• 9 İyul 2020
logo
“Ermənidən daha çox erməni olmaq" iddiası

“Ermənidən daha çox erməni olmaq" iddiası

Azərbaycan Prezidentinin Ermənistandakı real vəziyyəti əks etdirən fikirləri işğalçı ölkənin siyasi hakimiyyəti, kütləvi informasiya vasitələri ilə yanaşı erməni təbliğat maşını ilə sinxron hərəkət edən qrupları, “5-ci kolon”un ənənəvi təmsilçilərini ciddi də narahat edib. O qədər narahat edib ki, hətta Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal altında saxlayan, bir milyona yaxın həmvətənimizi yurdundan didərgin salan, xalqımıza qarşı soyqırım törədən, tarixi və mədəni abidələrimizi, məscidlərimizi viran qoyan, azərbaycanlıların dəfn olunduğu qəbristanlıqları dağıdan, başdaşlarını güllələyən işğalçıdan üzr istəməyə belə hazır görünürlər. Əks təqdirdə Prezident İlham Əliyevin Ermənistanla bağlı fikirlərinin Azərbaycan hakimiyyətinə aid olduğunu dilə gətirib Ermənistana, erməni diasporu və lobbisinə, işğalçı ölkəni himayə edənlərə “biz fərqli düşünürük” mesajını verməzdilər.
Maraqlıdır, görəsən Azərbaycan Prezidentinin Ermənistanla bağlı hansı fikirləri əsas işlərinin hakimiyyəti şərləməkdən ibarət olduğunu açıq şəkildə etiraf edən “Milli Şura” adlanan qurumun başbilənlərini, xarici ölkələrə sığınan “söyüş terminatorları”nı narahat edib?
Nə deyib Azərbaycan Prezidenti?
Deyib ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb, ermənilər əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə Azərbaycan toponimlərini dəyişdiriblər, orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər,
Deyib ki, Ermənistanın müstəqillik tarixi rüsvayçılıq tarixidir, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur.
Deyib ki, Ermənistanda hakimiyyətin siyasi opponentləri təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir.
Və nəhayət bəyan edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək!
Əgər Prezident İlham Əliyevin yuxarıda iqtibas gətirdiyim və gətirmədiyim, son nəticədə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasına xidmət edən fikirləri “Milli Şura”çıları və onlarla eyni düşüncənin daşıyıcısı olanları qane etmirsə və bütün bunların “Azərbaycan hakimiyyətinin fikirləri” olduğunu bildirirlərsə, o zaman belə anlaşılır ki, bu şəxslər “Azərbaycan hakimiyyətinin fikirləri”nə əks mövqedə dayanan tərəfin, yəni Ermənistanın mövqeyini bölüşürlər.
Maraqlıdır, görəsən formal “Milli Şura”nın formal sədri Cəmil Həsənlinin, bu qurumda təmisl olunan digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi şəxslərin Ermənistana və işğalçı ölkənin siyasi hakimiyyətinə olan sevgisi haradan və nədən qaynaqlanır? Bu adamları öz dövlətlərinə qarşı işğalçı ölkə ilə vahid mövqedən çıxış etməyə, sinxron davranmağa, hətta Ermənistan mediasının ölkəmizə qarşı ittihamlarını olduğu kimi təkrarlamağa vadar edən nədir?
Cavabı çox sadədir - ortaq maraqlar və ortaq maliyyə mənbələri...
Doğrusu, 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin, qondarma erməni soyqırımı ilə bağlı çoxsaylı layihələrin müəlliflərindən biri olan, ABŞ hökumtindən işğalçı Ermənistana və işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qanusuz rejimə birbaşa maliyyə yardımlarının artırılmasını tələb edən Kristofer Smitin, özünün dediyi kimi “böyük dostu” Cəmil Həsənlidən və onun kimilərdən fərqli bir mövqe gözləmək də absurd olardı. Qeyd edim ki, Kristofer Smit özünü həm də ermənilərin “böyük dostu” hesab edir.
Bu adamlar da öz növbələrində Azərbaycanla da, Ermənistanla da bağlı “böyük dostları”nın mövqeyindən çıxış edirlər.
Hətta baş nazir Paşinyanın yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafı belə bu insanları işğalçı ölkə ilə bağlı real vəziyyəti ifadə edən şəxslərə qarşı aqressiya nümayiş etdirməkdən çəkindirmir. Nəticədə isə “Roma papasından daha artıq katolik” misalına uyğun bir mənzərə, daha dəqiq desək, “ermənidən daha çox erməni” olmaq iddiası nəzərə çarpır.

Elçin Mirzəbəyli