“Yeni Müsavat”ın xəbər verdiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfərindən dərhal sonra təzədən məzuniyyət götürüb. Rəsmi məlumata görə, bu dəfə o, 28 iyuldan 15 avqustadək işə çıxmayacaq.
Baş nazir 18-23 iyul aralığında da məzuniyyətdə olub. Ən maraqlısı Paşinyanın Altaydan gələn kimi ikinci dəfə və daha uzun müddətə istirahətə yollanmasıdır. Ona görə ki, hazırda İrəvan-Moskva münasibətləri tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır.
Üstəgəl, Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Bütün bunlar həm də Ermənistanda hakimiyyət əleyhinə, Moskvaya bağlı qüvvələrin xeyli fəallaşdığı dövrdə baş verir. Söhbət kilsədən, radikal-revanşistlərdən, separatçı ünsürlərdən, Kremlin “5-ci kolonu”ndan, həbsə atılan oliqarx Samvel Karapetyan çaplı “desantlar”dan gedir.
Odur ki, sual yaranır: Putin Paşinyanı arxayın edib, ona məzuniyyət “xeyir-duası” verib? Yoxsa Paşinyan siyasi mühacirətə hazırlaşır? O, məzuniyyətdən qayıtmaya bilərmi?
Vüqar İsgəndərov
Hakim Yeni Azərbaycan Partiyasının parlament təmsilçilərindən olan Vüqar İsgəndərov “Yeni Müsavat”a açıqlamasında qarşıdakı zamanda erməni baş naziri çətin günlərin gözlədiyini qeyd etdi: “Rusiyadan qayıdan kimi Paşinyanın yenidən məzuniyyət götürməsi, əlbəttə ki, bir neçə sual meydana gətirir. Hazırda İrəvan-Moskva münasibətlərinin tarixində bəlkə də ən gərgin, ən kritik dövr yaşanır. "Qərbin adamı" adlandırılan Paşinyanın siyasi gedişləri şimal qonşumuzu narahat edir. Bəzi analitiklər hazırkı vəziyyətdə Paşinyanın mühacirətə getməsi barədə də fikir yürüdürlər. Çünki belə bir kritik vəziyyətdə baş nazirin ardıcıl məzuniyyət götürməsi “Antalya tətili”nə oxşamır. Əslində Nikol Paşinyanın məzuniyyətə çıxması, görünür, heç də istirahət üçün deyil. Onu qarşıda qayğılı günlər gözləyir. Gərgin keçəcək seçkiyə artıq hazırlıqlar başlayıb. İnandırıcı deyil ki, Putin tərəfindən Rusiya baş naziri Mişustinlə görüş zamanı Paşinyana hansısa bir vədlər verilsin. Hər halda, Paşinyan da Rusiya ilə münasibətlərin tam qırılmasını istəmir. Çünki Paşinyan hər dəfə Rusiyaya “diş göstərmək” istəyəndə Rusiya da buna cavab verir. Altay səfəri öncəsi və ondan sonra Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yüklər daşımağa davam edib. Bu bazada hərbi gücün artırılması da Rusiyanın narahatlığının göstəricisidir. Bütün bu addımlardan isə Paşinyan narahat olmaya bilməz. Bu baxımdan Rusiya ilə münasibətləri tam bitirmək də ağılsızlıq olar. Paşinyan müəyyən qədər Rusiya ilə münasibəti saxlamaq istəyir. Çünki məlum məsələdir ki, Rusiyanın Ermənistanın ictimai-siyasi həyatına müdaxilə edə biləcək gücü var. Hələ də Rusiyanın bu ölkədə güclü tərəfdarları mövcuddur. Revanşist kəsim, Daşnaksütyun və digər partiyalar, kilsə, hər biri Rusiyaya bağlı şəxslərdən ibarətdir. Əsasən də həbsə atdığı Samvel Karapetyanın siyasi qüvvə, hərəkat yaratmaq cəhdləri hiss olunur ki, artıq Paşinyan üçün baş ağrısıdır. Kremlin “5-ci kolonu”nun aktivləşməsi ölkədə qarışıqlıq yarada bilər. Bütün bu aktivləşmələr isə, əlbəttə, gözdən yayınmır. Hər halda, Paşinyan məzuniyyətdən qayıdacaq. O istirahətə çıxmaqla həm güc toplayır, həm də bir növ bu günlərdə kənarda qalaraq komandanın nəbzini yoxlayır. Üzü payıza, hər halda, komandada dəyişikliklərin olunması gözləniləndir".
Niyaməddin Orduxanlı
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Paşinyanın hökumət başçısı kimi qalması Putinə sərfəlidir: “Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalması Rusiyanın, konkret olaraq Vladimir Putinin birbaşa maraqlarına cavab verir. Paradoksallıq ondadır ki, Paşinyanın hakimiyyətdə qalması həm də Amerikanın və Qərbin maraqlarına cavab verir. Paşinyan hakimiyyətə gələndən sonra Rusiya ilə Ermənistan arasında ticari əlaqələrin həcmi 14 dəfədən artıq olub. İndi təsəvvür edin, Ermənistanda hakimiyyətdə radikal-revanşistlər, birbaşa Rusiyanın təsirində olan Köçəryan-Sərkisyan cütlüyü idi. Bu zaman Amerika Ermənistana da Rusiya kimi ən ağır sanksiyalar tətbiq edə bilərdi. ABŞ Paşinyana göstərdiyi diqqəti və qayğını Köçəryana göstərərdi? Əlbəttə ki, yox! Amerika Ermənistana Rusiyanın ən yaxın müttəfiqi kimi sanksiyalar tətbiq edərdi. Bütün bunları Putin dəqiqliyi ilə hesablayır. Bu və ya digər səbəblərə görə hələ ki Paşinyanın hakimiyyətdə qalması Putini qane edir. Paşinyan da bır sıra məsələlərdə Putinin tapşırıqlarını yerinə yetirir. Əvəzində Rusiyanın enerji ehtiyatlarını, qazını, neftini çox ucuz qiymətə əldə edir. Həmçinin Paşinyan bununla yanaşı həm Avropanın, Qərbin, həm də ABŞ-ın maddi və digər dəstəyini qazanır. Biz bir faktı da unutmamalıyıq. Gümrüdə bazada Rusiyanın 8 mindən artıq əsgəri var. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində Rusiya əleyhdarı olan spiker Karen Dəmirçiyanın və baş nazir Vazgen Sarkisyanın parlamentin iclasında güllələnməsi hadisəsini də unutmaq olmaz. Paşinyan bu tarixi çox yaxşı bilir. O özünün və komandasının belə bir aqibətlə üzləşə biləcəyini istisna etmir”.