• 7 Dekabr 2024
logo
“Mərkəzi Bank konkret addımlar atmalıdır”-Qüdrət Həsənquliyev

“Mərkəzi Bank konkret addımlar atmalıdır”-Qüdrət Həsənquliyev

“Əlbəttə, namizədlərin hər birinə səs verəcəyəm. Amma onlara ünvanlanan suallarım var. Azərbaycan Respublikasının Prezidenti 2016-cı ilin dekabrında, Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsini təsdiq etdi və orada iqtisadiyyatımızın sürətli inkişafını təmin etmək üçün 4 hədəf müəyyən olundu. Həmin hədəflərdən birincisi humanitar siyasət üzrə üzən məzənnəyə keçidin təmin olunmasından ibarət idi”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi ilə bağlı çıxışı zamanı səsləndirib.
Millət vəkili bildirib ki, orada mərhələlər üzrə 2020-ci və 2025-ci ilə qədər olan dövr müəyyən olunmuşdu: “Artıq bu dövrlər başa çatır və biz hələ də üzən məzənnəyə keçməmişik. Yeni təyin olunanların bu məsələyə münasibətini öyrənmək istəyirəm.
İkinci bir məsələ. Mən zaman-zaman parlamentin iclaslarında məsələ qaldırırdım ki, niyə Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli kommersiya banklarında saxlanılmır ki, Azərbaycan sahibkarlarının ucuz kreditlərə çıxışı təmin olunsun. O cümlədən Mərkəzi Bank da öz ehtiyatlarını kommersiya banklarında aşağı faizlərlə saxlaya bilər ki, sahibkarlar ucuz kreditlər əldə etsin”.
Millət vəkili həmçinin əlavə edib: “Məsələn bu ilin 10 ayı ərzində iqtisadiyyatımıza cəmi 12 milyard manat investisiya qoyulub ki, bu da ölkəmiz üçün çox kiçik bir rəqəmdir: “Çox təəssüf ki, banklar birgə layihələrdə iştirak eləmirlər və onu maliyyələşdirmirlər. Bundan başqa bilirik ki, son illər Azərbaycanda 20-dən artıq bank bağlanıb. Ona görə də əhalinin banklara olan etimadı azalıb. Hörmətli Siyavuş Novruzov da bunu qeyd elədi. Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmov vaxtilə deyirdi ki, evlərdə 10 milyard dollara qədər vəsait saxlanılır. Yəni hansı tədbirlər görülməlidir ki, o vəsait iqtisadiyyatımıza yatırılsın, vətəndaşların banklara inamı bərpa olunsun?
Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın üzərinə çox böyük iş düşür və Mərkəzi Bank bu istiqamətdə konkret addımlar atmalıdır. Mərkəzi Bankın üzvlərinin bu barədə məlumat verməsini arzu edirəm.
Mən 2 milyard manatın gətirilib yerli banklarda yerləşdirilməsini təklif edəndə, o zaman Elman Rüstəmov deyirdi ki, bizim iqtisadiyyatımız bu vəsaiti həzm edə bilməz. Amma, biz özümüz hər il beynəlxalq maliyyə qurumlarından həmin faizlərlə və dövlət zəmanəti ilə milyardlarla vəsait kreditlər götürürük. Ona görə də həmin vəsaitlərin bir hissəsinin gətirilməsi barədə onların fikirlərini öyrənmək istəyirəm”.