• 26 Aprel 2024
logo
Azərbaycan postmüharibə dövründə regionun inkişafında maraqlıdır

Azərbaycan postmüharibə dövründə regionun inkişafında maraqlıdır

Artıq Dağlıq Qarabağ münaqişəsi sona çatıb. Amma işğalçı ölkə bütün dünyaya göstərdi ki, nə qədər təhlükəli bir düşməndir, istənilən vaxt separatçı meyllərə dəstək olub başqalarının torpağında müharibələr yarada bilər. Yəni münaqişə həvəskarlarıdırlar. Ümumiyyətlə rəsmi İrəvanın bu illər ərzində niyyəti münaqişənin dondurulması olub, Ermənistan problemin həllini istəməyib. Bununla bağlı ölkə başçısı da çıxışlarında xüsusi olaraq vurğulayıb ki, əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, onlar münaqişənin həllinin olmaması üçün hər şey ediblər. Ermənilər nəhəng istehkamları, müdafiə xətlərini tikmək, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyirdilər. Amma bacarmadılar.

Artıq indi ortada qalib Azərbaycan ordusu, məğlub erməni ordusu və bir də azad edilmiş torpaqlar var. Bu gün dünya da anlayır ki, rəsmi İrəvan hərbi cinayətkardır. Təəssüf ki, Ermənistan Birinci Qarabağ savaşında da müharibə cinayətləri törətməyi bacardı. Lakin o vaxt informasiya mühiti fərqli idi deyə, bu cinayətlər dünyada elə də ictimailəşmədi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmadı. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər.

Amma ikinci Qarabağ müharibəsi tamamilə fərqləndi, qarşı tərəfin müharibə cinayətləri dünyaya anından yayımlanaraq ifşa edildilər. 44 günlük müharibə zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu. Məsələn, Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Özü də bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi.

Əlbəttə beynəlxalq aləmdə mülki əhaliyə hücum qəti şəkildə pislənilir. Müharibə zamanı mülki əhaliyə qarşı törədilmiş cinayətlər isə erməni siyasətinin xislətindən xəbər verdi. Nəinki Gəncə, digər ərazilərdə də bu cür cinayətlərin şahidi olmuşuq. Məsələn, Tərtər balaca şəhər olsa da, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atdılar... Düşmənlərimiz bununla da soyumayaraq Bərdəni bombaladılar. Naftalan faciəsi də ən ağrılı hadisələrdən oldu. İşğalçı ordu Naftalana bomba atandan sonra beş nəfərlik ailə öz evindəcə qətlə yetirildi.

Bu gün artıq müharibə yekunlaşsa da, Ermənistanda qatı düşmənçilik mövqeyi hələ də qalır. Bununla bağlı ölkə başçısının sərt bir mesajları da var. Doğrudan da revanş niyyətləri Ermənistan dövlətçiliyinin sonu deməkdir. Bu gün Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları bir sıra ciddi suallar doğurur. Təbii ki, gələcəkdə hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq. Buna şübhə olmamalıdır. Amma revanşizmə köklənmək ağılsızlıqdır ki, buna da ancaq erməni siyasi elitası gedərdi... Bu gün həm də Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb. Hansı güc və qüvvə ilə qisasçılıqdan dəm vururlar, anlamaq olmur...

Bu gün artıq söhbət Qarabağdan deyil, Zəngəzur dəhlizinin bərpasından gedir. Yəni azərbaycanlıların bu dəhlizdən istifadəsindən. Gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilməlidir. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Orada Sevan yoxdur, Göyçə var.

Zatən düşmən ölkədə yad torpaqda dövlət qurduqlarını anlayırlar. Onlar İkinci Qarabağ müharibəsindən sonra daha çox qorxuya düşüblər ki, Zəngəzur, İrəvan həqiqətləri bundan sonra dünyaya daha operativ şəkildə yayılacaq...

Prezident İlham Əliyevin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı maraqlı bir məqama da toxundu ki, bu da cəmiyyətimizin diqqətindən yayınmadı.

“Qüdrətli Azərbaycan istənilən vəzifənin öhdəsindən gələ bilər, lakin bu, o demək deyil ki, bizim ərazi iddialarımız var” deyən ölkə başçısı “Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Azərbaycanın mövqeyi açıq və aydındır” fikirləri ilə əslində qarşı tərəfə və ümumilikdə bütün dünyaya açıq mesaj ünvanlamış oldu.

Ümumiyyətlə bu bir həqiqətdir ki, Azərbaycanın əldə etdiyi zəfər bir sıra tarixi hadisələrə yol açdı. Qələbə ölkənin və bütün regionun sürətli inkişafı üçün əsaslı zəmin yaratdı.

Təbii ki, Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün artmasının, eləcə də beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsi idi. Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub. Dünya ilə qurulan əlaqələr, ayrı-ayrı ölkələrlə sıx əməkdaşlıq da bizi müəyyən mənada müharibədə qələbəyə yaxınlaşdırırdı. Ümumiyyətlə beynəlxalq əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulmalıdır. Bu gün də ərazilərin bərpası üçün bir sıra ölkələrlə əlaqələrin genişləndirilməsi önəmli amildir. Misal üçün, İtaliya bizim ölkəmiz üçün çox yaxın tərəfdaşa çevrilib. Artıq strateji tərəfdaşlıq haqqında ikinci sənəd də imzalanıb. Ölkələrimiz arasında siyasi əlaqələr isə yüksək səviyyədədir. Möhkəm əməkdaşlığı davam etdiririk və bu əməkdaşlıq münaqişə zamanı və münaqişədən sonra sınaqdan çıxıb. Yenidənqurma planlarımızın ilk günlərindən isə İtaliya şirkətlərini dəvət etmişik. Bunun özü də böyük anlam daşıyır...

Bundan başqa Azərbaycanın Qoşulmama Hərəkatında götürdüyü öhdəliklər böyük uğurdur. Bizim regionda əməkdaşlıq yaratmağımız da təbii ki, beynəlxalq uğurumuzdur. Buraya Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İran üçtərəfli əməkdaşlığı daxildir və təbii ki, bu da sabitliyə töhfədir. Günümüzdə artıq regionun inkişafı strateji prioritetə çevrilib. Qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Xüsusən də beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrinin inkişafına xüsusi diqqət yetirilməlidir. Xəzəryanı qonşularla əlaqələrimiz çox uğurla inkişaf edir və onların hər biri ilə bizim xüsusi əməkdaşlıq yolumuz var. Bunun ən böyük hissəsi nəqliyyata aiddir. Çünki Azərbaycan nəqliyyat və logistika üzrə mühüm mərkəzlərdən birinə çevrilib. Bizim okeana birbaşa çıxışımız olmasa da, biz Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal şəkildə iştirak edirik. Hazırda bu layihələrə daha çox ölkə cəlb olunub.

Bu da bir həqiqətdir ki, qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Şübhəsiz ki, Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.

Ümumiyyətlə bu bir həqiqətdir ki, əməkdaşlıq körpülərinin yaradılması üçün konstruktiv mövqe sərgilənməlidir. Azərbaycanlılar və ermənilərin qarşılıqlı əlaqəsi istəkdən və siyasətçilərin müdrikliyindən asılıdır. Burada və İrəvanda körpülər qurmaq üçün fəal olmalıyıq. Ermənistan tərəfi ilə sülh razılaşmasının mümkünlüyü barədə biz qarşı tərəfdən hər hansı mesaj almamışıq. Təəssüf ki, hazırda Ermənistan Azərbaycana qarşı aqressiv münasibəti aradan qaldıra biləcək durumda deyil.

Dünya Azərbaycanı da yaxşı tanıyır, Ermənistanı da. Beynəlxalq aləm ölkəmizin bütün məsələlərdə konstruktiv mövqe sərgilədiyini və beynəlxalq hüququn tərəfdarı olduğunu bilir.

Azərbaycan hər zaman danışıqların simulyasiyasına etiraz edib. Ölkəmiz həmişə konstruktiv mövqedə olub. Biz xalq olaraq, dövlət olaraq münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik...

Baxmayaraq ki Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davrandı, ölkəmizə qarşı ciddi hərbi cinayətlər, məsuliyyətsiz davranışlar sərgiləndi. Bu gün Azərbaycan “İsgəndər-M” raketi ilə bağlı açıqlama tələb edir. Düzdür, Rusiya ilə “İsgəndər-M” raketi ilə bağlı məsələlərin müzakirəsi olub. Rəsmi İrəvan gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyir. Azərbaycan isə rəsmi cavab gözləyir.

Qısası, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi apardı, müharibə zamanı isə hərbi qulluqçularımız ləyaqətlə davrandılar. Biz heç bir mülki şəxsə zərər yetirmədik. Ermənistan tərəfində mülki əhali arasında tələfatın 40 nəfərdən az olması bunun əyani sübutudur. Təəssüf ki, eyni sözləri erməni ordusu haqqında demək olmur. Artıq münaqişə yekunlaşıb, ərazi bütövlüyümüz bərpa olub. Bakıda Hərbi Qənimətlər Parkı da açılıb ki, bunun özü də ordumuzun gücünü qüvvətini bir daha nümayiş etdirir. Azərbaycan isə bundan sonra da güclü şəkildə irəli doğru əminliklə addımlayacaq.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Dilşad Nuriyeva