyyətin müalicəsinin yükü Ermənistan əhalisinin, bu prosesin təşviq edilməsi məsuliyyəti isə beynəlxalq dairələrin üzərinə düşür”.
Sülh prosesilə bağlı təşəbbüskarlıqların provokasiyaya məruz qalmasında erməni diasporunun da xüsusi rolu olduğuna işarə edilir, Ermənistan rəhbərliyinin vaxtaşırı olaraq, diaspor dairələrinin törətdiyi təxribatlardan faydalanaraq, gündəlik yaşayış ehtiyacları üçün mübarizə aparan sadə ermənilərə təsir göstərdiyi qeyd olunur. Bu səbəbdən, Ermənistanın növbəti dəfə qurban rolu oynayaraq, müharibə travması bəhanələrinin arxasına gizlənməsinə və beləliklə, 10 noyabr bəyanatından irəli gələn sülh-quruculuğu öhdəliklərini yerinə yetirməsindən boyun qaçırmasına icazə verilməməli olduğu vurğulanır.
Məqalədə Prezident İlham Əliyevin cari ilin 13 aprel tarixində ADA Universitetində keçirilmiş "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışına xüsusi yer ayrılır və sülh quruculuğunun təmin edilməsində Azərbaycan Prezidentinin aparıcı beynəlxalq təşkilat və QHT-lər ilə birgə əməkdaşlığa önəm verdiyi nəzərə çatdırılır.
Beynəlxalq institutların bu istiqamətdə ilk və səmərəli addım kimi Azərbaycanın vaxtilə işğal altında olmuş və Ermənistan tərəfindən minalanmış ərazilərinin xəritələrini əldə etməsinin vacibliyi qeyd olunur. Belə bir nailiyyətin Azərbaycan və Ermənistan arasındakı dinc qonşuluq münasibətlərinin qurulması ümidinə önəmli töhfə verəcəyi vurğulanır.
Məqalə ilə daha geniş aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.nst.com.my/opinion/letters/2021/04/685877/peace-difficult-without-change-mindset-armenias-leadership