• 5 Dekabr 2020
logo
Bir “çömçə” iddiaya bir “qaşıq” cavab

Bir “çömçə” iddiaya bir “qaşıq” cavab

“Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda siyasi partiyaların iştirakı ilə keçirilən “dəyirmi masa”da ADP sədri Sərdar Cəlaloğlunun BMT Nizamnaməsinə istinadla “vətəndaşların üsyan etmək hüququnun olduğunu” bəyan etməsi bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Baxmayaraq ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev elə həmin “dəyirmi masa”da BMT Nizamnaməsini saxtalaşdıra biləcək qədər “qırmızı” olan Sərdar Cəlaloğlunun iddialarını tutarlı arqumentlərlə alt-üst etdi, adam yenə də “çömçəsini” əlinə alıb beynəlxalq hüququ qarışdırmağa davam edir.
Olsun...
Əvvəla qeyd edim ki, istənilən təşkilatın, o cümlədən BMT-nin Nizamnaməsi hüquqi sənəd olaraq, tərəflər arasındakı münasibətləri, təşkilatın struktur və səlahiyyət bölgüsünü, üzvlərin hüquq və vəzifələrini müəyyənləşdirir. Yəni Sərdar Cəlaloğlunun bu iddiasının bütövlükdə “nizamnamə” anlayışına heç bir aidiyyatı yoxdur və bu adam bəyannamə, konvensiya, ikitərəfli və çoxtərəfli müqavilələrlə tənzimlənən münasibətləri nizamnamə münasibətləri ilə səhv salıb. Doğrudur, Sərdar Cəlaloğlu daha sonra BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyyanaməsinin preambula hissəsinə də istinad etdi, amma yenə də öz mövqeyini əsaslandıra bilmədi. Onun iddialarına tutarlı arqumentlərlə cavab verənləri isə etikadankənar, hikkəli davranışları ilə şərləməyə çalışdı.
BMT Nizamnaməsində nəinki kütlənin “üsyan hüququ” haqqında, bütövlükdə üzv ölkələrin daxili siyasəti ilə bağlı heç bir imperativ və hətta istiqamətləndirici müddəa belə yoxdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə gəldikdə isə, bu sənədin preambula hissəsində qeyd olunur:
“İnsanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq...”
Burada söhbət insan hüquqularının qanunun gücü ilə təmin edilməməsindən, zülm və istibdaddan və ən son mübarizə vasitəsindən gedir və bütün bunlar kifayət qədər cuddi, insanlıq əleyhinə cinayət kimi tövsif olunacaq məsələlərdir. Bu kontekstdə Azərbaycandakı siyasi proseslərinin müqayisəsi isə yalnız əqli qüsuru olan insanın sayıqlamaları kimi qəbul oluna bilər.
Bununla yanaşı xatırladım ki, İnsan Hüquqları haqqında Ümumi Bəyyannamə təkcə Sərdar Cəlaloğlunun interpretasiyasında təqdim olunan ifadələrdən ibarət deyil. Digərləri də var.
Məsələn, sənədin 29-cu naddəsində deyilir:
1. Hər bir insan cəmiyyət qarşısında borcludur, çünki şəxsiyyətin azad və tam inkişafı yalnız cəmiyyətdə mümkündür.
2. Öz hüquq və azadlıqlarını həyata keçirərkən hər bir insana yalnız başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və onlara hörmət olunmasını təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblərini yerinə yetirmək məqsədilə qanunun müəyyənləşdirdiyi məhdudiyyətlər tətbiq edilməlidir.
Göründüyü kimi İnsan Haqları haqqında Bəyannamədə Sərdar Cəlaloğlunun prinsiplərinə zidd olsa da əxlaqdan, ictimai asayişin qorunmasından, başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasına mane ola biləcək davranışlardan və belə hallara qarşı tətbiq olunacaq məhdudiyyətlərdən də söz açılır. Yəni Bəyənnamə heç bir kəsə “söyüş söymək”, “xaos və qarşıdurma yaratmaq” hüququ vermir.
Digər tərəfdən, bütün ölkələrin Konstitusiyalarında hakimiyyətin qanunsuz yolla mənimsənilməsindən və buna qarşı mübarizə üsullarından söz açılır. O cümlədən də Azərbaycanın...
Sərdar Cəlaloğlunun “üsyan hüququ” iddiasına gəldikdə isə bu “hüququ” istənilən şəkildə, təməl insan hüquq və azadlıqlarını, ictimai təhlükəsizliyi, dövlətlərin ərazi bütövlüyünü nəzərə almadan da tövsif etmək olar. Necə ki, bunu Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan və həmin ərazilərdə formalaşdırılan separatçı erməni rejimi edir. İndiki halda təəssüf ki, Sərdar Cəlaloğlunun məntiqi ilə Bako Saakyanın məntiqi üst-üstə düşür.

Elçin Mirzəbəyli