• 1 Oktyabr 2020
logo
"Marionetbaşı"lar və marionetlər üçün replika

"Marionetbaşı"lar və marionetlər üçün replika

Vaxtilə hakim partiyada və parlamentdə təmsil olunan, müəyyən zaman kəsiyindən sonra çoxsaylı səbəblərdən hər iki statusu ilə vidalaşmaq məcburiyyətində qalan, hazırda yalnız kimliyi bəlli olsun deyə, dişimi sıxaraq adını çəkiyim Nazim Bəydəmirli adlı klassik hərşeyşünas iqtidar-müxalifət dialoqunda tərəfləri müəyyənləşdirmək kimi çətin və qafasının tutumu ilə ziddiyyət təşkil edən bir işə girişmək qərarına gəlib. Bəydəmirliyə görə, iqtidar-müxalifət dialoqu onun “əsas” hesab etdiyi siyasi qrup və bu qrupun elə onun özü kimi klassik populist təmsilçiləri ilə aparılmalıdır. Nazim Bəydəmirlinin bu yanaşmasında köhnə əlaqələrinin, yaxud onun kimi ömürlük “qırmızı kart” alan ideoloqlarının hansı rolu oynadıqlarını bilmirəm. Heç bilmək də istəmirəm. Ölkənin siyasi arenasından toz basmış arxiv qovluqlarının bir küncünə “yola salınmış” atılmışlarla bağlı fərdi araşdırma aparmağa vaxtım da yoxdur.
Əgər Nazim Bəydəmirli hakim partiyada və parlamentdə təmsil olunanda bu qəbildən olan mülahizələrlə çıxış etsəydi, o zaman bəlkə də onun bu mülahizələrini, çətin olsa da anlayışla qarşılamaq olardı. Amma bu adam hakim partiyada təmsil olunanda, deputat statusunu daşıyanda məddahlığın dibinə varıb, hakimiyyətin ən mötədil tənqidçilərini belə top atəşinə tuturdu. İndi isə sadəcə topun istiqamətini dəyişib. Məddahlığını isə daha öncə təmsil olunduğu düşərgəyə qarşı ən aqressiv, siyasi əxlaqdan uzaq mövqe sərgiləyən qrupa münasibətdə davam etdirir. Çünki özünü ölkənin konsitusion quruluşuna qarşı savaş açan vətən xainləri ilə bir cərgədə dayanmağa layiq bilən, bütün siyasi ömrünü ölkəmizdə sivil və etimadlı ictimai-siyasi münasibətlər sisteminin formalaşmasına maneə yaradanların xidmətində dayanmağa sərf edən birisini və onun trol-zombi qrupunu “əsas müxalifət” adlandırmaq misli görünməmiş məddahlıq nümunəsidir. Maraqlıdır ki, iqtidara qarşı ən aqressiv çıxış edən şəxslərin əhəmiyyətli hissəsi vaxtilə hakim partiyada təmsil olunan, yaxud hakim partiyanın dəstəyi ilə özünə “gün ağlayan” şəxslərdir. Bunun da, şübhəsiz ki, səbəbləri var. Görünür hələ də “bəlkə də qaytardılar” ümidi ilə yaşayan “marionetbaşı”lar öz sevimli oyuncaqlarını, lazım gələndə “danışdırmağı” da bacarırlar. Özləri danışmağa cəsarət etməsələr də... Amma onların qatarı çöxdan gedib, heç fit səsi də eşidilmir. Siyasi sistemin yeni konfiqurasiyasında belələrinə yer yoxdur. P.S. İslahatların dalğası çör-çöpləri sahilə atıb. İndi qalır sahili təmizləmək...
Elçin Mirzəbəyli