• 29 Mart 2024
logo
102 yaşın mübarək, Azərbaycan!

102 yaşın mübarək, Azərbaycan!

Yüz illər boyu babalarım qoynunda qərar tutub, ömür sürüblər. Aclıqdan, fəlakətdən, müharibələrdə, hətta xəyanətdən ölənləri də olub. Amma heç biri Səni tərk edib, rahatlığı yad ölkələrdə axtarmayıblar. Hara getsələr də sonda geri dönüblər...

Vətən- Doğma ruhların rahatlıq tapdığı məkan...

Demirəm ki, Səndən gözəli yoxdur. Əsla elə deyil, Sənin də öz nöqsanların vardır, amma bütün nöqsanlarınla doğmasan, əzizsən. Axı Sən bizim ANAmızsan...

Min illərlə xəqanların oylaq yeri olmusan. Sənə yiyələnməyə çox sərkərdələr səy göstərib, baş sındırıb. Səni əziblər, Səni məhv etməyə çalışıblar. Amma hər zaman yaşamısan. Tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmısan. Nəhayət Məmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıblar, işğal altında olan ərazidən ölkə səviyyəsinədək yüksəldə biliblər, müstəqil dövlət yaradıblar. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası!..

Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına başqa sözlər əlavə olunsa da, Sən respublika olaraq yüz iki ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə də, sonda ilk atributlarına qayıtmısan, onları ən mükəmməli seçmisən...

Azərbaycan! Mənim doğma diyarım. Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim məmləkət. Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə mənunam, necə qürurluyam.
Bəli, 102 yaşın tamam olur. Mənim 102 yaşlı doğma respublikam!..

Yeni yaşını böyük sevinc hissi ilə təbrik edir, Sənə əminamanlıq, bütövlük arzulayıram.
Yaşasın, əbədi var olsun, Azərbaycan Respublikası!

Elman Eldaroğlu