• 27 Fevral 2021
logo
Prezident: “Müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır”

Prezident: “Müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır”

“Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanıb. Füzuli Hava Limanının inşası başlayıb. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

O qeyd edib ki, bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir: “Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, ondan sonra Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir və digər layihələr də, həmçinin. Çünki hesab edirəm ki, müharibədən sonra yaranmış vəziyyət bölgə ölkələri üçün yeni imkanlar açır. Azərbaycan bu sahədə əməkdaşlığa hazırdır və bu işə öz töhfəsini verməkdədir. Mənim tərəfimdən göstəriş verildi ki, Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsi başlasın. Artıq start verildi və digər layihələr də, həmçinin. Burada ən müasir texnologiyalar tətbiq edilməlidir ki, Azərbaycan bu sahədə də daim liderliyi öz əlində saxlaya bilsin. Mən ümid edirəm ki, siz bütün bu vəzifələri şərəflə yerinə yetirəcəksiniz”.