• 12 Avqust 2022
logo
28 ilin 28 dəqiqəlik cavabı

28 ilin 28 dəqiqəlik cavabı

ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun erası bitdi, gorbagör oldu, cəhənnəmə getdi... Bundan sonra nə işlə məşğul olacaqları bəlli deyil, olacaqları işin də qara qəpiklik dəyəri olmayacaq. Necə ki, indiyədək olmayıb...

Prezident İlham Əliyev isə Minsk Qrupu həmsədrlərinin 28 il ərzində Azərbaycan xaqına və dövlətinə çəkdirdiklərinin cavabını və əməllərinin qiymətini təxminən 28 dəqiqəlik nitqinin cüzi bir hissəsində artıqlaması ilə verdi...

Azərbaycan Prezidentinin nitqinin sonunda səsləndirdiyi fikirlərdən başlamaq istəyirəm: Dövlətimizin başçısının son bir neçə cümləsində diqqət çəkən iki məqam var: ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana dəvət edilmədiyinin, görüşə özlərinin təşəbbüs göstərdiklərinin xüsusi olaraq vurğulanması və onlara öz fikirlərini kameralar önündə səsləndirmələri üçün “imkan yaradılması”...

Birinci məqam, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesdə hər hansı bir formada iştirakının Azərbaycana ümumiyyətlə lazım olmadığını və görüşün sadəcə dəvətsiz də qonağa olan münasibətdən baş tutduğunu diqqətə çatdırır və təbii ki, görüşədək həmsədr ölkələrin tutuquşu kimi köhnə proseslərin nostaljisi ilə təkrarladıqları “prinsiplər”in artıq heç bir işə yaramadığının altını çızır. Yəni həmsədrlər “köhnə”, “boyat”, “nimdaş”, “naftalin qoxuyan”, “yenilənmiş”, “bir az yenilənmiş”, “lap yenilənmiş” “prinsiplər” tərəddüd etmədən qatlayıb ciblərinə qoya bilərlər.

İkinci məqam isə... Zənnimcə hər şey aydındır. Azərbaycanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə güvənəcək, etimad göstərəcək, hətta nə zamansa belə bir istəkdə bulunacaq kimsə qalmayıb. Mesaj açıqdır: Mister və müsyö həmsədrlər, əgər yenə də kameralar qarşısında bir, qapalı müzakirlərdə başqa fikir səsləndirmək istəyirsinizsə, buyurun. Amma bunun bizim üçün son nəticədə heç bir fərqi olamayacaq...

Zənnimcə, görüşdə Rusiyanı, bu ölkəni ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında təmsil edən şəxsin deyil, səfirin təmsil etməsi də, olduqca açıq, birmənalı mesaj kimi qəbul edilə bilər. Digər tərəfdən, Minsk Qrupunun üç həmsədri olduğu halda, onlardan ikisinin ayrılıqda görüşə təşəbbüs göstərmələri də Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun görüşə dəvət olunmasına zəmin yarada bilər. Bütün hallarda hər iki məqam Azərbaycanın mövqeyinin kifayət qədər açıq və şəffaf olduğunu nümayiş etdirir.

Həmsədrlərin bundan sonra, hətta hər hansı bir qiymətləndirmə, araşdırma prosesində yer almayacağı da onların diqqətinə çatdırıldı və bildirildi ki, Azərbaycan bu prosesə artıq öz beynəlxalq tərəfdaşlarını dəvət edib. Sadə məntiqlə, bu o deməkdir ki, Minsk Qrupunun həmsədrləri format olaraq, artıq Azərbaycanın tərəfdaşı deyillər. Sitat: “Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O da oralarda olub.

...Bəli, “o da oralarda olub”, siz də, sizə qədər bir-birini əvəz edən digər diplomatlar da oralarda olublar, amma sadəcə olublar, vəssalam və bu varlığın yoxluqdan heç bir fərqi olmayıb.

Təfərrüatına varmayacağam, Azərbaycan Prezidentinin mesajları, dəyərləndirmələri o qədər açıq və aydındır ki, xüsusi şərhinə ehtiyac da yoxdur. Çünki Prezidentin nitqinin süjet xətti ideal şəkildə qurulmuşdu və hər fikrin sonunda mahiyyətlə dəyərləndirmə bir-birini tamamlayır, əlavə sual üçün yer qoymurdu.

Sitat: “Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.

Bəli, tarix göstərdi ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi vasitəçilərin və neofaşist Ermənistanın yer aldığı danışıqlar heç bir halda nəticə verə bilməzdi. Çünki bu danışıqların yeganə hədəfi status-kvonu olduğu kimi qoruyub saxlamaqdan ibarət idi...

Bu səbəbdən də “status” da, onun ayrılıqda heç bir məna kəsb etməyən “kvo”su da cəhənnəmə göndərildi ki, bir daha geriyə qayıtmaq, yaxud qaytarılmaq imkanı olmasın...

Elçin Mirzəbəyli