• 27 Noyabr 2020
logo
Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” - MÜSAHİBƏ

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” - MÜSAHİBƏ

May ayının 7-də Azərbaycanda fəaliyyət göstərən Cümhuriyyət Xalq Partiyası (CXP) Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Partiyanın sədri Bədrəddin Quliyev CXP-nin fəaliyyəti, gələcək planları haqqında Modern.az-a danışıb. Onunla müsahibəni təqdim edirik:
- Partiyanın təsis edilməsi, dövlət qeydiyyatı üçün müraciətiniz nə zamana təsadüf edirdi?
- 2010-cu il avqust ayının 14-də Cümhuriyyət Xalq Partiyası təsis edildi və elə həmin vaxtdan rəsmi qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etdik. Bizə cavab göndərirdilər ki, sənədlərdə uyğunsuzluq var. Partiya olaraq, sənədlərimizi dəfələrlə yeniləyib, Nazirliyə müraciət etmişik. Nəhayət may ayının 7-də qeydiyyatımız təsdiq edildi.
- Son zamanlar ölkəmizdə CXP ilə bərabər, digər bir neçə partiya da qeydiyyata alındı. Bu prosesin davamı haqqında fikirləriniz maraqlıdır.
- Son zamanlar dövlət başçısı səviyyəsində siyasi partiyalarla dialoqun aparılması, siyasi sistemdə gərginliyin aradan qaldırılması, digər partiyaların qeydiyyata alınması prosesini müşahidə edirik. Bütün bunların fonunda gələcəkdə siyasi sistemdə böyük dəyişikliklər olacağını düşünürəm. Bunun nəticəsində çoxpartiyalı sistemin inkişafından söhbət gedir. Amma bu quruluşun oturuşması üçün sistemin özündə də dəyişiklik olunmalı, proporsional seçki sistemi tətbiq edilməlidir. Cəmiyyətdə bütöv xalq siyasi proseslərdə birbaşa iştirak etmədiyindən qeyd etdiyimiz problemlər qalmaqdadır.
- Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşündə hansı məsələləri müzakirə etdiniz?
- Əsasən sonrakı proseslərdə iqtidar-müxalifət arasındakı münasibətləri, dialoq məsələsini müzakirə etdik. Mövcud real siyasi situasiya, idarəetmə sistemi, aparılan islahatlar və s. mövzularda fikir mübadilələrimiz oldu. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkənin taleyüklü məsələləri haqqında hansı addımlar atmaq lazımdır – bunları analiz etdik.
Əsas qarşıya qoyduğumuz məsələ o oldu ki, ölkədə sistem dəyişikliyinə getmək, referendum keçirib, Konstitusiyaya düzəliş etmək lazımdır. Bu gün korrupsiya və rüşvətə bulaşan icra strukturlarının işləmədiyi qənaətinə gəldiyimizi, yeni sistemin ortaya qoyulmasının vacibliyini qeyd etdik.
- Partiyanızın nizamnaməsində qeyd edilən siyasi məqsədləri nələrdir?
- Cümhuriyyət Xalq Partiyasının məqsədlərindən biri də budur ki, Azərbaycanda sistem dəyişikliyi olsun. Seçkilərlə bağlı ciddi islahatlara, xalqın seçki prosesinə marağının gücləndirilməsinə ehtiyac var. Təkliflərimizdən biridir ki, yerlərdə bələdiyyələrin böyük səlahiyyətləri olsun, onlar yeni təsərrüfat fəaliyyətlərinin hər birinə nəzarət etsin.
Partiyamızın hər zaman müdafiə etdiyi ideya Azərbaycan türkünün milli kimliyini özünə qaytarmaqdır. Çünki regionda başımıza gətirilən bəlaların bir çoxunun səbəbi türk olmağımızdır. Türk olduğumuza görə, tarix boyu digər xalqların sıxışdırmalarına məruz qalmışıq, ərazilərimiz parçalanıb. Biz milli kimliyimizi, türklüyümüzü ortaya qoymalı, digər türk dövlətləri ilə yaxşı əlaqələr qurmalıyıq.
Cümhuriyyət Xalq Partiyasının bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabra qədər istifadə etdiyi ilk bayraqdır. Bu bayraq Azərbaycanı işğaldan azad edib, Nuru paşanın rəhbərliyi ilə Qafqaz-İslam ordusunun Bakımızı işğaldan azad etməsinə şahiddir. Bu bayrağın yenidən dalğalanması bizim qələbə ruhumuzun yüksəlməsi, vətən uğrunda, torpaq uğrunda aparılan mübarizənin davam etdirilməsi deməkdir. Əminəm ki, bu bayraq bizi Qələbə paradına aparacaq və elə o paradda bir daha dalğalanacaq.
Türk dünyası ilə bağlı əsas hədəfimiz odur ki, bu dövlətlər eyni sistemə keçsin, sıx əlaqələr qursunlar, bir mərkəzdə birləşsinlər. Ölkə daxilində bütün qüvvələrin bir bayraq altında birləşməyə, əməkdaşlıq etməyə, ölkənin, xalqın gələcəyi üçün çalışmağa çağırırıq.
- CXP-nin hazırda neçə üzvü var?
- 15600 nəfər üzvümüz var. 52 rayon təşkilatımız fəaliyyət göstərir. Qeydiyyatla bağlı dövlət qurumlarına da müraciət edərək, yerli idarə təşkilatlarımızın qurulmasına çalışacağıq. Çünki idarə mərkəzdən təşkil edilməlidir ki, effektiv olsun. Qısa müddətdə Azərbaycanın hər yerində qərargahımızı formalaşdırmağa çalışacaq, Cümhuriyyət Xalq Partiyasının bayrağının dalğalanmasına nail olacağıq.
- Birlik olmaq yolunda hansı siyasi partiya ilə əməkdaşlıq etmək istəyərsiniz?
- Milli təfəkkürümüz, milli istəklərimiz, məqsədlərimiz üst-üstə düşən bütün qüvvələrlə əməkdaşlığa hazırıq.
- Azərbaycan siyasətindəki hansı boşluğu məhz Cümhuriyyət Xalq Partiyası dolduracaq?
- Qeyd etdiyim kimi, milli kimlik, milli problemlərin qoyulması ilə bağlı faktiki birliyimiz olmayıb. Ölkə daxilində milli maraqları nəzərə alaraq sistemimiz, milli institutumuz formalaşmayıb. Dövlətin apardığı siyasət, idarə etdiyi sistem başqa məqamdır. Amma siyasi qüvvələrin də birliyi olmalıdır. İndiyə qədər belə bir sistem, daxildə idarəetmə ilə bağlı normal hüquqi dövlət qura bilməmişik. Çatışmazlıq hökumətə və dövlətə bu məsələləri təklif etməkdir. Belə məqamda qısqanclıqla yanaşmaq lazım deyil. Bütün sahələrdə boşluqlar var, amma buna nəzarət edən ictimai nəzarət sistemi yoxdur. Biz bu boşluğu doldurmaq üçün çalışacağıq.
- Artıq partiyanız qeydiyyata alınıb. Bundan sonra ilk addımınız nə olacaq?
- Karantindən sonra Azərbaycanda fəaliyyət göstərən mətbuat nümayəndələri, ziyalılarla görüş keçirəcəyəm. CXP-nin planını bir daha açıqlayıb, Azərbaycan cəmiyyətinin gələcəyi ilə bağlı fikir mübadiləsi aparacağıq. Bizim qaldırdığımız məsələlərin həllinə xalqın dəstəyi vacibdir. Lazım gəlsə, hüquqi baxımdan da addımlar atacaq, imzatoplama kampaniyasına başlayacağıq. Referendumun keçirilməsi, konstitusiyaya dəyişikliklərin təklik edilməsi üçün addımlar atmağın vatı çatıb. Bunun üçün Təşəbbüs qrupu yaratmağı düşünürük.
Sonrakı dövrdə isə xaricə səfərlərimiz, türk dövlətlərində görüşlərimiz, Avropadakı türk toplumları ilə danışıqlarımız nəzərdə tutulub. Avropada yaşayan türklər həmin ölkələrdə türk partiyaları formalaşdırıblar. Onlarla sıx əlaqələr yaratmağı düşünürəm.
Bundan əlavə, Türk dünyasının ümumi bir konfransını keçirməyi də düşünürük. Əsas məsələ burada Azərbaycanın önəmini göstərməkdir ki, bütün türk dünyasına körpü buradan keçir.