Sahibə Qafarova: “Bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”
Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri gündəlikdə olan 12 məsələni müzakirə ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan silahlı qüvvələrini Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan ordusunun qüdrətini bütün dünyaya göstərdi. Sahibə Qafarova diqqətə çatdırıb ki, Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında yer alıb: “Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdiməklə yanaşı onu da göstərir ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”.
Sahibə Qafarova həmçinin “bildiyiniz kimi, şəhid ailələri və yaralı qazilərimizə dəstəklə bağlı YAŞAT Fondu yaradılıb. Bu fondun yaradılmaının çox mühüm əhəmiyyəti var”, - deyə əlavə edib. Sahibə Qafarova Milli Məclisin üzvlərini bu fonda qoşulmağa dəvət edib: “Milli Məclisin deputatlarını, Aparat işçilərini bu nəcib işə qoşulmağa dəvət edirəm”.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı barədə sənəd müzakirəyə çıxarılıb. Sənədə əsasən, Azərbaycanda 2020-ci il dekabrın 12-si saat 00:00-dan hərbi vəziyyət ləğv olunacaq. Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Daha sonra “Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Milli Məclisin sədri Sahibə Qafarovanın təqdimatı əsasında Vüqar Tapdıq oğlu Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra Vüqar Tapdıq oğlu Gülməmmədov yenidən Azərbaycan Respublikası Hesablama Palatasının sədri seçilib.
Deputat Ziyafət Əsgərov diqqətə çatdırıb ki, sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatları başlamışdı: “Bundan sonra Prezident İlham Əliyev bütün ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə bağlı fərman imzaladı və bu fərmanı Milli Məclisə göndərdi”. Deputatın sözlərinə görə, Ali Baş Komandanın döyüş əmrlərini icra edən Ordumuz yüksək peşəkarlıq nümayiş etdirdi: “Ordumuz 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsinə nail oldu. Nəticədə Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında qələbə qazandı. 28 il həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Yeni tarixi mərhələnin başlaması fonunda Prezident İlham Əliyev 7 dekabr tarixində hərbi vəziyyətin ləğv edilməsi barədə fərman imzalayıb”.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, əmanətlərin tam sığortalanması qanununa edilən yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanəti Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq. Bu, çox mühüm yenilikdir”.
Tahir Mirkişilinin sözlərinə görə, yeni qanun layihəsi həm də depozit hesablarında olan vəsaitin tam sığortalanmasını təklif edir: “Bu mexanizmdən çıxmaqla, bankların da məsuliyyəti artacaq, eyni zamanda iri əmanətçilərin banklar üzərində nəzarəti artacaq”. Komitə sədri bildirib ki, Əmanətlərin tam sığortalanması ilə bağlı qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub: “Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur”.
Qeyd edək ki, Milli Məclisin iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə
əsasən, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli (50) faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.
Qeyd edək ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur.
Qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır. Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Millət vəkili Əli Məsimli deyib ki, əmanətlərin tam sığortalanması ilə bağlı qanuna təklif edilən dəyişikliklər makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin möhkəmlənməsinə kömək edəcək. O bildirib ki, banklarla Milli Məclisin dialoqunun keçirilməsini uzun illərdir təklif edirlər: “İki gün əvvəl bu dialoq Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin Mərkəzi Bankın rəhbərinin iştirakı ilə keçirilən iclasında təmin edildi. Banklarda bürokratik məqamlar var. Şəhid ailələri və qazilərlə bağlı da bu məqamlar var, yaxşı olardı ki, banklar bu məqamları aradan qaldırsın”. Deputat qeyd edib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır: “Bu məsələyə baxılmalıdır. Qorunmayan əmanətlərlə bağlı məsələ də yaxşı olardı ki, qanunda nəzərdə alınsın. Eyni zamanda məzənnə dəyişən zaman qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır. Əmanətlərin çoxu 6-12% arasında qəbul edilir. Bəziləri yüksək faizlə bunu qəbul edir. Bunun da aqibəti nəzərə alınmalıdır. İkincisi, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlarda olan pulları çıxarmaq vaxtıdır. Bu işdə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Burada bir sıra mexanizmlər işlənib hazırlanmalıdır. Yazda biz yenidən bu sənədə baxmalı, yeni təklifləri qanunda nəzərə almalıyıq”.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
I vitse-spiker Əli Hüseynli diqqətə çatdırıb ki, Milli Məclisin yaz sessiyasında, yeni çağırış parlament fəaliyyətə başladığı dövrdə pandemiya şəraitində işimizi daha səmərəli qurmaq üçün videokonfrans formatında iclasları keçirməyi qərara aldıq. Sədrin birinci müavini bildirib ki, bu günə qədər kifayət qədər komitə iclası bu rejimdə keçirilib: “Parlamentin plenar iclasları isə ənənəvi qaydada baş tutub. O zaman nəinki hüquqşünaslar, heç kim pandemiyanın bu qədər uzanacağını bilmirdi. Beynəlxalq mütəxəssislərin də fikri onu göstırir ki, pandemiya hələ uzun müddfət olacaq. Ona görə də biz bu qanunda göstərdiyimiz vaxt rejimini aradan götürək”. Sədr Sahibə Qafarova bildirib ki, pandemiyadan sonra da bu təcrübədən imtina edilməyəcək: “Bu konfranslar bizə işimizi daha səmərəli qurmağa imkan verir”.
Əli Zülfüqaroğlu