• 23 Sentyabr 2020
logo
Ombudsman Aparatının nümayəndələri beynəlxalq onlayn iclasda iştirak ediblər

Ombudsman Aparatının nümayəndələri beynəlxalq onlayn iclasda iştirak ediblər

Azərbaycan Respulikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şöbə müdirinin müavini- Beynəlxalq əlaqələr sektorunun müdiri Zaur Vəliməmmədli və Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin 2018-2021-ci illər üçün Strateji Planı üzrə fəaliyyət göstərən Sığınacaq və Miqrasiya üzrə İşçi Qrupunun “COVID-19 və miqrasiya” mövzusunda təşkil olunmuş onlayn iclasında iştirak ediblər.

Aparatdan bildirilib ki, iclas COVID-19 infeksiyasının dünyada yayılması ilə əlaqədar miqrantların hüquqlarının müdafiəsi ilə bağlı qarşılaşılan problemlər və bu problemlərin həlli üzrə təcrübə mübadiləsinə həsr olunub.

Hollandiya, Almaniya, İspaniya, Fransa və s. ölkələrin Milli İnsan Hüquqları İnstitutlarının 20-dən çox nümayəndəsinin iştirak etdiyi iclasda Avropa regionunda dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması və bu çərçivədə müxtəlif əhali qruplarının, həmçinin miqrantların hüquqlarının effektiv müdafəsi sahəsində fikir və təcrübə mübadiləsi aparılıb.

İclasda çıxış edən Aparatın nümayəndələri Müvəkkilin dünyada elan edilən pandemiya ilə bağlı insan hüquqlarının təxirəsalınmaz müdafiəsi ilə əlaqədar gördüyü tədbirlər barəsində ümumi məlumat veriblər. Qeyd olunub ki, virusla mübarizə məqsədilə ölkədə 24 mart tarixindən etibarən xüsusi karantin rejimi elan olunub. Bununla əlaqədar Müvəkkil tərəfindən vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, şikayət və müraciətlərin e-mail, telefon, faks və onlayn şəkildə qəbulu davam etdirilməkdə, hər bir müraciətə təxirə salınmaz şəkildə reaksiya verilməkdədir. Bildirilib ki, infeksiyanın ölkə ərazisində müşahidə olunmağa başladığı ilk günlərdən Müvəkkil Milli Preventiv Mexanizm mandatı çərçivəsində mövcud vəziyyətlə bağlı miqrasiya orqanları ilə mütəmadi şəkildə əlaqə saxlamış, COVID-19 infeksiyasının yayılması ilə əlaqədar Qanunsuz Miqrantların Saxlanma Mərkəzində saxlanılan miqrantların vəziyyəti ilə maraqlanmış, onların tibbi və digər xidmətlərə çıxış imkanlarını araşdırmış və aidiyyatı tövsiyyələrini vermişdir.

Qeyd olunub ki, xüsusi karantin rejiminin elan edilməsi əsas götürülərək, hazırda ölkə ərazisindəki və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti Dövlət Miqrasiya Xidməti tərəfindən aradan qaldırılmışdır.

Bundan əlavə bildirilib ki, cari ilin 6 aprel tarixində Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 176 nəfər məhkum əfv olunaraq azadlığa çıxıb və onlardan 10 nəfəri məhz Müvəkkilin müraciətləri nəzərə alınaraq azadlığa buraxılıb.

Həmçinin, bildirilib ki, xüsusi karantin rejimi ilə əlaqədar Müvəkkil virusla mübarizə sahəsində mütəmadi şəkildə rəsmi internet səhifəsi və digər sosial media vasitələri ilə maarifləndirici məlumatlar yayımlayır, əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi ilə bağlı aidiyyatı qurumlara tövsiyələr ünvanlayır. İclasda Müvəkkilin əlilliyi olan şəxslərin, miqrantların and uşaqların hüquqlarının müdafiəsi ilə bağlı yayımladığı müraciət və məlumatlar xarici iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı yayımlanan müraciətdə Müvəkkil eyni zamanda BMT-nin xüsusi məruzəçisinin bu şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyətlə əlaqədar irəli sürdüyü tövsiyələri də diqqətə alıb.