• 19 Mart 2024
logo
EQOSENTRİZMİN APOGEYİ

EQOSENTRİZMİN APOGEYİ

Milli Mətbuatımızın 147-ci ildönümünü də yola saldıq. Yola verdik yox, yola saldıq! Urvatlı, layiq olduğu və layiq bilindiyi bir törənlə, mədəniyyətimizin paytaxtında, qürurumuzun üçrəngli bayrağımız kimi yüksəldiyi müqəddəs məkanda...

Təəssüratlarım… geridə buraxdığımız bir neçə günlük zaman kəsiyinə sığmayacaq qədər tutumludur və nə vaxtsa bütün rəng və çalarlarıyla düşüncəmin süzgəcindən keçib sözlə ifadə olunmayacaq qədər gözəl bir günün hər zərrəsi işıqdan yoğrulan portretinə çevriləcək.

İndisə günümüzü “göy əskiyə” büküb çəkilən zəhməti, verilən əməyi göydən yerə çırpmaq istəyənlərin xəbis xislətindən püskürən zülmət “lava”larını bir neçə abzaslıq yazıyla aydınlatmaq istəyirəm.

Əslində susmaq və reaksiya verməmək də olardı... Sanki heç nə baş verməyib. Amma tarix və gərəkli zaman kəsiyində bəzilərinin yaddaşlarını yeniləmək üçün susmamağı daha uyğun hesab edirəm.

Susmaq isə olmur... Bütün bu neqativ yorur adamı, əzir, ruhunu, içini xışmalayır. Ürəyində “bu da keçər” demək istəyirsən, keçmir. Vallah, billah, keçmir.

Ola bislin ki, “zülmət vulkanları” üçün kinin, küdurətin, qəzəbin, nəhayətsiz aqressiyanın içində nəfəs almaq, ömür sürmək daha rahatdır. Mayaları nifrətdən yoğrulub deyə, sevginin, dostluğun, səmimiyyətin, insanlığın qəniminə çevriliblər... Bilmirəm. Bütün bunlar ehtimallardır. Amma son 20-30 il ərzində yaşadıqlarım, qazandığım təcrübə pisliyin, naqisliyin, paxıllığın, kinin, nifrətin, dünyada yaxşı nə varsa ona qarşı olan naqisliklərin xeyrə qarşı bir an içində birləşə bildiyi gerçəkliyini ortaya qoyur. Adi vaxtlarda bir-birinə qarşı ən qatı düşmən obrazını formalaşdırmağa, dünyadakı bütün eybəcərliklərin yükünü digərinin üzərinə qoymağa çalışanlar, XEYİRİN zühur edəcəyi anda ildırım sürətiylə bir araya gəlir, misli görünməmiş bir həyasızlıqla, ağlagəlməz, fantastik suçlamalarla hücuma keçirlər... Eyni vəziyyət yenidən və yenidən təkrarlanır. Belələrinin immun sistemini hansısa vasitələrlə genetik yaddaşlarına ötürülmüş nifrət, kin, aqressiya təşkil edir və hətta səbəbini dərk etmədikləri şəraitdə belə özünü büruzə verir.

Həzarat, doğrusu, anlaya bilmirəm, nə vaxta qədər görülən işlərin üzərinə kölgə salmaqla, böhtan atmaqla, miqyasından, ölçüsündən asılı olmayaraq, əldə olunan hər hansı bir nəticəni kiçiltməklə, dodaq büzməklə eqonuzu yemləməyə çalışacaqsınız? Bu necə düşüncədir?
"Hamı pisdir, mən yaxşıyam", "hamı qüsurludur, mən idealam" təfəkkürü ilə nə zamana qədər özünüzü aldadacaqsınız?
Əgər hamıdan yaxşısınızsa, idealsınızsa, buyurun, ortaya nümunə qoyun. Amma ölçülən olsun, söz yığını yox.

Allah, Allah...
Kimi dindirirsən dil boğaza qoymur. Bəs, filan əyyamda filan "alçaq dağı" mən yaratmışam. Daha nələr, nələr... O zaman dünəndən tökülüb qalan və hər gün qarşımıza çıxıb bizi əlavə vaxt itkisinə məruz qoyan bu problemlər haradandır? Axı bütün bu problemlər, çatışmazlıqlar yaratdığınız "alçaq dağlar"ın altında qalmalıydı...
Qarabağı ücbaşlı əjdahanın ağzından alanlar belə bu qədər döşünə döymür. Daha doğrusu, döyürlər, amma düşmənin qapısını və ona hər an yenidən gələ biləcəyimizi xatırladırlar. Xalqa, millətə xitabən isə "BİZ" deyirlər, nəinki əldə edilən nəticəni, hətta şəxsi qəhrəmanlıqlarını, fədakarlıqlarını belə bizimlə bölüşürlər.
Mən... Mən... Mən... Hə, sonra?
Yazılara baxıram, İlahi, bu ölkədə media üzrə nə qədər ekspert varmış? Asırlar, kəsirlər, öz arşınlarıyla ölçüb-biçirlər, hökm oxuyurlar... Toparlasan, bütün əsas və köməkçi keyfiyyətlərinin, bacarıqlarının cəmi bir cümləmizin altında qalar, amma dil boğaza qoymurlar. Zəhərlərini tökməyə yer və imkan axtarırlar. Təbriki belə minnətlə yazırlar. Bəs, nə bilim, vicdanı, əqidəsi-filanı... olanları təbrik edirəm. Sonra da baxırsan, 5-10 cümləni yan-yana düzə bilməyən, günü onun-bunun qapısında dilənçiliklə keçən şantajci, böhtançı 5-10 nəfəri işarələyib, onlara mədhiyyə deyir, nə bilim, "fədai", "fədakar", bəşəriyyətə bəlli olmayan hansısa ənənələrin davamçısı, "qızıl tələ", "gümüş torba", Nisgilli Qadınlar, Uğursuz Kişilər ictimai birliklərinin A4 formatlı "media mükafatları"nın laureatı dambadaram dumbadurumzadələri “təbrik edirəm”... yazır.
5-10 kəlmə yazıb bir o qədər "layk" qazanan da, şablon suallara verilən şablon cavabları diktafondan düz-əməlli köçürə bilməyən də, özünə başqa ünvanda yer tapmayıb bir neçə ay hansısa mətbuat orqanında vaxt keçirən, yola verilən də... özünü "media nəhəngi" hesab edir, yıpranmış, tükənmiş obrazını əlahəzrət sözün xidmətçiləriylə - peşəkarlarla eyni tərəziyə qoymağa çalışır. Nə deyim, vallah. Belələrində həyasızlıq, utanmazlıq, abırsızlıq xüsusi fitri istedad səviyyəsinin ən üst həddindədir. Şər, böhtan, yalan, qarayaxma bacarığı da həmçinin...

Bu qədər...

Bütün bunlar keçəcək, şübhəsiz. Əks təqdirdə, mücadilənin heç bir anlamı olmazdı...

Tarixi “Əkinçi” ilə başlayan Milli Mətbuatımızın indi bütün müstəvilərdə bar verən vaxtıdır.

Şuşa və Milli Mətbuat bir-birini tamamlayan anlayışlardır və mədəniyyətimizin paytaxtında keçirilən Beynəlxalq Media Forumu, sözün bütün mənalarında ölkəmizdə, media sahəsində həyata keçirilən islahatların mahiyyətini və hədəflərini əks etdirir.

Media islahatlarının hədəflərindən biri də Milli Mətbuatımızın gerçək simasının dünyaya təqdim olunmasıdır: Milli, pozitiv, intellektual, şəffaf və aydın!

Elçin Mirzəbəyli