• 4 Dekabr 2020
logo
Azərbaycan Ordusu döyüşdə yüksək dəqiqlikli silahlardan istifadə edir ki, sivillərə zərər vurmasın - Hərbi ekspert

Azərbaycan Ordusu döyüşdə yüksək dəqiqlikli silahlardan istifadə edir ki, sivillərə zərər vurmasın - Hərbi ekspert

Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizi işğaldan azad etmək üçün Ermənistan silahlı qüvvələrinə qarşı əməliyyat keçirir.

Bunu açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, ermənilər isə öz silahlı qüvvələrindən başqa bölgədə terrorçu qruplaşmaların da gücündən istifadə edir: "Buna görə də sülhə məcburetmə prinsipləri çərçivəsində öz əhalimizi qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatlarından da istifadə edir. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələri Ermənistan qoşunlarına, eyni zamanda ermənilərin bölgəyə cəlb etdiyi muzdlular və terrorçulara qarşı əməliyyat keçirir. Azərbaycan Ordusu əllərində olan yüksək dəqiqlikli silahlar vasitəsilə, yüksək texnoloji və yüksək peşəkarlıqla Ermənistan silahlı qüvvələrini ərazilərimizdən təmizləməyə müvəffəq olur. Hazırda mövcud döyüşlər uğurla davam edir. Ali Baş Komandanın dediyi kimi Azərbaycan Ordusu işğal altındakı bütün ərazilərimizi azad edəcək. Bu əməliyyatlar ərazilərimiz tam işğaldan azad olunana qədər davam edəcək".

Hərbi ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq konvensiyalara uyğun olaraq yüksək dəqiqlikli silahlardan o məqsədlə istifadə edir ki, bölgədə yalnız hərbi obyektləri zərərsizləşdirsin: "Biz bölgədə sivil əhaliyə heç bir zərər vermədən yüksək dəqiqlikli texnologiya və silahların tətbiqi ilə Ermənistan silahlı qüvvələrinin zərərsizləşdirilməsinə müvəffəq oluruq".